Nazim Süleymanovun başına Rusiyada and içirlər.
Mən Dağıstandan Şimali Osetiyaya qədər avtomobillə getmişəm, yolboyu gördüklərimlə bağlı təəssüratımı bir neçə dəfə oxucularımızla bölüşmüşəm. Dağıstandakı sərhədi keçib, Rusiyanın ərazisindəki muxtar respublikaların hansının ərazisinə daxil olanda Nazim Süleymanovun adını çəkib, onunla tanış olduğunu deyirsənsə, sənə “yaşıl işıq yandırırlar”. Nazim bəyi tanıyan adamdan oralarda heç pasport da soruşmurlar. Çünki adam Rusiya futbolunda ad qoymağı bacarıb. Vladiqafqazın “Spartak Alaniya”sı Moskva klublarının hegemonluğuna son qoyub, Rusiya çempionu olanda həmyerlimiz bu çempionluğa böyük töhfə vermiş, vurduğu qollarla milyonlarla azarkeşə sevinc bəxş etmişdi.
Digər həmyerlimiz Vəli Qasımovu da qonşu ölkədə yaxşı xatırlayırlar. Vaxtilə Qasımov da Rusiya çempionatında adından söz etdirməyi, vurduğu qollarla səviyyəsini ortaya qoymağı bacarmışdı. Təkcə Rusiyada yox, elə uzaq Portuqaliya ilə İspaniyada da ara-sıra onu yada salanlar tapılır, azərbaycanlı hücumçudan bəhs edilir. Düzdü, sevinmək, fəxr etmək üçün belə adlar tək-tükdü. Təəssüf ki, bizim Çempionlar Liqasına yüksəlməyi bacaran, yarımfinalda qol vuran həmyerlimiz yoxdu. Heç İtaliyada çempionluğun taleyini həll edəcək qədər istedad sahibi olan futbolçuyla da həmyerli deyilik. Nə etmək olar? Azərbaycanlı futbolçular gürcülər və ermənilər qədər “isti evi” tərk etməyə, xoşbəxtliyi xarici çempionatlarda axtarmağa, bununla da daha böyük hədəflərə çatmaq üçün çalışmağa meyilli deyil. Buna görə nə onlardan imtina edənik, nə də öz adımızdan. Başımızı aşağı salıb, kasıbçılığımızı edirik. Ümidimizi də üzməmişik, inanırıq ki, nə vaxtsa bizimkilər də Avropanın yaşıl meydanlarında adlarından söz etdirib, Azərbaycan futbolunu ən yüksək səviyyədə təmsil edəcəklər.
İllərdi bu istiqamətdə təbliğat da aparırıq. Arzumuzu dilə gətirir, bizimkiləri Azərbaycan premyer-liqasının səviyyəsini aşmağa, çətinliklərə sinə gərib, daha yaxşı klublara yollanmağa həvəsləndirməyə çalışırıq. Bizim uşaq futbolunun problemləri bəllidi. Yaxşı başa düşürük ki, bu problemlərin məngənəsində boğulan futbolumuz “İnter”də, “Napoli”də, “Qalatasaray”da, yaxud da “Mançester Siti”də oynayacaq səviyyədə futbolçu yetişdirə bilməz. Bu mənada Emin Mahmudovla Ramil Şeydayevi fərqləndirmişik. Çünki onlar Rusiyada yetişib, daha yaxşı futbol məktəbi görüblər. Ona görə də bu futbolçuların Avropada uğur qazanacağına inanmışıq. AFFA hər iki futbolçunu ruslardan qoparıb, Azərbaycan millisinə qazandırmaq üçün həm əmək sərf edib, həm də pul. AFFA-nın meneceri kimi çalışdığı heç kimdə şübhə doğurmayan Riad Rəfiyev vaxtilə Eminlə Ramilin Avropanın ortabablarına transfer olunması üçün dəridən-qabıqdan da çıxırdı. Emin Portuqaliyaya qədər gedib çıxmışdı. Ramil isə Trabzonda bir qədər ləngidikdən sonra özünü Slovakiyada və Rusiyada göstərməyə çalışdı. Amma hər iki futbolçu yenidən Azərbaycana qayıtdı, özünü burda sübut etdi. Emin “Neftçi”nin şəksiz liderinə çevrilib, milli komandaya da faydalıdı. Ramil isə “Qarabağ”ın əsas qol ümidlərindəndi, avrokuboklarda da vacib qollar vurmağı bacarıb.
Bütün bunlardan sonra Eminlə Ramilin yenidən Avropaya yollanacağına, bu dəfə daha yaxşı şəkildə özlərini göstərəcəyinə inanmışdıq. Bu əminliyi yaradan futbolçuların bərkə-boşa düşüb, püxtələşməsi idi. Öz növbəsində Şeydayevlə Mahmudov hazırkı klubları ilə müddəti bitməkdə olan müqavilələri yeniləməyə tələsmirdi. Deməli, onlar da getməkdə qərarlı idi. Bu ehtimallar reallaşmaq üzrədi. Oxuduqlarımıza inansaq, Şeydayev Taylanda, Mahmudov isə Koreyaya gedir. Futbolçuların daha çox qazanmaq həvəsi normaldı. Biz də başa düşürük ki, əllərinə düşən fürsətdən yararlanmağa çalışırlar. Amma bu qədəri ağlımıza gəlməzdi. Biz “Azərbaycanı tərk edib, xaricdə uğur qazanmağa layiqsiz, hazırsız” deyəndə, Taylandla Koreyanı nəzərdə tutmamışdıq, əzizlərim. Nə deyə bilərik? Xeyirlisi Allahdan. Təki yanılmayasız, Azərbaycan futbolunun sizə ehtiyacı var...
AMAL