Premyer-liqada yeni mövsümün startına cəmi 8 gün qalır.
Bəlkə də müstəqillik tarixinin ən maraqlı çempionatını izləyəcəyik. Çünki komandalar heyətini gücləndirib, normal şərtlər altında toplanışlar keçiblər. Bir sözlə, premyer-liqanın başlaması üçün hər şey hazırdı.
İyulun 18-də çempionatın püşkü atıldı. Həmin gün ictimaiyyətə yeni mövsüm üçün ölkədaxili yarışların əsasnaməsi də təqdim olundu. “Futbol+” olaraq həmin əsasnaməni incələdik, diqqətimizi çəkən məqamları ayırdıq. Sonra isə bəzi mətləbləri Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyevdən soruşduq.
- Aslan müəllim, əvvəlcə onu qeyd edək ki, bu müsahibə sırf əsasnamədə olan anlaşılmaz məqamlarla bağlıdı. Sizdən həm onların açıqlamasını, həm də cavablardan çıxacaq sualları soruşacağıq...
- Çox gözəl. Əvvəlcə onu qeyd edim ki, əsasnamənin yazılması illərdi davam edir. Hər mövsüm də düşünürük ki, artıq bura hansısa əlavəmiz olmayacaq. Həmişə də yanılırıq. Çünki mövsüm ərzində elə şeylər çıxır ki, onlar əsasnamədə əksini tapmalıdı. Texniki-idman direktorumuz Elgiz Abbasovla birgə müxtəlif yarışların qaydalarını oxuyuruq. Çalışırıq ki, maksimum ideal əsasnamə olsun. Hər il də əvvəlkindən daha yaxşısını araya-ərsəyə gətiririk. Özünüz də şahidsiz ki, səhifələr hər mövsüm çoxalır, artır. Bu dəfə də əsasnamədə hansısa problemlər olsa, gələn dəfə qaydalarda əksini tapacaq.
- Onda başlayaq. Əsasnamənin 3-cü maddəsinin 4-cü bəndində qeyd olunub ki, 2024/25 mövsümü AFFA İcraiyyə Komitəsinin qərarı ilə 12 kollektivin iştirakı ilə keçiriləcəksə, bu zaman 2023/24 mövsümündə premyer-liqada sonuncu yeri tutmuş və ya lisenziya şərtlərini yerinə yetirməyən bir komanda 1-ci liqaya düşəcək, 1-ci liqada lisenziya şərtlərini yerinə yetirən və ən yüksək üç yeri tutmuş komanda premyer-liqaya yüksələcək. Burda nə üçün məhz 12 rəqəmi qeyd olunub? Bununla bağlı hansısa işlərə başlanılıb? Düzdü, bəndin davamında AFFA İcraiyyə Komitəsinin qərarına əsasən sayda dəyişikliyin olacağı qeyd olunub...
- Fikir vermisizsə, komandaların artırılmasıyla bağlı məsələ həmişə mövsümün axırında gündəmə gəlir. Hələ çempionat başlamayıb. Amma keçən dəfə bir baş məşqçi ilə görüşdüm. Mənə maraqlı sual ünvanladı: “Deyirlər ki, gələn mövsüm çempionatda iştirakçı sayını 12 edəcəklər”. Bu məsələ həmişə müzakirə olunub. Sadəcə, onu vurğulamaq istəmişik ki, ehtimal olarsa, premyer-liqada komandaların sayı artarsa, bunu nəzərdən keçirəcəyik. Bunun üçün müəyyən məsələlər həll olunmalıdı. İlk növbədə klubun infrastrukturu, əsasən də maliyyəsi olmalıdı. Bilirsiz ki, dövlət premyer-liqada hər iştirakçıya 3 milyon manat ayırır. Çempionata iki komandanın gəlməsi nəzərdə tutulmayan 6 milyon manat deməkdi. Bunu qeyd etmişik ki, premyer-liqadan bir komanda mütləq düşəcək. Kimsə arxayın olmasın. Artmaq ehtimalı olsa, İcraiyyə Komitəsi bu məsələyə baxsın. Yenə deyirəm, infrastruktur və maliyyə imkanı olarsa, qurum bunu nəzərdən keçirəcək. Bu, indinin müzakirə mövzusu deyil. Əsas məsələ premyer-liqadan komandanın düşməsidi. Mən püşkatma mərasimində də dedim. Düşünürəm ki, liqanı hansısa kollektiv tərk etməsəydi, 3-cü dövrədən sonra çempionata maraq qalmayacaqdı. Yalnız 3-4-cü yerlər uğrunda mübarizə davam edəcəkdi. Hamı da gördü ki, düşən var idi deyə, premyer-liqada qalmaq uğrunda amansız mübarizə getdi. Komandalar, futbolçular rahatlaşmır. İdman prinsipi qorunanda oyunçunun mükafat almaq ehtimalı da artır. Bu səbəbdən də qeyd etdiyiniz maddəyə belə bir bənd əlavə etmişik ki, İcraiyyə Komitəsinin qərarına əsasən belə artımın baş verməsi ehtimalı var.
- Eyni maddənin 9-cu bəndinə nəzər yetirək. 1-ci liqada yarış ev və səfər prinsipinə əsasən dairəvi sistemlə 3 dövrədə keçirilir. Aşağı dəstə komandaları premyer-liqaya hazırlaşırlarsa, nə üçün onların da çempionatı 4 dövrədən ibarət olmur. Sonradan həmin komanda əsas çempionata uyğunlaşmaq problemi yaşayır...
- Əvvəlki mövsümlərdə də 1-ci liqada yarış üçdövrəlik sistemlə keçirilirdi. Bu da 27 tur edir. Kubok oyunlarını da nəzərə alsaq, kifayət qədər qarşılaşma edir. Nəzərə alaq ki, həm premyer-liqa, həm 1-ci, həm də 2-ci liqa kollektivləri ölkə kubokunda iştirak edəcəklər. Burdakı qarşılaşmaları da hesablasaq, aşağı dəstə komandaları 30-dan çox oyun keçirəcək. Yenə qeyd edirəm ki, əsas problem maliyyə ilə bağlıdı. Özünüz də şahidsiz ki, bəzən hətta 1-ci divizion klubları 1 oyunluq belə olsa, kubokda iştirak etmək istəməyiblər. Düzdü, dövlət tərəfindən klublara 300 min manat ayrılır. Mənim klub təcrübəm var. Sizi əmin edirəm ki, bir klub üçün bu böyük məbləğ deyil. Hansı kollektivin əlavə gəliri, sponsoru varsa, durumu yaxşıdı. Lakin kim dövlətin ayırdığı pulla kifayətlənirsə, onun üçün əlavə 9 tur oynamaq çox çətindi. Bilirsiz, çalırıq ki, nəyisə həmişə tez edək. Uzun müddət 1-ci divizion əvəzedicilərlə birgə keçirilirdi. Bu, yaxşı qərar oldu. Sizin iradızı da başa düşürük. Normal yanaşmadı. Bu komandalar peşəkardısa, premyer-liqa üçün mübarizə aparırlarsa, daha çox oynamalıdılar. Amma hər şeyi klubun üzərinə yıxmaq olmaz. Arzu başqa, istək başqadı. 1-ci liqada çıxış edəcək elə klub var ki, hələ də infrastrukturunu düzəldir. Bunun üçün kifayət qədər maliyyə lazımdı. Bu səbəbdən də qərar verdik ki, 3 dövrəlik çempionat keçirək.
- Belə başa düşdüm ki, 2023/24 mövsümündə aşağı liqa komandaları ölkə kubokundan imtina edə bilməyəcək...
- Bəli. Bununla bağlı əsasnamədə şərt var. Ola bilər ki, müəyyən çatışmazlıqlar olsun. Amma stadionlarla bağlı müəyyən məsələlər olacaq. 1-ci liqa klubu premyer-liqa təmsilçisi ilə qarşılaşacaqsa, infrastruktru o komandanı qəbul etməyə imkan verməyəcəksə, başqa arena sifariş verməli və orda oynamalıdı. Ötən mövsüm bizdə belə problem olmuşdu.
- Yəqin “Mingəçevir” – “Zirə” matçını nəzərdə tutursuz. Bildiyimə görə, “qartallar” oyunun Qəbələdə keçirilməsini istəmişdi...
- Bəli. Belə variant da var idi. Əslində hər iki tərəf haqlı idi. “Zirə”nin Mingəçevirə getməsi bu şəhərdə kütləviliyin artmasına səbəb idi. Rəşad Sadıqov kimi millinin kapitanı olmuş şəxs onların diyarına gəlirdi. Adamlar onunla şəkil çəkdirirdi. Stadiondan da oyunu az azarkeş izləmədi. Amma “Zirə”ni də düşünmək lazımdı, avrokuboklara vəsiqə uğrunda mübarizə aparırdı. Həmin oyunda bir və ya daha çox futbolçu zədələnə bilərdi. Belə səbəblərə görə kubokda infrastruktur məsələlərinə ciddi yanaşacağıq.
- Əsasnamənin “Geyim qaydaları” maddəsinin 5-c maddəsi diqqətimizi çəkdi. Futbolçuların forma nömrələri 1-dən 99-a qədər olmalıdı. Başqa çempionatlara nəzər yetirsək, “100”dən və başqa rəqəmlərdən istifadə hallarını görürük. Məsələn, kimsə deyəcək ki, mən “100” istəyirəm, amma bu mümkün olmayacaq. Niyə?
- Bir balaca araşdırma aparsaz, görərsiz ki, əksər əsasnamələrdə belədi. Əslində dediyiz məqam mənim də diqqətimi cəlb edib. Bir neçə gün öncə oyuna baxırdım. Orda futbolçunun nömrəsi “100” idi. Amma yenə qeyd edirəm, əksər peşəkar yarışlarda və liqalarda 1-dən 99-a kimi olur.
- Həmin maddənin 8-ci bəndinə nəzər yetirək. Futbolçunun oyun formasının sağ qolundan başqa istənilən yerində klubun sponsor və tərəfdaşlarının loqotiplərinin üfüqi və şaquli yerləşdirilməsinə icazə verilir. Yəqin sağ qolda premyer-liqanın sponsorunun emblemi yer alacaq deyə bu qaydanı qoymusuz. Bəs həmin yerə görə klublara əlavə ödənişlər edəcəksiz? Məsələn, Türkiyə superliqasında 4 böyük çempionatın tərəfdaşının loqosunun formada istifadə olunmasını istəmir. Onlar bunun üçün federasiyadan əlavə ödəniş tərəf edirlər.
- Fikir verdizsə, ötən mövsüm “Misli”nin loqosu klubların formalarına vurulmamışdı. Şirkətlə müqavilə bağlayan zaman söhbətimiz olmuşdu, bildirilmişdi ki, belə şey olmasın. Amma ondan öncə yarış Azərbaycan premyer-liqası adlananda formalarda loqotip əksini tapmışdı. Ödənişlə bağlı söhbətə gəlincə, büdcəmiz dəhşətli dərəcədə böyük deyil. PFL-in maliyyəsi sponsorlardan, üzvlük haqlarından və cərimələrdən formalaşır. Açıq deyirəm: büdcəmizdə artıq pul qalmır ki, ordan klublara nəsə verək. İştirakçılara ancaq dövlət tərəfindən ayrılan 3 milyon manat veriləcək.
- “Oyunların vaxtının dəyişdirilməsi və təxirə salınması” maddəsinin 2-ci bəndində belə bir məqam var: avrokuboklarda iştirak edən klublar dəyişikliklərlə bağlı ən geci bir həftə öncə PFL-ə rəsmi məlumat verməlidi. Onlar qarşı tərəfin razılıq məktubu ilə görüşlərin vaxtlarını tur çərçivəsində 1 gün dəyişməklə bağlı PFL-ə müraciət etmək hüququna malikdilər. Avrokubokların 4-cü təsnifat mərhələsində iştirak edən klub görüşünün bir dəfə təxirə salınması ilə bağlı müraciət edə bilər. Qrup mərhələsində iştirak edən təmsilçimiz də bir dəfə bu hüquqa malikdi. Bu bəndi ətraflı izah edə bilərsiz?
- Burda üç fərqli məqam var. Pley-offa qədər təmsilçilərimiz oyun gününün dəyişdirilməsi üçün PFL-ə müraciət edə bilər. Tutaq ki, hansısa avrokubok iştirakçısının oyunu 6-cı günə salınıb. Həmin klub bizə və qarşı tərəfə müraciət edir ki, bizdə vaxt azlığı var, gəlin bu görüşü 1 gün sonraya keçirək. Amma pley-offa vəsiqə qazanan klubumuz oyununun təxirə salınması üçün müraciət edə, həm bu mərhələdə, həm də qrup oyunları zamanı bu hüquqdan bir dəfə istifadə edə bilər. Çünki oyunları tez-tez təxirə salmaq da olmaz, onda təqvim pozulur.
- “Yarışların yeri və təşkilati məsələlər” maddəsində qeyd olunub ki, premyer-liqa klublarından işlək vəziyyətdə olan hesab tablosu tələb olunur. Lakin 1-ci liqada bu məcburi deyil. Burda çıxış edən kollektivlərə növbəti mövsüm üçün lisenziya veriləcəksə, nə üçün qarşılarına bu tələb qoyulmur?
- Əsasnaməyə tələb kimi hər şey salmaq olar. Yenə deyirəm, arzulamaq başqa, əməl etmək tam başqadı. Tablonun qiymətini internetdən axtarıb baxa bilərsiz. 1-ci liqa klubuna ayrılan maliyyənin 50 faizidi. Gəlin, etiraf edək ki, aşağı dəstədə iştirak edənlərin bunu almağa pulu yoxdu. Sadəcə, Zaqatalada və “İrəvan”ın oynayacağı “ASK Arena”da tablo var. 1-ci liqa bir yana, premyer-liqa klublarında da belə problem var. Məsələn, yeni sponsor Tovuz stadionuna tablo qoydurdu. “Kəpəz”dən danışmağa ehtiyac yoxdu. Ola bilər ki, növbəti mövsümdən hər şeyi təkmilləşdirək.
- Bu maddənin 4-cü bəndində belə bir qayda var: AFFA nümayəndəsinin və hakimin tələbi ilə hava şəraitinə uyğun narıncı və qırmızı toplardan istifadə oluna bilər. Ötən mövsüm əsas topların da qırmızı çalarları var idi. Qışda problem o qədər hiss olunmurdu. İndi isə çempionatın topları başqa rəngdədi. Səmimi cavab verməyinizi istəyirik. Klublarımız qırmızı və ya narıncı toplarla təmin olunub?
- Top məsələsi bir az qlobaldı. Bəzi saytlar bununla bağlı bizi qınayırlar. Əvvəlki illərdə “çempionat oyunları vahid topla oynanılacaq” prinsipi yox idi. Məsələn, “Karvan” Çempionlar Liqasının topu ilə oynayırdı. “Bakı” “Nike”, “Xəzər Lənkəran” “Puma” topundan istifadə edirdi. Kim hansı forma şirkəti ilə əməkdaşlıq edirdisə, onun topuna üstünlük verirdi. Maliyyəsi zəif olan “Ədliyyə”, MOİK, “Karat” kimi klubların istifadə etdiklərinin, ümumiyyətlə, mənşəyi bəlli deyildi. Topa zərbə vuranda istiqaməti elə dəyişirdi ki, adam məəttəl qalırdı. PFL yaranandan sonra konkret dedik ki, hər mövsüm bir topla oynayacağıq. Biz də çoxlu top alaraq klublara satırdıq. Sonra AFFA “Nike” ilə əməkdaşlıq etdi. Bunun qarşılığından klublara toplar pulsuz hədiyyə olundu. İndi həmin müqavilə başa çatdı. Biz bu işə müdaxilə etməsəydik, çempionatın başlamasına bir həftə qalmasına baxmayaraq, oyunların nə ilə keçiriləcəyini bilməyəcəkdik. Çünki ehtiyatda top yoxdu. 1000 top sifariş verirsən, üç aydan sonra gəlir. Biz vaxtında müdaxilə etsək də, gecikdik. Çünki 15 gün qalmış toplar bizə gəldi. Çempionatın başlamasında hansısa problem olmayacaq. Amma məşqlər bu toplarla keçirilmədi. Buna da şükür. Klublardan aldığımız reaksiyalar belə oldu ki, möhtəşəm topdu. Sizə səmimi deyirəm ki, bunları klublara baha satmırıq. Topu aldığımız qiymətin üzərinə yol xərcini, gömrük rüsumunu qoyuruq. Bu məbləğləri toplayanda cəmi nə edirsə, həmin məbləği klublara demişik. Premyer-liqa iştirakçıları özləri alsaydı, həmin məbləğ 330-350 manat edəcəkdi. Özünüz də araşdıra bilərsiz. Əslində yaxşılıq etmək istəsək də, əməlimiz pis başa düşülür. Klublardan narazılıq yoxdu. Sadəcə, media bu məsələdə üstümüzə düşür. Əslində bu məsələ bizə heç sərf etmir. Çünki büdcəmizdən toplar üçün pul ayrılıb. Bu pulu da klublardan almalıyıq axı. İndi nə vaxt veriləcəksə, ona kimi sıxıntı yaşayacağıq. Bizim büdcəmiz də o qədər geniş deyil ki, topları onlara bağışlayaq. Gələk narıncı top məsələsinə. Həmin rəngdə toplar da klublara təhvil verilib. İnşallah, hansısa problem olmayacaq.
Davamı olacaq...
İLKİN SULTANLI