Mövsümün iyunun 4-də “Verona” ilə keçirilən son oyunu (3:1) “Milan” üçün turnir hesabları baxımından ciddi əhəmiyyət daşımırdı.
İtaliyanın əvvəlki çempionu finişə bir tur qalmış Çempionlar Liqasına vəsiqəni təmin etmişdi. Odu ki, matçın diqqəti daha çox cəlb edən məqamı final fitindən sonraya təsadüf etdi. Rəhbərlik, nəhayət, parlaq karyerasını başa vurmaq qərarına gələn Zlatan İbrahimoviç üçün vida tədbiri təşkil etməyə bilməzdi. Yerli tifozi də 41 yaşlı hücumçunu təmtəraqla yola saldı: “Milan”ın azarkeşlərinin tribunalarda “Godbye” yazısını canlandırması xoş mənzərə formalaşdırdı: onların ingiliscə “God” (Tanrı) və “Goodbye” (əlvida) sözlərini birləşdirməklə Zlatanı yaşıl meydandan özünün də dediyi kimi, Tanrı qismində yola salmaq planı həqiqətən də möhtəşəm alındı!
Ronaldo ilə Messi olmasaydı, “Qızıl top”u qazanardı!..
Əlbəttə, İbrahimoviç uzunmüddətli karyerasında kifayət qədər titul və mükafat qazanıb. “Malmö”nün yetirməsi peşəkar futbolçu həyatında formasını daşıdığı klubdan (1999-2001) sonra “Ayaks” (2001-04), “Yuventus” (2004-06), “İnter” (2006-09), “Barselona” (2009-10), “Milan” (2010-12, 2020-23), PSJ (2012-16), “Mançester Yunayted” (2016-18), “Los Anceles Qalaksi” (2018-19) ilə müxtəlif turnirlərin qalibi olub. 5 dəfə İtaliya (“Yuventus”la qazandığı daha 2 çempionluq ləğv edilib), 4 dəfə Fransa, 2 dəfə Niderland, 1 dəfə İspaniya çempionluğunu qazanıb, Niderland və Fransa kubokunu, Niderland, İtaliya, İspaniya və Fransa superkubokunu, İngiltərə və Fransa Liqa kubokunu və Avropa Liqasının kubokunu başı üzərinə qaldırıb. Dəfələrlə müxtəlif nominasiyalar üzrə fərdi mükafatlara layiq görülüb.
Əlbəttə, komanda ilə və fərdi planda daha çox uğura nail ola bilərdi. Lakin, belə desək, Kriştiano Ronaldo ilə Lionel Messinin əsas mükafatları “silib-süpürdüyü” möhtəşəm dövrdə oynaması Zlatanın ən böyük bəxtsizliyi oldu. Belə desək, adını futbol tarixinə qızıl hərflərlə yazan Ronaldo ilə Messi olmasaydı, “Qızıl top”u mütləq qazanardı!.. İsveçli hücumçu 11 dəfə bu mükafata iddiaçılar sırasında olub. Lakin heç vaxt “France Football”un sorğusunda qalib gələ bilməyib. Ən yaxşı göstəricisi isə 2013-cü ildə 4-cü yeri tutması olub.
Belə desək, Ronaldo ilə Messi İbrahimoviçi uzun illər ərzində “Qızıl top” uğrunda mübarizədə ofsayda salıblar. Amma bu mükafata sahib çıxa bilməməsi əsla nəhəng cüssəli futbolçunun yaşıl meydanlarda yaratdığı xarüqələrə kölgə sala bilməz. Yeri gəlmişkən, Canluici Buffon, Xavi Ernandes və Andres İnyesta kimi dünya çempionları da meydanı “Qızıl top”a toxuna bilmədən tərk ediblər.
Əlbəttə, İbrahimoviçin Çempionlar Liqasının (ÇL) qalibi ola bilməməsini də qeyd etməliyik. Bu boşluğun da əsas səbəbkarları məhz Ronaldo ilə Messinin sabiq komandaları – “Real” və “Barselona”dı. Hərçənd özü bir il “Barselona”da oynayb, amma maraqlıdı ki, kataloniyalılar 2009/10 mövsümündə onun sabiq klubu “İnter”ə uduzublar. İsveçli isə İspaniya nəhənginə ilk növbədə ÇL-də uğur qazanmaq arzusu ilə yollanmışdı...
949 oyunda 787 qol epizodunda rol oynayıb
Zlatanın klub səviyyəsindəki ümumi göstəriciləri möhtəşəmdi. Müxtəlif komandalarla meydana çıxdığı 827 matçda 496 qol vurub və 204 dəfə məhsuldar ötürmə edib. Klub karyerası ərzində 4 dəfə birbaşa, 6 dəfə isə ikinci xəbərdarlığa görə qırmızı vərəqə alıb, amma “sarı”lar kifayət qədərdi. Meydanda daim aqressiv görünüb, lakin ən hiyləgər oyunçulardan olmayıb. O, İsveç yığması üçün ən böyük hədiyyə sayılıb. Necə ki, Erlinq Holann norveçlilər üçün çox dəyərli hədiyyədi. Milli formanı daşıdığı 22 il (2001-23) ərzində 122 oyunda iştirak edib, qapılara 62 dəfə yol tapıb və 25 dəfə məhsuldar ötürmə edib.
Ümumilikdə 949 oyunda 787 qol epizodunda rol oynayıb. Kifayət qədər yüksək göstəricidi. Nəzərə alaq ki, heç də həmişə liqaların ən güclü klublarında oynamayıb, həm də komandaları daim dəyişdiyi üçün yeni kollektivə və liqaya uyğunlaşma dövründən keçməli olub. Zlatan meydanda həmişə təkbaşına qərar verməsi ilə yadda qalıb. Bunu yalnız “Ayaks”ın formasında vurduğu məşhur qol və çox sayda akrobatik tullanışları deyil, futbolun tarixinə düşən İngiltərə yığmasının qapısından keçirdiyi top da sübut edir. Futbolçu həyatı boyunca qazandığı titulların sayı isə 34-ə bərabərdi.
Ağıllı İbrahimoviç futbolsuz nə edəcək?
Dizindəki zədənin bərpa prosesinin uzun sürməsi Zlatanı son vaxtlar təşvişə salmışdı. O, orqanizminin top qovmaqdan imtina etməsini sakit qəbul edə bilmirdi. Şübhəsiz, 41 yaşda əvvəlki səviyyədə oynamaq hücum xəttinin oyunçusu üçün heç də asan məsələ deyildi. Fakt budu ki, zədə onun meydana qayıtmasına ciddi şəkildə mane oldu. Yəni futbol dünyası, demək olar ki, onu artıq sona çatan mövsümdə meydanda görə bilmədi (A seriyasında yalnız 4 dəfə meydana çıxdı və 1 qol vurdu).
Deyilənə görə, insanların yalnız təxminən yarısı “daxili monoloq” hissinə malik olur. Adam yüksək intellekt sahibidisə, belə monoloq şən olmaqdan çox bədbin fikirləri sıralayır. Ünsiyyət zamanı qarşındakı adamın ağıllı olduğunu, yoxsa çox da ağıllı olmadığını böyük ölçüdə müəyyən edə bilirsən. Və özünü ağıllı fikirlərlə “basdırmaq” daha asandı.
İbrahimoviç nümunəsində onun beyninin əksər futbolçularla müqayisədə daha güclü olduğunu aydın görürsən. Bəlkə də o qədər ağıllıdı ki, meydanda çıxış etdiyi vaxtda özünü məşqçi yerinə qoymağı bacarırdı. Bəli, bir çox boyük futbolçunun məşqçilik peşəsində zəif olduğuna aid çox misal göstərmək olar. Ən pisi odu ki, belələrindən bəziləri inadla çalışdırıcılıq sənətini davam etdirməyi lazım bilirlər. Zlatan bundan sonrakı həyatını futbolçsuz da davam etdirə bilər. Onun üçün hazırcavablılığı və eqoizmi sayəsində kimsəsiz adada balıq tutmaq və ya çəkiliş meydançasında kamera qarşısında şou göstərmək çətin olmayacaq. Hərçənd sonuncu mətbuat konfransında futbolu birdəfəlik tərk etməyəcəyini deyib.
İbrahimoviç çoxdan populyar mədəniyyətin bir hissəsinə çevrilib. Onda Erik Kantona kimi aktyorluq obrazı var. Təəssüf ki, Fransa kinosu son vaxtlar böhran yaşayır, bu səbəbdən “Mançester Yunayted”in sabiq hücumçusu nadir hallarda özünə layiq olan rollar alır. Zlatanın da bu baxımdan bəxti gətirməyib. Belə ifadə etsək, “Asteriks və Obeliks”in meyitini diriltmək üçün bir dəfə dəhşətli cəhdə əl atıb. Amma Hollivudda quldur və ya qladiatorun karikatur rolunda deyil, dram əsərlərində rol alarsa, Vinni Consdan çox uğur qazana bilər.
O, həmişə özü kimi qalacaq
“Verona”nın azarkeşləri A seriyasının son oyunundan sonra vida nitqi söyləyərkən nədənsə onu fitə basdılar. Zlatan bu klubun düşməni sayılmadığı üçün belə münasibəti normal qarşılamaq olmur. Amma İbra buna görə özünü heç də “sındırmadı”: “Hə, fitə basmaqda davam edin. Bu, sizin üçün mövsümün ən yaxşı məqamıdı. Ona görə ki, məni gördünüz”.
Səhnə obrazına malik olmaq əlverişlidi. Başqalarını deyil, özünü oynamaq daha çətindi. Buna görə Deniel Dey-Lüisin işləri adamda xoş təəssüratlar oyadır. O, çox güman ki, real həyatında canlandırdığı pis obrazlardan biri deyil. İbrahimoviç artıq karyerasını başa vuran britaniyalı aktyor qədər istedada malik olmasa da, həmişə ictimaiyyət qarşısında maskada olmaq bacarığı ilə diqqəti cəlb edib. Bəlkə bu, ona kimlərdənsə miras qalıb?
Zlatanın valideynlər baxımından bəxti gətirməyib. Bunu onların övladı ilə münasibətlərinə görə iddia etmək olar. Ana uşağını taxta qaşıqla o sınana qədər döyürsə və sonra başqa qaşığı götürürsə, belə valideyn özünü həkimə göstərməlidi. Təəssüf ki, gələcəyin böyük futbolçusu Bosniya və Hersoqovinanın Tuzla şəhərindən olan müsəlman-slavyan atası Şefik İbrahimoviç və İsveçə Xorvatiyanın Zadar şəhərindən yollanan katolik xorvat anası Yurka Qraviçin ona yaxın dost olmadıqlarını erkən yaşlarından hiss edib. Bu səbəbdən İsveçin Malmö şəhərinin küçələrində birlikdə futbol oynadığı oğlanların sırasından özünə dost tapmağa daha çox ehtiyac duyub. Sərt xarakteri məhz uşaq yaşlarında formalaşmağa başlayıb.
Bir neçə ildən sonra həyatının ən vacib futbol adamı saydığı Mino Rayola ilə qarşılaşıb. Məşhur menecer müştərilərinin istedadından maksimum yararlana və mümkünsüz kimi görünən transfer əməliyyatlarını həyata keçirə bilirdi. Bosniya və Hersoqovina əsilli Zlatana isə köçəri həyat obrazı daha çox uyğun gəldi. Zarafat deyil, 41 illik həyatında İsveç, Niderland, İtaliya, İngiltərə, İspaniya, Fransa və ABŞ-da yaşamalı olub. Bu qədər ölkəyə ayaq bassa da, həmişə özü kimi qalıb və çox güman ki, bundan sonra da belə qalacaq.
Baxmayaraq ki, Kimmelin gecə şousunda inanılmaz Leotta ilə ünsiyyəti söz-söbətə yol açmışdı. Zlatanın italiyalı aparıcı ilə gizli eşq yaşaması haqda iddialar dolaşırdı. Amma buna inanmaq olmur. Diletta indi Karuisdan hamilədi. İbrahimoviç isə Helena ilə ailə qurub və onlar iki oğlanın valideynləridi. 16 yaşında olan böyük oğlu Maks “Milan”da çıxış edir. Belə toksik və istehzalı ata ilə birgə yaşamaq nə dərəcədə maraqlıdı? Ümid edək ki, təbiət Maksa möhtəşəm və təkrarolunmaz atasının malik olduğu böyük futbol istedadının heç olmasa yarıdan çoxunu bəxş edib və o, bir neçə ildən sonra “İbrahimoviç” soyadını daşıdığı üçün ətrafdakılarda təəssüf hissi oyatmayacaq...
RAMİL YUSİFOV