KuPS-un futbolçusu Tommi Yiri bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”a qarşı keçirəcəkləri oyundan əvvəl klubun rəsmi saytına açıqlamalar verib.
“Football-plus.az”ın məlumatına görə, yarımmüdafiəçi oyundan gözləntiləri haqda danışıb:
“İlk oyunda çox güc sərf etməli olduq. Ancaq səfər oyununa görə sərfəli nəticə qazandığımızı düşünürəm. Cütün taleyi bu gün həll olunacaq. Əvvəldən sonadək cəsarətli, fəal olmalıyıq. Bilirik ki, “Sabah” Kuopioya müdafiə olunmağa gəlməyib. Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq. VPS üzərində qazandığımız qələbə psixoloji durumumuza müsbət təsir edib. Yorğun deyilik, indi daha enerjiliyik və hər şeyə hazırıq. Azarkeşlərimiz bizə möhtəşəm dəstək göstərir. Bizi bura qədər onların enerjisi gətirib. Daha irəliyə də onlar aparacaqlar”.
Xatırladaq ki, KuPS – “Sabah” oyunu Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.
KƏNAN BAHADIR