“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
Bakıdan Şamaxıya köçən “Keşlə” adını da dəyişib. Premyer-liqada “Şamaxı” adıyla mübarizə aparan komanda legionerlərinin hamısını yola salıb, bütünlüklə yerli futbolçulara etimad göstərilib. Ötən altı turda “Şamaxı” qələbəyə həsrət qalsa da, iki oyunda meydanı xalla tərk etməyi bacarıb. Bölgə təmsilçisinin heyətində yerli gənclər diqqət mərkəzinə düşməyi bacarır. Onlar özlərini yaxşı tərəfdən göstərir, sona qədər döyüşür, məğlubiyyətlə barışmaq istəmirlər. Belə gənclərdən biri də Qurban Səfərovdu.
- Qurban, futbolda ilk addımlarını necə atdın? İlk məşqçin kim olub?
- Futbolla məşğul olmağa elə “Keşlə”də başlamışam. Bir futbolçu kimi orda top oyununun sirlərini öyrənmişəm. Elə ilk müəllimlərim də “Keşlə”də çalışan mütəxəssislər olub. Onlardan Vəli Hüseynovun, Nurəddin Məmmədovun, Xəyal Mustafayevin adını çəkə bilərəm. Fürsətdən istifadə edib hər birinə ayrı-ayrılıqda təşəkkürümü çatdırmaq istəyirəm. Onlar hər biri mənim üzərimdə böyük zəhmət çəkiblər. Futbola gələndə sağa-sola ötürməni necə atmağın lazım olduğunu bilmirdim. Onlar mənə çox şey öyrədiblər, üzərimdə zəhmət çəkiblər. Bu gün mən premyer-liqa komandasında meydana çıxıramsa, futbolda müəyyən yerə gəlib çatmışamsa, məşqçilərimin sayəsindədi. Sevinirəm ki, məhz belə mütəxəssislərin nəzarəti altında məşq etmişəm.
- Futbola gəliş səbəb kiminsə sənin istedadınızı görüb, bu sahəyə yönəltməsi oldu, ya özün israrla futbolçu olmaq istədin?
- Futbola gəlişimin səbəbkarı (qapıçı Səlahət Ağayev – red.) dayımdı. O mənə həm də valideyn kimi yaxındı. Onu həm dayı, həm də valideyn kimi qəbul edirəm. 8-9 yaşımda futbola böyük marağım var idi. Dayım da mənə dedi ki, bir qədər böyü, sonra səni futbol məşqlərinə aparacam. Hiss etmişdi ki, müəyyən istedadım var. Bu səbəbdən də futbolla məşğul olmağımı arzulayırdı. Deyirdi ki, sənin futbolçu kimi böyük potensialın var. Sevinirəm ki, dayımın sözünə qulaq asdım və futbolla məşğul oldum. Buna görə də dayıma minnətdaram.
- Bəzən valideynlər narahat olur ki, övladları idmanla, futbolla məşğul olarsa, təhsildən uzaq düşəcəklər. Səndə belə bir problem oldumu? Böyüklər istəyinizə qarşı çıxdımı?
- Sözün açığı, futbola həvəsim həmişə yüksək səviyyədə olub və bütün başqa maraqlarımı üstələyib. Özüm də istəmişəm ki, böyüyəndə məhz futbolçu olum. Buna görə təhsili futbola qurban verməyə də hazır idim. Bütün diqqətimi futbola, məşqlərə yönəltdim. Heç valideynlərim də bu istəyimə qarşı çıxmadılar, futbol həvəsimə anlayışla yanaşdılar. Onlar da gördülər ki, mənim futbola böyük həvəsim var. Dedilər ki, bütün diqqətimi məşqlərimə yönəldim və gələcəkdə yaxşı futboolçu olum.
- Hazırda “Şamaxı”nın heyətində çıxış edirsən. Heyət bütünlüklə yerli futbolçulardan qurulub. Legionerlərin olmaması hansısa çətinlik yaradırmı, yoxsa kollektivin döyüşkənliyi ilə bu boşluğu doldurmaq mümkündü?
- Düzgün qeyd etdiz. Bizim komanda bütünlüklə yerli futbolçulara güvənib. Onların da əksəriyyəti gəncdi. Təkcə futbolçularımız yox, məşqçilərimiz də gənclərdi. Bizə bir qədər vaxt lazımdı ki, oyunumuzu tapaq. Əminəm ki, oyundan-oyuna “artıracağıq”, nəticələrimiz də yaxşılaşacaq. Zamanın bizim xeyrimizə işləyəcəyinə heç şübhəm yoxdu. O ki qaldı legionerlərə, onların gəlişi komandada rəqabət yaradar. Şəxsən mən belə rəqabətə hazıram, heç kimlə rəqabətdən çəkinmirəm. “Şamaxı” hazırda yeganə klubdu ki, legionersiz mübarizə aparır. Bunun özü yerli futbolçulara etimaddı. Məncə, bu nümunədən hər kəs yararlanmalı, azərbaycanlı gənclərə güvənmələdi. Belə etimad yalnız bizim xeyrimizədi. Yerli gənclərə oynamaq, püxtələşmək üçün şans vermək lazımdı. Hazırda “Şamaxı”nın heyətində əcnəbi futbolçunun olmaması da yerlilərə etimadın göstəricisidi.
- Bir gənc futbolçu kimi qarşında hansı hədəflər var?
- Hər bir futbolçu istəyir ki, “artırsın”, böyük klublarda oynasın. Amma hazırda mənim fikrim “Şamaxıda”dı. Komandanım uğuru üçün əlimdən gələni edirəm. İndi yalnız və yalnsız “Şamaxı”da məni göstərilən etimadı doğrultmalıyam. Burda mənə etimad göstəriblər, oynamağım və inkişaf etməyim üçün şərait yaradıblar. Sözsüz, hazırda Azərbaycanın ən güclü komandası “Qarabağ”dı. Ardıcıl çempionluqlar, avrokuboklarda qazanılan nəticələr bütün xalqımız kimi məni də sevindirir. Bir futbolçu kimi “Qarabağ”a uşaqlıqdan böyük simpatiyam olub. Amma mən indi “Şamaxı”nın futbolçusuyam. Yaxşı günlərim də, pis günlərim də bu klubda keçib. Mən də çalışıram ki, geydiyim formaya layiq olum, komandama fayda verim.
- Uşaq futbolunda qarşılaşdığın hansı problem səni daha çox narahat edir? Problemlərin həllinə nədən başlamalıyıq?
- Hər şey futbolçunun düşüncəsindən, məşqlərə və futbola yanaşmasından asılıdı. Məşqçilərim və böyüklərim həmişə mənə öyrədiblər ki, bir işlə məşğul olursansa, ona ciddi yanaşmalısan, bütün gücünü uğur qazanmaq üçün qoymalısan. Onlar məşqlərə can yandırmağı, hətta asudə vaxtlarda belə futbol barədə fikirləşməyi təbliğ edirlər. Mən indinin özündə də öyrənməyə, daha yaxşı oynamağa çalışıram. Yaşımın da elə vaxtıdı ki, əlimə düşən hər fürsətdən yararlanmalı, daha çox məşq etməliyəm. Bu mənada belə probləmlərin öhdəsindən gəlmək də özümüzdən asılıdı. İşimizə ciddi yanaşsaq, futbolda böyük uğurlar qazana bilərik.
İLKİN SULTANLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.