Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Araz-Naxçıvan" dünən 5 futzalçı ilə yolları ayırdı.
Komandanın turnirdəki zəif çıxışından sonra bəlkə də bu gözlənilən idi. Lakin artıq 1 aya yaxın müddət keçib. Yalnız indi klub rəhbərliyi belə qərar verib. Maraqlıdı, 5 oyunçu ilə yolların ayrılmasına səbəb nədi? Çempionlar Liqasındakı uğursuzluqdan dərhal sonra niyə bu addım atılmadı? Həmin futzalçıların yerlərinin doldurulması üçün hansı addımlar atılır? Bu suallara cavab tapmaq üçün klubun vitse-prezidenti Mahmud Sadıqovla əlaqə saxladıq. Onun "Football-plus.az" saytına açıqlaması belə oldu:
"Çempionlar Liqasındakı nəticələr hamıya məlumdu. Ondan sonra müzakirələr gedirdi. Məşqçiyə şans verdik. Amma komandada müəyyən islahatlar aparılmalı idi. Məşqçinin, köməkçisinin təhlilindən sonra 4 oyunçu ilə yolları ayırmaq qərarı verdik. Digəri isə icarəyə gəlmişdi. O elə gələn kimi çıxdı getdi. Digər 4 oyunçu isə komandadan ayrılıb. Onların da ikisi artıq Azərbaycanı tərk edib, digərlərini də 22-si və 24-də yola salacağıq. Məlum nəticələrdən sonra baş məşqçi, mən və idman direktorumuz oturub müzakirələr aparırdıq ki, səhv hardadı, problem nədədi? Hər gün 2-3 dəfə oyunların videolarına baxırdıq. Sonra qərar verdik ki, bu futzalçılarla yolları ayıraq. Onların yerini doldurmaq işləri ilə də məşğulam. Milli üzvləri Xətai Bağırov və İsa Atayevlə danışıqlarda müsbət nəticələr əldə olunub. Bundan başqa, millidə Amadeo var idi, onunla da əlaqə saxlanılıb və razılıq alınıb".
ŞAİR ABDULLA