AFFA-nın Futbolun İnkişaf Fondu (FİF) adlanan bir ideyası var idi.
Bununla bağlı ilk gurultulu bəyanatlar hələ 2016-cı ildə verilmişdi. AFFA prezidenti Rövnəq Abdullayev deyirdi ki, sponsorlardan gələn pullar bu fonda toplanacaq, sonra da şəffaf şəkildə bölüşdürüləcək. Üstündən 6 il keçəndən sonra bu fond yenidən yada düşdü (salındı). Ona “yeni” nəfəs verdilər. Məsələnin ciddiliyini ictimaiyyətə göstərmək üçün tovuzlu millət vəkili Qənirə Paşayevə ilə tanınmış aktyor Fəxrəddin Manafovu fondun idarə heyətinə gətirdilər. Açığı, bu yerdə “gətirdilər” yazmaqla nə qədər uğurlu ifadə seçdiyimi deyə bilmərəm. Bu yaxınlarda həmin fond barədə yazmışdım, vurğulamışdım ki, Qənirə Paşayeva özü belə “Turan Tovuz” üçün ianə kampaniyasına maraq göstərmir, hətta FİF-in icraçı direktoru Tural Piriyevin çağırışına səs verməyi, həmin paylaşımı “feysbuk”dakı səhifəsinə buraxmağı lazım bilmir. Dəyərli aktyorumuz Fəxrəddin Manafovun da FİF-dəki missiyası ona tapşırılan rolu oynamaqdan ibarətdi.
Mən tələm-tələsik bu qənaətə gəlməmişəm. Hadisələrin axarı bunu göstərir. Buyurun, bu gün-sabah il başa çatır, mövsümün də yarısı arxada qalır. FİF tərəfindən bir dənə belə olsun sponsor tapılıb, hansısa klubla əməkdaşlığa başlayıbmı? Yoxdu, dostlar. Olmayacağı da məlum idi. Heç “Turan Tovuz”la “Kəpəz” üçün 100 min manat toplayıb, onlara avtobus almaq da hələ mümkün olmayıb. Özləri də acı gerçəyi başa düşdülər, layihəni klublara təhvil verdilər. Bəli, şəxsən mənə bu layihə təhvilvermə məsələsi xeyli təəccüblü gəldi. Siz əvəllər belə halla qarşılaşmısız? Mən eşitməmişdim. Layihə başlayar və sona çatdırılar. Layihə avtomobil, yaxud da daşınmaz əmlak deyil ki, bir müddət FİF idarə etsin, sonra da klubların özlərinə versin. Görünən dağa bələdçinin lazım olmadığı barədə atalarımızın sözü var. FİF çox güc elədi, ora-bura car çəkdi. Gördülər ki, nəinki azarkeşlər, heç millət vəkili və FİF-in idarə heyətinin üzvü bu çağırışa səs vermir. Belə olan halda 100 min manat hardan toplanacaq?!
İşin əslində o məbləği toplamaq xeyli asan olmalıydı. Gəncədə də, Tovuzda da mehmanxalar var. Reklam olmasın deyə, adlarını yazmıram. Amma onlar “Kəpəz” və “Turan Tovuz”la əməkdaşlıq etməklə özlərini reklam etdirə bilərdilər. Özləri bunu başa düşmürlərsə, FİF-in başında oturan ağıl-fikir sahibləri onlara təklif etməliydilər. Onsuz da “Kəpəz”lə “Turan Tovuz”un premyer-liqada oynamasından qazananlar sırasında Gəncə və Tovuzdakı otellər də var. Heç şübhə etmirəm ki, FİF-in bölgəyə səfər edən əməkdaşları da Tovuzda və Gəncədə rahat mehmanxalarda gecələyir, ordakı restoranlarda fərqli təamlardan dadırlar. O cümlədən də qonaq komandalar, səfərə yollanan AFFA, PFL və “CBC Sport” əməkdaşları, hətta azarkeşlər belə potensial müştəridi. Deməli, “Turan Tovuz”la “Kəpəz” nə qədər uzun müddət elitada qalsa, onların da qazancı çox olacaq. Qalırdı həmin məkanların sahiblərinə bunu izah etmək, onları “Turan Tovuz”la “Kəpəz”ə dəstək verməyin vacibliyinə inandırmaq. Heç şübhə etmirəm ki, tovuzlu və gəncəli iş adamları niyyətin səmimiliyinə inansaydılar, indiyə “Kəpəz”lə “Turan Tovuz”un avtobusu alınardı.
Mehman Allahverdiyev vaxtilə “Kəpəz”i Gəncədən səfərə apardığı o qırmızı “İkarus”u elə gəncəli iş adamlarının köməyi ilə almamışdı? Gəncəli restoran sahibləri “Kəpəz”in hər qələbəsindən sonra dost-tanışına qonaqlıq vermirdi? Yaxud da “Turan”ı çətin müharibə şəraitində elə Tovuzdakı sahibkarlar, iş adamları əllərinin üstündə saxlayıb, hər xərcini ödəmirdi? Ödəyirdilər, dostlar. Amma indi klublara yaxın duran, ürək qızdıran yoxdu. Çünki işin başında qeyri-səmimi görünən, illərdi Azərbaycan futbolunu geri atan və öz imicini korlayan AFFA dayanıb. Ona görə də ortaya ürəkağrıdan belə bir mənzərə çıxıb. “Kəpəz”in oyunları bütün dünyaya canlı yayınlanır. Orda görünür ki, tribunaların çox kiçik bir hissəsində azarkeşlərin oturmasına icazə verilib, qalan yerlər isə boş qalıb. Səbəbini öyrənən öyrənir, öyrənə bilməyən də haqqımızda min cür qara fikrə düşür. Həm o tərəfi ayıbdı, həm də bu tərəfi.
Bütün bunları hər dəfə ona görə yazıram ki, AFFA rəhbərliyi “qəflət yuxusu”ndan ayılsın, gördüyü işlərdə səmimi olsun. Formal görüntülü FİF yaratmaqla, ortaya lisenziya oyunu atmaqla, “Zaqatala”ya internetin olmamasına, “Zirə”yə jurnalistlərin akkreditasiya vəsiqəsinin düzgün taxılmamasına görə cəza verməklə bu işin içindən çıxa bilməzsiz. Adama deyərlər ki, stadionunda projektoru olmayan, tribunaları qəzalı, futbolçuları avtobussuz klublara necə lisenziya vermisiz? Ən doğrusunu “Zaqatala”nın prezidenti Musa Qurbanov deyib: “İnanmıram ki, 1-ci divizionda AFFA-nın müəyyənləşdirdiyi tələblərə tam cavab verən klub olsun. Bu gün elitada oynayan Kəpəz”lə “Turan Tovuz”a maliyyə dəstəyi hardan gəlir? AFFA-dan. Federasiya bu mövsüm yüksək dəstədə Gəncə və Tovuz təmsilçisinin olmasını istədi. Sabah “Zaqatala”nın olmasını istəsə, biz olacağıq”. Komediyanı qurtarmaq vaxtıdı, cənablar!
AMAL