Mövsümlərarası fasilədə 18 futbolçu ilə yollarını ayıran, iki oyunçu ilə müqavilə müddətini artıran “Şamaxı” indiyə qədər cəmi 4 transfer edib. “Şirlər” “Karvan-Yevlax”dan Emin Rüstəmovla Uğur Cahangirovu, “Qəbələ”dən Ceyhun Bağırzadəni, “Sumqayıt”dan Sənan Muradlını heyətinə qatıb. Əlbəttə, xeyli ayrılığın fonunda bu say yetərincə azdı. Üstəlik 7 legionerin gedişinə rəğmən, hələ əcnəbi futbolçu alınmayıb.
Bəs, durğunluğun səbəbi nədi? Bəlkə komanda heyətin formalaşdırılması prosesində ciddi problemlərlə üzləşib?
Bu suallarla bölgə təmsilçisinin idman direktoru Kamran İsmayılova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“İş plan üzrə gedir. Müəyyən qədər irəliləmişik. Hansısa transferi açıqlamamağımız istirahət etdiyimizi deməyə əsas vermir. Danışıqlar davam edir. Sadəcə, bəzən alınır, bəzən alınmır. İmkan daxilində yaxşı komanda formalaşdırmağa çalışırıq. Əvvəlki mövsümlərdən daha güclü olub-olmayacağını isə zaman göstərəcək. Təbii ki, istər daxili, istərsə də xarici bazarda müəyyən problemlərlə rastlaşırıq. Ancaq bunlar bizim kimi məhdud büdcəli klublar üçün adi haldı. Qeyri-adi nəsə yoxdu. Onu da düşünmürəm ki, legioner limitinin ləğvi yerli futbolçuların keçidiylə bağlı məsələlərə mənfi təsir edib. Yerli oyunçularla da anlaşmağa çalışırıq. Məlum olduğu kimi, premyer-liqda legioner sayıyla bağlı rüsumlar var. Bu qaydalara da riayət etməliyik. İnşallah, qarşıdakı günlərdə yeni transferlər olacaq”.
KƏNAN BAHADIR