Futbol üzrə dünya çempionatında ilk iki həftə arxada qaldı. Təbii ki, turnirlə bağlı maraqlı hadisələrin sayı-hesabı yoxdu. Azərbaycan yığması DÇ-yə qatıla bilmədiyinə görə ölkəmizdə çoxları Türkiyə yığmasına azarkeşlik edirdi. Ancaq “ay-ulduzlular” da ümidləri doğrultmadı. Uğursuzluğa düçar olan qardaş ölkənin yığması kimi, Özbəkistan da qrupda qaldı. DÇ isə öz axarı ilə davam edir.
“Futbol+”in ötən sayında ABŞ-də olan Natiq Nəsirovun təəssüratı ilə tanış olmuşduz. Bu dəfə isə digər həmkarımızla – Anar Şabanoğlu ilə əlaqə saxladıq. O, Kanadada keçirilən oyunları izləyir:
“Mən ardıcıl dördüncü dəfədi mundialdayam. Bura konkret Roderik Millerə görə gəlmişəm. Şükür, onunla bu səviyyədə də görüşdük, danışdıq. Kanada ilk dəfə mundialı qəbul edir. Bura daha çox qış idman növləri, beysbol, basketbol ilə məşhurdu. Amma kanadalıların futbol sevgisi də az deyil. Bunu buradakı Kanada - Bosniya və Hersoqovina açılış matçında daya yaxından hiss etdim. Digər oyunlara da Kanada millisinin forması ilə çoxlu azarkeş gəlir.
Mundial bu ölkənin iki şəhərində - Torontoda və Vankuverdə keçirilir. Hər iki şəhər çox gözəldi. Ümumiyyətlə, bu ölkəni çox bəyəndim. Addımbaşı parklar və hər parkda futbol meydançaları var. Təşkilatçılıqla bağlı da hər şey əladı. Stadionlar da çox yaxşıdı.
Bütün mundiallarda olduğu kimi, burda da möhtəşəm atmosfer var. “Fan Festival” Toronto stadionunun yanında yerləşir. Oyunlardan əvvəl, adətən, ora gedirəm. Kanada - Bosniya və Hersoqovina, Türkiyə - Avstraliya, Panama - Qana, Almaniya – Kot d'İvuar və Panama – Xorvatiya matçlarında oldum.
Azərbaycandan mundiala üç jurnalist rəsmi akkreditasiya alıb. Estafet.az saytının şefi Natiq Nəsirovla Bakıdan Frankfurta kimi birgə gəldik. Ordan o ABŞ-yə getdi, mən Kanadaya. “İdman.biz” saytında çalışan Leyla Eminova isə ABŞ-yə təzə gəlib. Həmkarlarıma da uğurlar arzulayıram. O gün olsun mundialdan Azərbaycan millisinin oyunlarını işıqlandıraq”.
Anar bəy Roderik Millerlə görüşünü ətraflı anlatdı:
“Roderiklə görüşdüm, qısa açıqlama da aldım. Azərbaycan futbolunun tarixinə düşdüyünə görə çox qürurlu olduğunu dedi. "Turan Tovuz"u mundialda təmsil etməyinin onun üçün böyük şərəf olduğunu bildirdi. Panama, təəssüf ki, hər iki oyunda 0:1 uduzdu və qrup mərhələsindən sonra turnirə davam edə bilməyəcək. Amma panamalılar hər oyunda ən azı heç-heçəyə layiq idi.
Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil. Əvvəla, yığmanın heyətindəki futbolçular daha yaxşı klublarda oynayır, daha bahadılar. İkincisi, düşünürəm ki, mundialda iştirakın özü bir futbolçu üçün çox böyük xoşbəxtlikdi. Bu hər kəsə nəsib olmur. Millerin də 34 yaşı var. Karyerası bitmək üzrədi. Bu yaşda karyeraya belə nöqtə qoymaq, yəqin ki, onun ən böyük arzusu olub”.
Bizi maraqlandıran məqamlardan biri də azərbaycanlı azarkeşlərin DÇ-nin keçirildiyi şəhərərdə görünüb-görünməməsidi. Anar bəylə bu haqda da danışdıq:
“Azərbaycanlı azarkeşləri gördüm. Məni Torontoda "Neftçi" azarkeşi Elnur Vəliyev qarşıladı. Dərhal Ceyhun Əzizli ilə görüntülü danışdırdım. Əvvəllər onlar "UltraNeftçi"ni bir yerdə yaradıblar. Elnur çox tərbiyəli, qabiliyyətli, qanacaqlı insandı, 10 ildi burda yaşayır. Sağ olsun, gəldiyim gündən burda mənə çox böyük diqqət göstərir. Türkiyə - Avstraliya oyununa getdiyim Vankuverə isə tanınmış "Qarabağ" azarkeşi, Bostonda yaşayan Alik Adamson da gəlmişdi. Aliklə Avropada bir neçə dəfə görüşmüşük. O da çox yaxşı oğlandı. Vankuverdə başqa azərbaycanlılar da Türkiyənin oyununa gəlmişdi. Onları Türkiyə millisinin azarkeşlərinin bir yerə toplaşdığı parkda gördük. Alik məndən Azərbaycan bayrağı gətirməyi xahiş etmişdi. Onun kürəyində bayrağımızı görən azərbaycanlılar, türkiyəli qardaşlarımız yaxınlaşırdı. Türk azarkeşlər azərbaycanlıları orda görməkdən çox duyğulandıqlarını dedilər. Tribunalarda çoxlu Azərbaycan bayrağı vardı. Ümumiyyətlə, Kanadada azərbaycanlı çoxdu. Elnurun vasitəsilə onların bəzilərini tanıdım. Gözəl insanlardı. İndi onlardan Vüqar Qənbərov ilə Nəbi Nəbiyev birgə məni qonaq dəvət etdilər. Vüqar bəy əla kabab çəkirmiş, indi də məni Toronto şəhərinin də daxil olduğu Ontario bölgəsinin Niaqara şəlaləsinə aparır. Dayım Yaşar Hacıyev də Toronto yaxınlığında yerləşən Mississauqada yaşayır. Onu və ailəsini uzun müddət idi görmürdüm. Şükür, fürsət düşdü, görüşdük. Futbol, futzal camiəsinin tanıdığı, uzun illərdi Torontoya köçmüş Elnur Qəmbərovla da görüşdük. Hamısı sağ olsun! Açığı, soydaşlarımızın səmimiyyəti, qayğıkeşliyi, diqqəti məni yaxşı mənada təəccübləndirdi. Bu səfərimdə mənə dəstək olan bütün dostlara dərin təşəkkürümü bildirirəm”.
İSRAYIL XEYRULLAYEV