“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
Bu dəfə Xanlar Əliyevlə həmsöhbət olmuşuq. Xanlar bəy həm uşaq, həm də qadın futbolu sahəsində çalışıb. Ona görə də hər iki sahənin özəllikləri, eləcə də problemləri ilə yaxından tanışdı. Bu səbəbdən də onunla söhbətimiz xeyli əhatəli və maraqlı alındı.
- Xanlar bəy, əvvəlcə sizi oxucularımıza daha yaxından tanıdaq. Özünüz haqqında məlumat verin. Futbolla tanışlığınız necə başladı, ilk məşqçiniz kim oldu, hansı klublarda oynamısız?
- 38 yaşım var, futbolla məşğul olmağa 12 yaşımdan başlamışam. Bakıxanov qəsəbəsində yerləşən İsmət Qayıbov adına stadionda Tofiq müəllimin “Ay-ulduz” komandası var idi. Mən futbola ilk addımlarımı orda atmışam. Üç il “Ay-ulduz”da oynadım, sonra “Ədliyyə”yə baxışa yollandım və komandaya seçildim. Həmin vaxt “Ədliyyə” Azərbaycanda Həvəskarlarlar arasında çempionatın qalibi olmuşdu. Yəqin ki, sizin də yadınızda olar. Həmin vaxt, yəni 2002-ci ildə Azərbaycan futbolunda böhran var idi, çempionat keçirilmirdi. Yoldaşlıq görüşlərində oynadıq, eləcə də müxtəlif turnirlər keçirilirdi, orda çıxış edirdik. 16 yaşında gənc futbolçu kimi həmin turnirlərdə “Neftçi”, “Şəfa”, “Xəzər Universiteti” kimi komandalara qarşı oyunlara çıxmışam. Növbəti il çempionat bərpa olundu. Amma mənim təcrübəm yetərli deyildi, ona görə də “Ədliyyə”dən ayrıldım. İlyarım Canbaxış müəllimin komandasında çıxış etdim. Sonra yenidən “Ədliyyə”yə qayıtdım, həmin vaxt komanda aşağı diviziona düşmüşdü. Mən isə 19 yaşımda hərbi xidmətə yollandım. Əsgərlikdən qayıdandan sonra artıq formamı bərpa etmək çətin oldu, ona görə də aktiv futbolçu karyeramı bitirdim.

- Məşqçilik fəaliyyətinə keçid necə alındı? Hansı klublarda çalışmışız? İndiki işinizlə bağlı nə deyə bilərsiz?
- 2013-cü ildə AFFA-nın keçirdiyi məşqçi kurslarına qatıldım, C kateqoriyasına yiyələndim. Elə həmin ildən də məşqçiliklə məşğul olmağa başladım. Əhmədli qəsəbəsində “Əhmədli Yunayted” adlı qızlardan ibarət komanda yaratdıq, qadın futbolu sahəsində fəaliyyət göstərirdik. U-12, U-13 liqalarında qadınlar arasında mübarizə aparırdıq, mən də məşqçi kimi yeni təcrübə qazanırdım. Yeri gəlmişkən, həmin komanda Əhmədlidə indiyə kimi qalır. 2016/17-ci ildə isə Həvəskarlar Liqasında mübarizə aparan “Tufan” futbol klubunda çalışdım. 2017/18 mövsümündə “Zirə” futbol akademiyasında U-14 komandasını çalışdırdım. Sonra isə “Səbail”dən təklif gəldi. U-19 komandasında Siyasət Əsgərovin köməkçisi kimi işə başladım. Ondan sonrakı 4 ildə “Səbail”də müxtəlif yaş qruplarında məşqçi kimi bilik və bacarığımı uşaqlara öyrətməyə çalışdım. “Səbail”in U-12, U-14, U-15 komandalarında baş məşqçi kimi, əvəzedicilərdə isə köməkçi kimi çalışmışam. 2022-ci ildə qızlardan ibarət U-15 milli komandasından təklif aldım və qəbul etdim. Növbəti ilyarımı orda işlədim. Müqaviləmin müddəti bitəndən sonra “Baku Juniors” futbol klubunun qızlar komandasına gəldim, bir müddətdi burdayam.
- Bizim əsas mövzumuz uşaq futboludu. Siz Azərbaycanda uşaq futbolunun hazırkı vəziyyətini necə qiymətləndirirsiz? Hansı problemlərimiz var ki, onları həll etməliyik?
- Uşaq futbolu çox spesifik sahədi, buna diqqətlə yanaşmalıyıq. Ümumi olaraq deyə bilərəm ki, bizim yetərincə istedadlı futbolçularımız var. “İstedadlı uşaqlar yoxdu” deyə bilmərik. Özüm də həm “Zirə”də, həm də “Səbail”də işləyərkən liqaları yaxından izləyirdim, istedadlı uşaqları görürdüm. İndi də AFFA-nın kurslarında çalışıram, C kateqoriyası üzrə dərslərdə iştirak edirəm. C kateqoriyası 12 yaşa qədər işləməyə icazə verir. Ona görə də işimlə bağlı U-12 liqasını izləyirəm, mütəxəssislərin məşqlərinə, liqanın oyunlarına gedirəm. Orda da görürəm ki, yetərincə istedadlı uşaqlar var. Bu sahədə əsas diqqət yetirməli olduğumuz məqam məşqçilərin maariflənməsidi. Yenə deyirəm, uşaq yaşlarında həm kütləvilik, həm də istedadların sayı yetərincədi. Sadəcə, müəyyən yaşdan sonra kəsilmələr olur. 15-16 yaşdan sonra uşaqlar o səviyyədə davam edə bilmir. Bunda həm də infrastrukturun yetərli olmaması rol oynayır. Eyni zamanda da məşqçilərimizin maariflənmə səviyyəsi artırılmalıdı. Bizə sözün əsl mənasında savadlı məşqçilər lazımdı ki, yaxşı futbolçular yetişdirə bilək. Uşaqların istedadı baxımından qonşu ölkələrdən geri qalmırıq.

- Uşaq futbolu ilə yanaşı, qadın futboluna da yetərincə bələdsiz. Qadın futbolu barədə nə deyə bilərsiz? Bu sahənin inkişafı necə gedir? Hansı problemlərlə qarşılaşırıq?
- On ilə yaxındı qadın futbolundayam. Bu sahədə də yetərincə təcrübə qazanmışam. Aşağı yaş qrupları ilə yetərincə iş təcrübəm olub. İndi 10 il geriyə nəzər salıb, müqayisə aparanda görürəm ki, əməlli-başlı inkişaf var. İlk başda kütləviliklə bağlı ciddi problemlərimiz var idi. Qızları futbola gətirməyə çətinlik çəkirdik. Bunun da mental dəyərlərlə bağlı olması şübhə doğurmur. Valideynləri maarifləndirmək bizim üçün əlavə iş idi. Onları inandırmalıydıq ki, qızlar da futbol oynaya bilirlər, onlara bu imkanı yaratmalıyıq. Kütləvilik olmadığından keyfiyyət də xeyli aşağı idi. O dönəmdə ildə bir nəfər istedadlı qız üzə çıxanda, komandaya beləsi gələndə sevinirdik. U-15 millisində çalışdım, seleksiya məqsədi ilə bütün bölgələrə gedirdim. İndi əməlli-başlı seçim imkanı var, istedadlar çoxdu. U-14 liqasının oyunlarına baxsaz, görərsiz ki, atalar qızlarını futbola gətirirlər, onların oyunlarını həyəcanla izləyirlər. Bu da çox sevindirici haldı, inkişafın göstəricidi. Bilirsiz ki, qadınlardan ibarət A millimiz UEFA-nın ilk dəfə təşkil etdiyi Millətlər Liqasında öz qrupunu məğlubiyyətsiz tamamladı, C divizionundan B divizionuna yüksəldik. Bu da Siyasət Əsgərovun çalışdırdığı komandanın böyük uğuru idi. Millimizin üzvlərinin əksəriyyəti legioner həyatı yaşayır, Rusiyada, Türkiyədə, Qazaxıstanda, Yunanıstanda futbol oynayır. Bu məqamın özü də sevindirici haldı. Gələcəkdə daha yaxşı olacağına inanıram.

- Uzun müddət uşaq futbolunda çalışmısız. Uşaqların istedadını, məşqlərə yanaşmasını yaxşı bilirsiz. Bizi gələcəkdə nə gözləyir?
- Bu sualınızla bağlı onu deyə bilərəm ki, istedadlarımız yetərincədi. Az əvvəl də bunu qeyd etdim, təkrarçılıq olmasın. Aşağı yaş qrupları üzrə liqaların oyunlarına baxarkən bunu görmək mümkündü. Mənim mövqeyim belədi ki, bu işi daha uğurla həyata keçirmək üçün uşaqlardan daha çox məşqçilərin inkişafına çalışmalı, onları maarifləndirməliyik. Nə qədər çox yaxşı mütəxəssisimiz olsa, o qədər də yaxşı futbolçular üzə çıxara bilərik. Bilirsiz ki, 1-ci liqa, 2-ci liqa yaradılıb, əvəzedicilərin də özünün ayrıca çempionatı keçirilir. İnfrastruktur da buna müvafiq olaraq inkişaf etməlidi. Stadionların azlığı problem yaradır. Yetərincə stadionumuz olsun, məşqlərin və oyunların da sayı bununla paralel şəkildə artacaq. Bu mənada əsas iş uşaqlardan daha çox böyüklərin üzərinə düşür.
AMAL ABUŞOVYazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.