"Sumqayıt" Misli premyer-liqasının 35-ci turunda səfərdə "Sabah"a 2:0 hesabı ilə məğlub olub.
“Football-plus.az” xəbər verir ki, "kimyaçılar”ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbiuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Nə fikir bildirək? Bir oyunumuz qaldı, ona hazırlaşacağıq. Sonuncu mərhələdəyik. Əlimizdən gələni etməyə çalışacağıq”.
– Yenə “Sabah”, yenə Murad Xaçayev. Bu dəfə də avtoqolla yadda qaldı…– Nə edək? Əlbəttə, təsadüfdü. Oyunçuların səhv etməyi normaldı. Üst-üstə bir oyunçunun etməsi bitəhər görsənir. Amma insanlar da robot deyil, səhv edib, canı sağ olsun.
– “Sabah”a oyun baxımından geri qalmadız. Amma oyunçu keyfiyyətində geri qaldınız…– Əlbəttə, keyfiyyət fərqi oldu. Masa üstündə qoyulan pullar ortadadı. Keyfiyyətdə fərqin olması normaldı. Keyfiyyətdə onlara uduzduq. Yeni komanda qurmaq istəyirik, gələcəyə nikbin baxmaq istəyən komandayıq və bəzi şeyləri təcrübədən keçiririk. Hər oyun siqnaldı. “Sabah” üçün də oyun çox vacib idi. Yaxşı ajiotaj yaratmışdılar, meydançaya azarkeşləri də cəlb edə bildilər. İndidən belə şeylərə hazırlıqlı olmalıyıq. Gələcəkdə avrokuboklarda olsaq, böyük atmosferlərə necə öyrəşəcəyik? Bunlar bizimçün faydadı. İndidən təcrübəni qazanmaq xeyrimizədi. Oyun baş məşqçi kimi mənim üçün də faydalı oldu. Baxdım ki, hansı futbolçular psixoloji baryeri aşa bilmir. Belə oyunçularla keyfiyyət bir yana, heç futbol oynamaq olmaz. Birinci hissədə hesaba uyğun oyun qurmağa çalışırdıq. Fasilədən sonra dəyişdik və rəqibi də üstələdik, onları əks-hücumlara məcbur etdik. Hər şey yaxşıdı, futbolçularımı da əzmkarlıqlarına görə təbrik edirəm. Uduzmağa gəlmədiyimizi göstərdik.
– Bugünkü fərdi səhvlərdən sonra son oyun öncəsi qorxunuz artmayıb?– Nə olacaqsa, olacaq. Rahatam, komandamı da buna çağırıram. “Qəbələ”yə də uduzsaq, faciə olmayacaq. Avrokubok zonasında varıqsa, deməli yaxşı işlər görmüşük. Avrokuboklara gedə bilməsək, üzülməyəcəyik. Daha yaxşı olmaq üçün keyfiyyətli oyunçulara ehtiyac var.
– Rəhbərlik müzakirələriniz olubmu ki, qışda transferlərin olmamasının təsiri var?– Artıq bu haqda danışmaqdan yoruldum. Rəhbərlikdən soruşun. Baş məşqçi kimi mənim komandamın avrokubok zonasında olmaq xoşdu. Heç nə itməyib, itsə də, çox məyus olmamağa çalışacağıq. Yaxşı işlər görmüşük. Oyunun qırılma anı Rövlan Muradovun zədələnməsi idi. İl ərzində eyni oyunçu ilə oynayırsansa, bunları nəzərə almalısan. Reallığı qəbul edir, təcrübə yığırıq. Daha yaxşısını etməyə çalışacağıq.
– Taleyiniz öz əlinizdədi?– Xeyr, “Qəbələ”nin. Bizə məğlub olsalar, avrokuboklara gedəcəyik.
– Abu Dossonun oyununu qiymətləndirərdiniz…– Sıfır.
– Son məğlubiyyətiniz “Sabah”a olmuşdu, sonra 7 məğlubiyyətsiz oyun keçdi. Bu gün yenə seriyanı “Sabah” qırdı…– “Sabah”la 4 oyunun 1-ni biz udmuşduq. Oyundan öncə ajiotaj var idi. Təkrarlayıram, bunlar təcrübədi. Futbolçular psixoloji baryeri keçməli idi. Bəzilərində alındı, bəzilərində yox. Son iki oyunda “Sabah”dan geri qalmadıq. Bu da oyunumuzla əlaqədardı. Sabah mətbuat konfranslarında “Sabah”dan yaxşı idik eşitmək istəyirsizsə, yaxşı, keyfiyyətli oyunçular lazımdı. Oyunumuza güvənirik, ancaq keyfiyyət də lazımdı.
– İnqilab Məmmədovun idarəçiliyini necə dəyərləndirirsiniz?– Həmişə mətbuat konfranslarında nə üçün bizi danışdırırsınız? Hakimlər nə etsin? Onlar da nəsə etməlidi. Üç oyunun ikisinə əcnəbi, birinə yerli VAR hakimi gəldi? Nə üçün Tovuza əcnəbi VAR hakimi getmədi? Hakimliyə görə uduzmadıq. Sadəcə bu referi məsələsini kənara qoyun, hər şey bəllidi.