Bir neçə gün öncə PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevlə müsahibənin 1-ci hissəsini diqqətinizə çatdırmışdıq.
Qurum rəsmisi ilə 2023/24 mövsümünün əsasnaməsini dəyərləndirmişdik. Oxucuların maraqla qarşıladığı müsahibənin ikinci hissəsini təqdim edirik.
“Suni maneə yaratmaq lazım deyil”
- “Yarışların yeri və təşkilati məsələlər” maddəsinin 4-cü bəndində belə qayda var: “Meydan sahibi komanda stadionda reklam löhvələrinin təchiz olunmasına cavabdehdi. Bunların 25 faizi PFL-ə məxsusdu”. Belə başa düşdüm ki, reklam löhvələrinə görə də qurum klublara hansısa ödəniş etməyəcək...
- Bu qayda uzun müddətdi əsasnamədə var. Orda öz sosial şəbəkə hesablarımızı yerləşdiririk. Premyer-liqanın sponsoru olanda həmin şirkətin banerlərindən istifadə edirik. Yenə deyirəm, həmin tərəfdaşlıqlardan böyük məbləğlər əldə etmirik. İnşallah, gələcəkdə belə müqavilələr bağlayarıq. Bu zaman çalışarıq ki, klublara pul verək. Yadınıza gəlirsə, əvvəlki mövsümlərdə büdcəmizdə pul olanda medalçılara mükafat verirdik. Birinci yerə 150, ikinciyə 100, üçüncüyə 70 min ödəniş edirdik. Kubokun finalçısına, qalibinə mükafat verirdik. Çünki maliyyəmiz yaxşı idi. Əvvəlcədən bilirdik ki, nələrə pul xərcləyəcəyik. Əlavə vəsaiti klublara verirdik. İndi maliyyə sabitiyimiz var. Amma artıq pulumuz yoxdu.
- 9-cu maddənin 4-cü bəndində başqa qayda diqqətimizi çəkdi: “Tələb olunarsa, müvafiq məbləğ qarşılığında qonaq komanda azarkeşləri üçün stadionun tutumunun 20 faizi qədər bilet ayrılmalıdı”. Bu, səhv etmirəmsə, əvvəllər 10 faiz idi. Bu mövsüm dəyişiklik olub.
- Əvvəllər 4 faiz idi. Onda “Xəzər Lənkəran”, “Bakı” çempionatda çıxış edirdi. Onların da azarkeşləri çox idi. Meydan sahibi komandanın 10 min tutumluq stadionu var idi. Məsələn, “Xəzər Lənkəran”a deyirdilər ki, əsasnamədə qeyd olunan qaydada sənə 400 bilet verəcəm. Cənublular da etiraz edirdi ki, oyuna biz tərəfdən azı min azarkeş gələcək. Meydan sahibləri də deyirdi ki, mənim nəyimə lazımdı. Bu səbəbdən də bu qaydanı dəyişdik. Rəqib azarkeşə arenanın tutumunun 20 faizi qədər yer verdik. İstəyirdik ki, gələn adamlar çöldə qalmasınlar.
- Bəzi klub nümayəndələrinə müraciət edəndə 10 faiz deyirdilər...
- Onlar rəqib komandanın azarkeşlərinin stadiona gəlməsinin tərəfdarı deyillər. Belə çıxır ki, onun fanatı digərindən azdı. Burda başqa məqsəd ola bilməz. Belə şeyi fikirləşməkdənsə, azarkeş marağını artırmaq üçün nəsə etsələr, daha yaxşı olar. Suni maneə yaratmaq lazım deyil. Bu gün biz hər şey etməliyik ki, insanlar stadionlara gəlsinlər.
- 9-cu maddədə qeyri-müəyyənliklər çoxdu. Elə 5-ci bənddə belə qayda var: “Polis əməkdaşları, Təcili Tibbi Yardım və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları xidməti maşınlarla oyunun təyin olunmuş vaxtına qədər stadiona gəlməzsə, AFFA nümayəndəsi qarşılaşmanın başlamasına icazə verməməlidi”. Bu qayda təkcə premyer-liqaya aiddi. Düşünürsüz ki, 1-ci liqada oyunlar zamanı yanğın hadisəsi baş verə bilməz?
- Əslində bu kütlə üçün hesablanmış bir şeydi. Bəzən klublar Dövlət Yanğından Mühafizə Xidmətinin maşınını tapa bilmirdilər. Bəzi şəhərlərdə bu qurum üçün az sayda nəqliyyat vasitəsi ayırıblar. Bakıda problem olmurdu. Biz də araşdırdıq və gördük ki, bu, oyunun keçirilməsinə problem yaratmır. Lakin yanğın şiti mütləq şəkildə stadionda olmalıdı. Hansısa təhlükə olarsa, təcili müdaxilə edilməlidi. Düzdü, ehtimal azdı. Amma mütləq şəkildə yanğın balonu arenada olmalıdı. Yanğın ehtimalı ötən mövsüm Zirədə olub. Hər mövsüm ancaq premyer-liqada bir neçə dəfə problem olub. Divizionda isə belə hadisə heç yaşanmayıb.
- Belə düşünmüsüz ki, işıqlandırma sistemi və projektorlar olmayan arenalarda yanğınsöndürən maşınlara ehtiyac yoxdu. Çünki yağış və ya qar yağarkən ancaq belə stadionlarda problem yaşana bilər.
- Bir də kütləni nəzərə almışıq. Azarkeşlər daha çox premyer-liqa matçlarına gəlirlər. Bu mövsüm 1-ci liqa ilə əvəzedicilər ayrılır. Görsək ki, bu məsələdə problem yaşayırıq, o zaman yenidən əsasnaməyə əlavə edəcəyik. Bununla bağlı belə bir lətifə də var: “Yanğınsöndürən maşın oyuna gəlməyib. AFFA nümayəndəsi deyib ki, qarşılaşma başlaya bilməz. Klub rəsmilərindən biri deyib ki, neynirsən e, onsuz da yağış yağır” (gülür). Belə məsələlərdə çalışırıq ki, klublar da çox narahatlıq yaşamasın. Yenə deyirəm, bu mövsüm 1-ci liqanı izləyəcəyik. Görsək ki, problem var, bu məqamı əsasnaməyə əlavə edəcəyik.
“Diktorun durmadan səs etməsi rəqib azarkeşlərdə qıcıq oyada bilər”
- Qaydalara baxanda dəyişikliklərin olmadığını görməmək mümkün deyil. 9-cu maddənin 8-ci bəndinə fikir verək: “Oyun zamanı (fasilə istisna olmaqla) stadiondakı səs-küyün qarşısı alınmalıdı. Qol zamanı musiqi səslənərsə, bu, hakimin oyunu bərpa fitinə qədər dayandırılmalıdı. Oyunun gedişində xüsusi səsgücləndirici ilə azarkeşlərin səsinin stadionda verilməsi qadağandı”. Futbol yarışlarında görürük ki, hakim oyunu bərpa etsə də, diktor və ya azarkeş qruplarının rəhbərləri futbolçunun adını yüksək səslə səsləndirir, fanatlar ona qoşulur. Bu qaydanı tərtib edərək nə əldə edəcəksiz?
- Bilirsiz ki, hər bir komandanın qol musiqisi var. Hətta onu sponsorlara da satırlar. Oyunun bərpasına kimi bunu ona görə istəmişik ki, hakimin fiti eşidilsin. Hətta bu müddətdə oyunçunun adını da deyə bilərlər. Onsuz da futbolçu hardasa 30-40 saniyə sevinir. Əlavə səsgücləndirici məsələsinə gəlincə, yadınıza gəlirsə, pandemiya vaxtı stadionlar boş idi. Komandalar azarkeşlərin səsindən istifadə edirdilər. Bu pis səslərdi. Bundan maksimum istifadə etmək insan sağlamlığına zərər vura bilər. Təbii səslə süninin arasında fərq var. Hətta Türkiyə superliqasında bunu desibellə ölçürlər. Amma süni səs oyuna müdaxilədi. Diktorun durmadan səs etməsi rəqib azarkeşlərdə qıcıq oyada bilər. Əksər əsasnamələri də oxusaz, görərsiz ki, qayda bizdəki kimidi.
- 10-cu maddənin 1-ci bəndini oxuyarkən belə başa düşdüm ki, startı mümkün olmayan matçlarla bağlı bütün qərarlar hakimdən asılı olacaq...
- Bəli, belədi. Lakin həmin qaydada bütün detallar əksini tapıb. Burda hər şey ola bilər: külək, qasırğa, qar və s. Oyunun keçirilməsi hakim üçün mümkün deyilsə, bu görüş baş tutmayacaq. Məsələn, duman çökürsə, referi əks qapıya baxır. Heç nə görünmürsə, oyun keçirilməyəcək. Yadınıza gəlirsə, “Qəbələ” - “Zirə” matçında belə bir şey olmuşdu. Oyun efirdə pis görünür deyə, qarşılaşmanı təxirə salmaq olmaz.
- 2022/23 mövsümündə “Qarabağ” - “Neftçi” matçında da belə çətinlik yaşanmışdı...
- Həmin oyunda maraqlı hadisə baş verdi. Texniki-idman direktorumuz Elgiz Abbasov Rəşad Əhmədova yaxınlaşaraq qarşılaşmanın təxirə salınmaq ehtimalının olub-olmadığını soruşdu. Hakim dedi ki, nə baş verib? Elgiz də demişdi ki, dumanı görmürsən? Rəşad bildirmişdi ki, oyunda hər şey açıq-aşkar görünür. Təbii ki, güclü külək əssə, yağış yağsa, oyunu təxirə salmaq olardı. Bir dəfə “Rəvan” - “Bakı” matçında belə hadisə yaşanmışdı. 2022/23 mövsümündə “Zirə”nin stadionunda projektor yanmışdı. Əslində oyun təxirə salınmalıydı. Biz nə etdik? Hakimə dedik ki, komandaların baş məşqçilərini çağırın, iclas keçirək. Oyunu keçirən hakim sənsən. Görməklə bağlı məhdudiyyətin yoxdusa, məşqçilər, kapitanlar, futbolçular meydanı görürsə, qarşılaşmanı davam etdirə bilərsən. Bu, təkcə bizim premyer-liqada olmayıb. A seriyasında da belə hadisə baş verib. Ümumiyyətlə, qurumlar çalışır ki, qarşılaşmanı keçirmək mümkündüsə, görüş baş tutsun. Ciddi problem varsa, fəsadlarının qarşısını almaq mümkün olmayacaqsa, onda oyun təxirə salınmalıdı. Belə hadisələr, ümumiyyətlə, mövsüm ərzində az baş verməlidi.
- 15-ci maddənin 5-ci bəndinə diqqət yerirək: 5 dəfə Azərbaycan çempionu olan klub loqosuna bir ulduz əlavə etmək hüququna malikdi. Hər növbəti 5 çempionluğa görə bir ulduz əlavə edilməsinə icazə verilir. Belə başa düşdüm ki, “Kəpəz”ə xəbərdarlıq ediləcək ki, loqosundakı ulduzlar yığışdırılsın...
- Artıq “Kəpəz”in üç ulduzu yoxdu. Bundan öncəki mövsümdə onlara xəbərdarlıq etmişdik. Onların rəhbərliyi ilə danışmışdıq. “Kəpəz” hər çempionluğu bir ulduz hesab edirdi.
“Yaxşı futbolçu azad agent olmur”
- “Transfer pəncərə”sinin vaxtı bəllidi. Amma bizdə azad agentləri gələn il aprelin 10-na qədər sifariş vermək mümkündü. İllərdi bu məsələ həllini tapmır. Mümkündü ki, bu qayda, ümumiyyətlə, olmasın?
- Bu, bizdən asılı olan məsələ deyil. FİFA və UEFA tərəfindən tənzimlənir. Onlar üçün də ən vacib məsələ futbolçunun oynamasıdı. Ümumiyyətlə, oyunçu ilə klub arasında hansısa problem varsa, çalışırlar ki, həmin mübahisəli dövrdə futbolçu oynasın. Niyə? Çünki bunun işi futbol oynamaqdı. Oyunçu meydanda olmayanda fiziki durumu zəifləyəcək. Bizdə də belə qayda var ki, oyunçu azad agentdisə, sifariş oluna bilər. Bu, bütün dünyada belədi. Niyə sona 5 tur qalmış? Çünki bizdə çempionat mayın sonuna kimi davam edir. Kubok da iyunda bitəcək. Çempionatda yer tutmaq, kubokun qalibi olmaq istəyən klub gedəcək, 100 min də olsa, müqavilə müddəti bitən futbolçuya həmin pulu verəcək. Burda belə bir şey də var: yaxşı futbolçu azad agent olmur. Nadir hallarda belə oyunçu tapmaq olar. O da “yaz-payız” sistemi ilə keçirilən çempionatlatda ola bilər.
- 17-ci maddənin 4-cü bəndində belə bir qayda var ki, 18 yaşına çatmamış futbolçu ilə bağlanmış 3 ildən artıq, 18 yaşdan yuxarı olan futbolçu ilə bağlanmış 5 ildən artıq müqavilələlər qəbul olunmayacaq. Bu, nəyə əsasən belədi? Məsələn, bir müddət öncə “Çelsi” afrikalı uşaqla 6 illik müqavilə imzaladı. Bizdə niyə 18 yaşından aşağı futbolçu ilə uzunmüddətli saziş bağlamaq mümkün deyil?
- Bu bizdən asılı deyil. Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul olunan qaydadı. FİFA və UEFA tərəfindən tənzimlənən bir şeydi. 18 yaşa çatmayan şəxs uşaq sayılır. Bu səbəbdən də valideynindən icazə alınmalıdı. Rəsmi müqavilələrə gəlincə, bəzən futbolçu getmək istəyir, amma buraxmırlar. Təsəvvür edin ki, 10 illik müqavilə bağlayır və heç yerə gedə bilmir. Bu da düzgün deyil axı. Sadəcə, standartlar belədi və biz də buna uyğun hərəkət edirik.
- Gəlin, bu müsahibənin götürülməsinə səbəb olan mövzu ilə bağlı danışaq. Klublarımız son 12 ayda millinin və U-21 yığmasının heyətində çıxış etmiş legioner üçün ödəniş etməyəcək. Digər əcnəbilər üçün ilk 7 nəfərə görə 5 min, 8-12-ci oyunçunun hər biri üçün 10 min, 13 və daha çox şəxslər üçün isə 50 min manat ödəməli olacaq. “Qarabağ”ın heyətində hazırda 14 legioner var, ağdamlılar ÇL-də mübarizə aparır. Bu qayda onların qarşıdakı illərdə zəifləməsinə səbəb olmayacaq? Bu məsələ həmçinin başqa klublarımıza da aiddi.
- “Qarabağ”da 4 əcnəbi futbolçu milli üzvüdü: Patrik Andrade, Leandro Andrade, Marko Veşoviç, Marko Yankoviç. Fikir verirsizsə, dördü də yaxşı oyunçudu. Çünki yığmanın üzvləridi. Yadınıza gəlirsə, əvvəlki mövsümlərdə saysız-hesabsız legioner gəlirdi Azərbaycana. Onlardan çoxu ancaq pul alıb gedirdi. Başqa problemlər də ortaya çıxırdı. Biz də say hesabı qoyduq ki, bir komanda mövsüm ərzində 12 əcnəbi futbolçu gətirsin. Sənin pulun var və daha çox oyunçu gətirmək istəyirsənsə, bu zaman 50 min ödəməlisən. Ya da milli komandanın üzvünü transfer etməlisən. Belə olanda “Qarabağ” nə etməlidi? İlk 7 oyunçu sırasına millidə oynamayanları yazırlar, 8-12-ciyə isə yığmada çıxış edənləri. Niyə belə qayda qoymuşuq? Çünki istəyirik ki, klublarımız səviyyəli legionerlər tapsınlar. Belə olanda çempionatın səviyyəsi qalxır. U-21 üzvünün qiyməti baha olur. Amma gələcəkdə onu satıb, daha çox pul qazana bilərsən. 13-cü futbolçunu millinin üzvü gətirəcəksənsə, pul ödəməyəcəksən. Yox, sıradan oyunçu olacaqsa, onda 50 min vermək məcburiyyətindəsən.
- Belə başa düşdük ki, klublarımızın hamısı milli üzvləri gətirsələr, PFL-ə pul ödəməyəcəklər.
- Tapa biləcəklərsə, gətirsinlər.
- Qırğızıstan, Türkmənistan, Laos və başqa Asiya ölkələrindən nə qədər oyunçu gətirmək olar. Bu ölkələrin oyunçuları da çempionatımızın səviyyəsini aşağı salacaq.
- Adı heç yerdə olmayan Afrika ölkələrindən oyunçular gətirməkdənsə, qoy bu dövlətlərin yığmalarının futbolçularını gətirsinlər.
“Bir komanda öz azarkeşinə hansı qiymətə bilet satırsa, rəqibdən də o məbləği tələb etməlidi”
- Əsasnamədə biletlə bağlı hansısa qayda və ya tələb görmədim. Bununla bağlı standart tətbiq etmək olmazdı?
- Biz kluba “məcburən bu qiymətə bilet satmalısan” deyə bilmərik. Sadəcə, əsasnamədə var ki, bir komanda öz azarkeşinə hansı qiymətə bilet satırsa, rəqibdən də o məbləği tələb etməlidi.
- Yəqin bu məsələ 50 manat söhbətindən sonra əsasnaməyə salındı.
- Bəli. Məhz bu məsələyə görə əsasnaməyə belə bənd əlavə etdik.
- Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik. Ümid edirik ki, 2023/24 mövsümü çox maraqlı olacaq.
- Əsasnaməni hamı oxusun. Əsas da jurnalistlər. Klub rəsmiləri də mütləq şəkildə qaydaları bilməlidilər. Əsasnamədən kənara çıxmayaq. Burda yazılanlara riayət etsək, hər şey daha peşəkar olacaq. Kimsə zəng edib desə ki, əsasnamədəki qaydanı belə etsək, olmazmı? Onda əlimizdə tutduğumuz bu qaydalar toplusunun əhəmiyyəti olmur. Qarşıdakı mövsümdə hamıya uğurlar arzulayıram.
İLKİN SULTANLI