Əliyar Ağayevin Çempionlar Liqasının qrup oyununa təyinat alması Azərbaycan futbolunda yeni səhifədi.
SSRİ dağılandan sonra azərbaycanlı referi ilk dəfə qitənin ən nüfuzlu klub turnirində ədaləti qoruyacaq. Daha dəqiqi, həmvətənimiz 6-cı tur çərçivəsində dünən gecə keçirilən “Kopenhagen” – “Borussiya” (D) oyununda iş başında olub. Ona laysmanlar Zeynal Zeynalovla Akif Əmrəli kömək edibsə, dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirib.
Məsələ ilə bağlı Football-plus.az-a FIFA referisi Tahir Süleymanov Əliyarın təyinatının gecikdiyini bildirdi:
"Məsələ daha əhatəli yanaşma tələb edir. UEFA-da Azərbaycan kimi ölkələrə münasibət fərqlidi, mərkəzi Avropa ölkələrinə olan diqqət, dəstək kimi deyil. Yaşıl meydanlarda böyük əziyyətlər bahasına nəticələr qazanaraq beynəlxalq futbol qurumunu fakt qarşısında qoymalıyıq. 10 ildi klublarımız davamlı avrokubokların qruplarında çıxış edir. "Neftçi", "Qəbələ" və əsasən də son illər "Qarabağ"ın timsalında Azərbaycan klub futboluna münasibət Avropada yaxşı mənada dəyişib. Bu da hakimlərimizə müstəsna şərait yaradır. Azərbaycan çempionatında qruplarda oynayan komandaların qarşılaşmalarını idarə edən referilər, deməli, qrup oyunlarına da təyinat ala bilərlər. UEFA bu düşüncə ilə hakimlərimizə şans verməyə başladı, onlara inam artdı. Futbolda bütün sahələr bir-birinə sıx bağlıdı, klublarımızın çıxışı hakimlərimizə müsbət təkan verdi. Belə durumda vaxtında özünü ən yaxşı tərəfdən göstərən Əliyar Ağayev oldu... Frits Stuxlikin dönəmində axsamalar açıq sezilirdi. Avstriyalı tərəfindən daxildə intriqalar yaradılır, sağlam rəqabət pozulur, təbii nəsil dəyişməsi baş vermirdi. Əliyara da münasibət fərqli idi. Bu amillər onu bir neçə il geri saldı. İstənilən subyektiv fikir səsləndirilə bilər. Stuxlikin Azərbaycandan göndərilməsindən sonra UEFA tərəfindən hakimlərimizə verilən təyinatlar qeyd olunanların əyani sübutudu. Təkcə Əliyar Ağayevə yox, Rauf Cabbarova, Elçin Məsiyevə mövqeyinə uyğun avrokuboklarda qrup oyunları həvalə edilib. Belə halın yaşanması ölkə futbolunda bir ilkdi. Azərbaycan hakimlik məktəbi dünya, Avropa miqyasında zəngin tarixə malikdi. Həmişə istedadlar yetişib və bundan sonra da olacaq. İndiki nəsil hakimlərimiz çox münbit şəraitdə fəaliyyət göstərir. Aparıcı hakimlərin peşəkar statusa keçidi, daxili çempionatda qayda-qanun, sabitlik, heç bir təzyiqin olmaması, böyük ölçüdə tələblərə cavab verən stadionlar, ideal ot örtüyü, canlı yayınlar, ictimai nəzarət və klub futbolunun daim avrokubokların qruplarında təmsil olunması referilərin inkişafı üçün müstəsna zəmin yaradır. Artıq yeni, gənc hakimlər də elita matçlarına cəlb edilir. Sağlam rəqabətdə şansı dəyərləndirməlidilər. Əliyar Ağayevin Çempionlar Liqasına təyinatı referilərimizin böyük Avropa futboluna qapılarını tam açır. Azərbaycan futbolu adına Əliyar Ağayevə, bütün hakimlərimizə uğurlar arzulayıram".
ABDULLA İSMAYILOĞLU