Misli premyer-liqasından futbol üzrə dünya çempionatına yollanmağa iki namizəd var idi. Bunlardan biri “Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyev idi. Amma Özbəkistan yığmasının ünlü baş məşqçisi Fabio Kannavaro nə düşündüsə, məhz Umaralini 26 nəfərli yekun siyahıdan çıxardı. Özbəkistan yığmasının mundialındakı oyunlarını izləyənlər, yəqin ki, Raxmonaliyevin yoxluğunu hiss edir. Bu öz yerində.
İş ondadı ki, çempionatımızın DÇ-dəki yeganə təmsilçisi Roderik Miller də şans qazanmır. Panama yığması turnirdə keçirdiyi ilk iki oyunda uduzub. Həm Qanaya, həm də Xorvatiyaya 0:1 hesabıyla. Amma yığmanın baş məşqçisi Tomas Kristiansen iki oyunun heç birində “Turan Tovuz”un müdafiəçisinə ehtiyac duymayıb. Danimarkalı mütəxəssis bu oyunların hər birində dörd dəyişiklik edib. Halbuki limit 5-di, asanlıqla daha bir oyunçuya şans verə, DÇ həyəcanı yaşada, müsəlmancasına yanaşsaq, savab qazana bilərdi. Amma etmədi. Panama yığması artıq pley-off şansını itirdiyindən bəlkə də son oyunda Roderikə şans verələr... Və daha bir məqam: qapıçı ilə bağlı məsələ aydındı, adətən, baş məşqçilər bu mövqedə rotasiya etməyi xoşlamırlar, yəni Kristiansen hər iki oyunda Moskeraya güvənib. Qalan 23 futbolçudan yalnız yeddisi heç şans qazanmayıb ki, biri də Millerdi.
Hərçənd 34 yaşlı Miller dünənin uşağı deyil. İndiyə qədər milli komandada 50 oyun keçirib, iki qol vurub. Odu ki, adamın ürəyindən Panama yığmasının baş məşqçisinə məhz belə ifadə ünvanlamaq keçir: aparıbsansa, oynat! Oynatmırsansa, niyə aparıbsan?
ORXAN