“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
Bu dəfəki müsahibimiz həmkarımız Pərviz Musayevdi. Onun adı heç şübhəsiz ki, azarkeşlərə yaxşı tanışdı. Amma onunla söhbətimizin mövzusu heç də öz sənəti, yəni idman jurnalistikası deyil. Pərviz bəy həm də idmançı atasıdı. Onun 17 yaşlı övladı Ömər Musayev Azərbaycanın şose velosipedi üzrə gənc oğlanlardan ibarət yığma komandamızın üzvüdü. Pərviz bəylə söhbətimizin əsas məqsədi də elə velosiped idmanı barədə məlumatlar almaq idi. Çünki həmkarımız həm də uzun müddət Velosiped İdmanı Federasiyasında çalışıb.
- Pərviz bəy, sizi savadlı idman jurnalisti və şərhçi kimi çoxları tanıyır. Eyni zamanda siz uzun müddət velosiped idmanı sahəsində çalışmısız. İstərdim ki, əvvəlcə bu idman növünün xüsusiyyətləri, onu Azərbaycanda inkişaf mərhələləri barədə danışaq.
- Mən 8 il Velosiped İdmanı Federasiyasında çalışmışam. Ordakı fəaliyyətimə 2013-cü ildən başladım, bu ilin martında ordakı işimdən ayrıldım. Sözsüz ki, SSRİ dönəmində Azərbaycanda yetərincə güclü velosipedçilər olub. Mənim bu sahədə çalışmağa başladımız illər isə müstəqil Azərbaycanda velosiped idmanının yüksəlişə başlaması kimi xarakterizə edilir. 2012-ci ildə o vaxtkı vergilər naziri Fazil Məmmədovun federasiya prezidenti seçilməsi ilə bu sahədə yeni bir inkişaf dalğası başlamışdı. Federasiya tərəfindən böyük işlər görülürdü. Azərbaycanda yeni bir velosiped mədəniyyəti formalaşdırılırdı. Söhbət velosipedin həm bir nəqliyyat vasitəsi, həm də idman növü kimi sevdirilməsindən gedir. Deyə bilərəm ki, federasiya rəhbərliyi yetərincə böyük işlər görürdü. Mən də bu işlərin bir parçası idim. “Tur de Azərbaycan” yarışının təşkilini xatırlamağımız kifayətdi. Yetərincə böyük miqyaslı bir yarış idi. Bu yarışların təşkili ilə Azərbaycan velosiped idmanı böyük populyarlıq qazandı. Federasiyanın işi idmanı inkişaf etdirməkdi. Amma biz çalışırdıq ki, təbliğat aparaq, insanlar həm də velosipedi bir nəqliyyat vasitəsi kimi sevsinlər, ondan yararlansınlar. Müxtəlif dövlət qurumları ilə birlikdə xeyli təbliğati işlər görülürdü. Təvəzökarlıqdan uzaq olsa da, deyim ki, bu işlərin sayəsində Azərbaycanda velosipeddən istifadə edənlərin sayı xeyli artdı. Yeniyetmə və gənclər velosiped idmanı ilə məşğul olurdular. Özümüzün komandamız formalaşdı. “Synergy Baku” komandasında həm yerli, həm də əcnəbilər çıxış edirdi. Yaxşı nəticələrimiz vardı. 2017-ci ildən bəzi problemlər başladı. Təəssüf ki, bu sahədə maddi problemlər yaşandı. Amma qısa müddətdə xeyli irəliləyişə nail olduq. Sevinirəm ki, mən də bu işin parçası idim. Bu idman növü texniki idmandı. Yəni ki, maddi vəsait olmalıdı ki, velosipdelər və digər texniki vasitələr alınsın. Belə velosipedlər ucuz deyil. Maliyyə problemləri inkişaf mərhələsini müəyyən mənada dayandırdı. Komandamız dağıldı, acı reallıqdı ki, bəzi idmançılarımız idmanı atmalı oldular. 2021-ci ilin noyabr ayından artıq federasiyada yeni rəhbərlik var. Azərbaycanın milli qəhrəmanı, general polkovnik, Müdafiə Sənayesi Naziri Mədət Quliyev federasiyanın prezidentidi. İnanıram ki, yeni rəhbərliklə birlikdə bizim velosiped idmanı tezliklə yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Biz də bu ümumi inkişafa baxıb, sevinəcəyik. Hazırda federasiyada dostlarım çalışır. Onlara uğurlar arzulayıram.

- Siz eyni zamanda idmançı valideynisiz. Bilirəm, təvəzökarsız. Amma oğlunuz Ömər Musayev barədə danışardıq. Onun idmanla məşğul olmağa başlaması, qazandığı nailiyyətlər barədə bizə məlumat verərdiz.
- İstənilən yeniyetmənin və uşağın əli çatan bir velosipedi olur. Uşaqlarda velosipedə sevgisi olur. Mən də uşaq vaxtı Ömərə velosiped almışdım. Bir az böyüdü, bundan uzaq düşdü. Amma mənim federasiyada işə başlamağım 2018-ci ildən onda da maraq yaratdı. Özü dedi ki, velosiped idmanı ilə məşğul olmaq istəyirəm. “Velotrek” də evimizə yaxın idi. Amma əvvəlcədən mən övladıma bir söz dedim: “Sən orda hamı kimi bir idmançısan. Onu unut ki, sənin atan federasiyada işləyir”. İlk vaxtlar müəyyən qədər öz yaş kateqoriyasında nəticə verə bilmirdim, ara-sıra yer tuturdu. İdmanla məşğul olan hər bir uşağın valideyni öz övladının uğur qazanmasını arzulayır. Bu idman növü elə bir yarışdı ki, nəticə verə bilsən, qalib olursan, hər şey göz qabağındadı. Yavaş-yavaş başladıq, yekun nəticəmiz odu ki, 2022-ci il üçün Ömər gənclər yığmasının heyətinə düşdü. Ötən il fərdi yarışlarda ikinci oldu. Bu da onun gənclər arasında ilk böyük uğuru idi. Tədricən nəticələrin yaxşılaçacağını gözləyirdik. Bu ildən etibarən nəticələr daha da yaxşılaşıb. İştirak etdiyi əksər yarışlarda Ömər yer tutur. Hələki gənclər kateqoriyasında qızıl medalımız yoxdu. Qrup ötüşməsində üçüncü yer tutub, fərdi yarışda isə ikinci. Görünən odu ki, Ömər fərdi yarışlarda daha yaxşı çıxış edir. 1-ci ola bilmirsə, deməli, kimsə Ömərdən daha güclüdü. Bunu oğlum özü də yaxşı başa düşür. Müəyyən şeyləri öz aramızda müzakirə edirik, gənclər kateqoriyasında ondan güclü idmançının olması daha çox çalışması üçün stimuldu. Federasiya kuboku yarışlarında nəticələrimiz var, həm trekdə, həm də şose yarışlarında uğur qazana bilir.

- Gələcək planlarınız necədi? Oğlunuz bu sahədə hansı mərhələyə qədər irəliləməsini arzulayardız?
- Mənim üçün ilk növbədə Ömərin sağlamlığı, idmanla məşğul olmasıdı. Biz bu yola qədəm qoyanda da deməmişik ki, Ömər mütləq mükafat alsın, yer tutsun. Velosiped yeniyetmə orqanizminin formalaşması, çəki və boyun qaydaya düşməsi üçün əvəzsiz vasitədi. Hamı istəyir ki, övladının sağlamlığı qaydasında olsun, uşaq pis vərdişlərdən uzaq dursun. Nəticə ikinci dərəcəlidi. Amma zaman keçdikcə görürük ki, Ömər yer tuta bilir. Burda sirr yoxdu. Hər bir valideyn övladının təhsildə birinci olmasını düşünür. Bəzən narahat oluruq ki, uşaq idmanla məşğul olur, dərslərdə axsama başlayacaq. Belə olanda mən də Ömərə deyirdim ki, velosipedə başın çox qarışır, dərsləri unudursan. Bəzən velosiped sevgisi daha üstün gəlir. Mən özüm də uşaqkən güləşlə məşğul olmuşam, nəticələrim də yaxşı idi. Amma 9-cu sinifdə idmanı atdım, təhsilə atdım. Buna görə də istəməmişəm öz övladıma təzyiq göstərim. Demişəm ki, çalış heç birini axsatma. Bu il Ömər orta məktəbi bitirib, ali məktəbə imtahan verdi. Şükürlər olsun ki, Azərbaycan Dillər Universitetinin “Regionşunaslıq” fakültəsinə qəbul olundu. Federasiyadan ayrıldıqdan sonra da yarışlarına gedirəm, özüm də yarışların ab-havasına düşürəm. Çalışıram ki, nəticələri daha yaxşı olsun, Öməri həvəsləndirirəm. Heç vaxt ona seçim qoymamışam. Valideynlərə də bunu tövsiyyə edərəm. Övladın qarşısını kəsmək olmaz. Hər şeyin yaxşı olmasını istəsək də, bunu təzyiq formasında etməməliyik. Biz uşaqların seçiminə hörmətlə yanaşmalıyıq. Öz üzərimdə də bunu hiss edirəm. İdman həvəsinin qarşısını almaq olmaz. Hansı mərhələyə qədər getməsini istərdim? Məlum məsələdi ki, mən onun önünü kəsə bilmərəm. Özü yetkinləşir, mənim borcum ona düzgün məsləhət verməkdi. Yeniyetməlik dövrüdü, sözsüz ki, həyata öz baxışı var. Sırf psixologiya məsələsidi. Valideynlər də anlayışla qarşılamalıdılar. İstəyirəm ki, Ömər pis əməllərdən, pis vərdişlərdən uzaq olsun. Şükür ki, bu mənada mənim narahatçılığım yoxdu. İdman həm də uşaqlara məsuluyyətli olmağı öyrədir.

- Elə sualımızın davamı kimi soruşum. Bir valideyn kimi mövqeyiniz maraqlıdı. Təhsil və idman bir-birinə nə qədər uyğunlaşır? İdmanla məşğul olan uşaqlar təhsildən uzaq düşməmək üçün nə etməlidi?
- Təhsillə idmanı bir araya uyğunlaşdırmaq çox çətindi. Çox nadir hallarda olar ki, kimsə həm idmanla yüksək səviyyədə məşğul olsun, həm də təhsilini normal davam etdirsin. Sözsüz ki, istisnalar həmişə var. Onu da nəzərə alıram. Lakin reallıq da gözümüzün önündədi. Hər kəs istər ki, övladı həm dərs oxusun, həm də yaxşı idmançı olsun. Amma bunları müqayisə edəndə, tərəzinin hansısa gözü ağır gəlməlidi. Ya gərək idmançı özü uzlaşma tapsın, ya da valideyn övladının arzusuna anlayışla yanaşsın. Onun qəlbini qırmasın. Bu mənada valideynlərdən çox şey asılıdı. Az öncə qeyd etdiyim kimi, övladım ali məktəbə qəbul olundu. Ərəb ölkələri üzrə regionşunaslıq fakültəsində oxuyacaq. Gördüyünüz kimi, biz çalışırıq ki, idmanla təhsili bir araya sığdıraq. Həm idmanla məşğul olaq, həm də təhsili axsatmayaq. Çətin olsa da, bunu bacarmaq mümkündü.
- İdmançı valideynlərinə nə demək istərdiz? Çətinliklərin öhdəsindən necə gəlmək lazımdı?
- Övladla valideyn arasında fikir ayrılığı olmamalıdı. Belə olan yerdə problemlər yaranır. Yeniyetmə psixologiyasını nəzərə almaq lazımdı. Hazırda övladımın həm təhsilini, həm də idmanı düşünən bir valideyn kimi bunları deyə bilərəm. İdman uşağın sağlamlığı üçün vacibdi. Həm də ola bilər ki, uşaq yaxşı idmançı ola bilər. Belədə onun qarşısını kəsmək olmaz. Təhsil də gələcək baxımından vacibdi. Anlayış göstərmək lazımdı. Övladlar bilməlidi ki, valideynlər onların pisliyini istəməz. Bura yaxşı bir idmançı kimi yetişmək də daxildi. Valideyn görsə ki, övladı yaxşı idmançı ola bilər, onda uşağa dəstək vermək lazımdı. Mən evdə Ömərin elə istəkli olduğunu görmüşəm ki, özüm demişəm ki, dərsdən icazə alaq, amma get, yarışda yaxşı sür, uğur qazan. Məşqçilər övladımın perespektivli idmançı olduğunu deyir. Düzdü, hələki nəticələr ölkədaxili yarışlarla məhdudlaşır. Hələ beynəlxalq yarışlara qatılmayıb. Reallıq belədi ki, Azərbaycan velosiped idman növündə dünyada fərqlənənlərdən deyil. Bu idman növü də çox çətindi. İstənilən halda, övladımın yaxşı bir idmançı olmaqla yanaşı təhsilini davam etdirməsini istəyirəm. Əlimdən gələn dəstəyi də verirəm. İstərdim ki, bütün valideynlər də övladlarına belə yanaşsınlar.
İLKİN SULTANLIYazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.