Çerışevi ələ salan, Akinfeyevi söyən və oyunu qoyub çimməyə gedən azarkeşlər...
Antalya... Avropalıların və postsovet məkanı ölkələrində yaşayanların dillər əzbəri olan möhtəşəm şəhər. Xüsusilə azərbaycanlıların dincəlməsi üçün hər cəhətdən sərfəli olan qardaş ölkənin ən böyük və məşhur kurort şəhərinə ilk belə səfərim idi. Düzdü, buna qədər “Neftçi”, “Simurq” və PFL-in təşkilatçılığı ilə yolum ora düşsə də, qış aylarına təsadüf etdiyindən, Antalya sözündəki ləzzəti doyunca çıxara bilməmişdim. Lakin budəfəki birhəftəlik istirahətdən ləzzət ala bildim. Ora gedənlər bilər, bir həftə yox, bir ay da qalsan, “doyunca” sözünü dilə gətirmək, sadəcə, mümkünsüzdü. Təsəllidən başqa bir şey deyil.
Əlqərəz, yedik-içdik, gəzdik, yeni tanışlıqlara şahidlik etdik. Qısa deyim, bir həftə də olsa, insan övladı kimi yaşamağın həzzini çıxardıq. Bunları qeyd etməkdə məqsədim istirahətin detallarından bəhs etmək deyil. Nə Antalyanı reklam etmək, nə də kiməsə gözdağı vermək fikrindəyəm. 10 ildi məşğul olduğum iş yazı-pozu olduğundan, cızma-qara etməsəm, olmur.
Məskunlaşdığımız oteldə bir Amerika qitəsindən, bir də Avstraliyadan olanlara rast gəlmədim. Təxminən 700 nəfər qonağın arasında hər rəngdə, hər düşüncədə olanlar vardı. Təbii, futbol azarkeşləri də. Səfərim 19-26 iyun aralığına, yəni Rusiyada keçirilən dünya çempionatının qrup oyunlarının qızğın vaxtına təsadüf etdiyindən, oyun saatlarında hovuzun kənarında, dənizin sahilində, yeməkxanada, nə bilim, lobbidə, dəhlizdə kişi cinsinin nümayəndələri yox dərəcəsində azlıq təşkil edirdi. Birinci mərtəbədəki zalda yerləşdirilən iri həcmli televizor qonaqların ixtiyarına verilmişdi. Rahat kreslo və divanlar, pulsuz spirtli içkilər və aydın məsələ ki, kefikök futbol azarkeşləri.
Oteldəki qonaqların çoxu Rusiya, Ukrayna və Qazaxıstandan olduğundan, əsas diqqətin Rusiya millisinə olmasına təəccüblü deyildi. “MC Arancia”ya ayaq basdığım günün axşamı Rusiya Misirlə qarşılaşırdı. Dediyim həmin zal və 100-ə yaxın futbolsevər. Oyundan əvvəl Stanislav Çerçesovun rəhbərlik etdiyi komandanın rahat qələbə qazanacağına inananların sayı yox dərəcəsində idi. Yanımda dayanan və Sankt-Peterburqdan olan turistin konkret nəyi nəzərdə tutduğunu bilməsəm də, Çerçesovlu millidən nəsə gözləməyin artıq olduğunu yanındakılara inandırmağa çalışırdı. Bir onu başa düşdüm ki, təcrübəli futbolçu sərt xarakterə malik olduğundan, futbolçuların çoxu ondan narazıdı və düşərgədə vəziyyət istənilən cür deyil. Avtoqol, ardınca Çerışevlə Dzyubanın qolları Rusiyanı dəstəkləyənləri ayağa qaldırsa da, zaldakı insanların arasında sanki gözəgörünməz “bu necə baş verdi” sualı gəzişirdi. Paraqvaylı hakimin final fitindən sonra oteldəki mənzərəni izah etməyim üçün videogörüntü lazımdı ki, onu da qəzet səhifəsinə yerləşdirmək olmur. Biri “vatsap” vasitəsilə nəticəni maraqla gözləyən xanımını yanına çağırır, digəri azyaşlı övladını boynuna qaldırıb sanki lotoreyada mənzil udubmuş kimi sevinirdi. Adamların amfiteatrdakı səhnəciyə tələsdiklərini görən ortayaşlı birinin müraciəti isə sevincdən yaranan gərginliyi bir az da artırdı: “qələbə istəmirdiz? Bu da sizə qələbə. Haydi, bunu oteldə yox, şəhərdə qeyd edək”. Söz verilən vaxtda və yerdə yığışıb qələbəni bayram etməyə, müxtəlif xalqların nümayəndələrinə eşitdirməyə getdilər. Ondan sonra nə baş verdi, bax, onu deyə bilməyəcəm. Çünki qarşımda əsas məqsəd – “Arancia” ilə tanış olmaq və yol yorğunluğunu canımdan çıxarmaq dayanmışdı.
25 iyun... Oteldəki son günüm. Eləcə də Rusiya yığmasının qrupdakı son oyunu. Bir tərəfdə Kavanili, Suaresli Uruqvay yığması, digər tərəfdə iki2 oyunda rəqib qapılarından 8 top keçirmiş, həm də dünya çempionatına evsahibliyi edən ölkənin yığması. Reallıq içdən gələn hisslərin qarşısında baş əymək məcburiyyətində qalmışdı. Belə ki, hər kəs Rusiyanın növbəti qələbəsindən danışır, bunu da əvvəlki qələbələrin gətirdiyi özünəinamla bağlayırdılar. Rusiyalı futbolsevərlər gün ərzində qarşısına çıxanlara yerli saatla saat 5-də məlum oyunun olacağını bildirir, pivə bokallarının “canını çıxarıb” özlərini deyilən vaxta hazırlayırdılar. Misirlə oyun vaxtı təxminən 2 saat ayaqüstə qaldığımdan, bu dəfə özümə yer məşğul etmək üçün 35 dəqiqə əvvəldən zala ayaq basdım. Oturmaq nədi, heç ayaq üstə durmağa da yox idi. Artıq ilk 10 dəqiqə ərzində proqnozlar tərsinə çevrilməyə başladı. Biri arxayınlığın Rusiyanın axırına çıxdığını deyir, digəri futbolçuların özlərini göylə apardığını söyləyir, bir başqası Rusiyanın 3 oyunda qələbə qazanmasının böyük şübhələrə yol açacağını əsas gətirib, sevimli komandalarının bu oyunda məğlub olacağını iddia edirdi. Suaresin cərimə zərbəsindən vurduğu qol zaldakıları şoka salsa da, videotəkrardan sonra Akinfeyevi söylənlərin səsi aləmi bürüdü. “Sənə əlcək geydirib, qapıya qoyanın ...” – bu sözləri işlədən yaşlı kişi yerə tüpürüb çimməyə yollandı.
Hesabın bərabərləşəcəyinə ümid edənlər 23-cü dəqiqədə qapısında növbəti qolu gördü. Böyük ümidlər bəslənən Çerışevin avtoqol müəllifi olması yenə böyük narazılığa səbəb oldu. “Çerışevdən qol gözləyirdiz? Baxın, nə gözəl qol vurdu. Tipik rus təfəkkürü, ötən oyun rəqib qapısına, bu dəfə öz qapına. Normaldı” - bu isə Qazaxıstandan olan azarkeşin dedikləri idi. Çoxu onunla razılaşdı.
“Çerışev də Akinfeyevin yığmadan getməsi üçün əlindən gələni edir, amma bu murdar qolkiper qapıdan ikiəlli yapışıb” deyib üsyan edən azarkeş az öncə hovuza yollanan kişinin etdiyini etmədi. Divara yumruq vurub zalı tərk etdi, az sonra əlindəki pivə bokalları ilə qayıtdı. Smolnikovun qırmızı vərəqə almasından sonra Rusiyadakı oyun davam etsə də, oteldəki “oyun” başa çatdı. Hətta idmançı bədənli içkili biri özündə cürət tapıb televizoru söndürməyə də imkan tapdı. Kiçik narazılıqdan sonra televizor işə düşsə də, zaldakıların sayı 10-dan artıq deyildi.
Uruqvayla görüşdən sonra Rusiyanı dəstəkləyənlər Çerçesovun komandasının 1/8 finalda darmadağın olacağını çəkinmədən söyləyir, Uruqvay kimi ortababla qarşılaşmada ayaqları əsən futbolçuların özlərinə başqa məşğuliyyət tapmasının vacibliyindən bəhs edirdilər. Hətta aralarında birinin “sizə hokkey, basketbol yaraşır, futbolu qoy bacaranlar oynasın” söyləməsi yanındakıların təsdiqi ilə nəticələndi. Və beləcə, Rusiya qrup səddini aşsa da, adamların bu komandaya inamı yox dərəcəsində idi. Vallah, adam elə azarkeşlərə baxanda özününkülərə şükr edir...
HƏBİB