Nəhayət, 12 illik fasilədən sonra dünya çempionatı yenidən Cənubi Amerikada keçirildi.
1930-cu və 1950-ci illərdə olduğu kimi, bu dəfə də sözügedən qitənin təmsilçisi çempion tituluna sahib çıxdı. Ümumilikdə Çilidəki turnir həmçinin ən kobud mundial kimi yaddaşlarda qaldı.
Braziliya: növbəti inqilabi sxem və qarşısıalınmaz Qarrinça!
Əvvəlki iki mötəbər yarışın Avropada keçirilməsinin ardından Cənubi Amerika təmsilçiləri eynilə 1938-ci ildəki kimi, FİFA-nı mümkün boykot ilə hədələdilər. Buna görə də ali futbol qurumu bu qitənin ölkələri arasından seçim etməyə məcbur oldu. AFR-in FİFA-nın xahişiylə namizədliyini geri götürməsindən sonra təkcə Argentina ilə Çili mübarizə aparmağa davam etdilər. Əslində sonuncuların şansı cüzi görünürdü, çünki ölkələrin idman infrastrukturu, iqtisadi və siyasi durumu müqayisəyə gəlmirdi. Ancaq Çili Futbol Federasiyasının prezidenti olan Karlos Dittborn çoxsaylı ölkələrə səfərləri sayəsində vəziyyəti dəyişə bildi. 1956-cı ildə Lissabonda baş tutan FİFA-nın konqresində Argentinanı təmsil edən Raul Kolombo çıxışını belə başa vurdu: “Mundialı lap sabah keçirə bilərik. Bunun üçün hər şeyimiz var”. Növbəti gün isə Dittborn nitqinin sonunda bunları dedi: “Bizim isə heç nəyimiz yoxdu, bu səbəbdən hər şeyə sahib olmaq istəyirik”. Çilinin xeyrinə qərar verilsə də, 1960-cı ildə mundial bu ölkənin əlindən alına bilərdi: həmin vaxt maqnituduna görə tarixin qeydə alınan ən güclü Valdiviya zəlzələsi ölkənin sənaye potensialının 20 faizini məhv etdi və yüz minlərlə çililini evsiz qoydu. Dəhşətli təbii fəlakətdən sonra Dittborn bir daha FİFA-ya müraciət etdi: “İndi heç nəyimiz qalmayıb, heç olmasa, mundialı əlimizdən almayın”. Çilinin prezidenti isə ali futbol qurumuna turnirin yüksək səviyyədə keçirilməsi ilə bağlı söz verdi. Nəticədə seçim dəyişməz qaldı. Təəssüf ki, Dittborna bu futbol bayramını görmək nəsib olmadı: DÇ-62-nin startına 1 ay qalmış dünyasını dəyişdi.
Mundialın ev sahibi olan Çili ilə son çempion Braziliya birbaşa final mərhələsinə buraxıldılar. Maraqlıdı ki, qalan 14 vəsiqə uğrunda həm əvvəlcədən iştirakını təsdiqləyən, həm də sonradan mübarizə aparan millilərin sayı DÇ-58 ilə tam eyni alındı: uyğun olaraq 54 və 49. Rumıniya, Kanada, Sudan, Misir və İndoneziya fikrini dəyişməklə yadda qaldılar. Avropa zonasının seçmə mərhələsinin böyük sensasiya yaşandı: Fransa yığması Milandakı əlavə oyunda Bolqarıstana uduzdu. 4 il əvvəlki turnirin gümüş mükafatçısı İsveçin İsveçrəyə məğlubiyyəti də diqqəti çəkdi. İkiqat dünya çempionları – İtaliya ilə Uruqvayın 8, möhkəm İspaniya millisinin isə 12 illik fasilədən sonra mundiala qayıdışı da yaddaqalan alındı.
Final mərhələsində yenə də 4 qrupun hər birində 4 komanda yer aldı. Reqlamentdə, nəhayət, çoxdan gözlənilən dəyişiklik edildi: millilər 3 oyundan sonra eyni sayda xal toplayacaqdısa, bu dəfə top fərqinə baxılacaqdı. Əslində komandalar hələ ötən mundialdan əvvəl FİFA-dan bunu xahiş etmişdilər, ancaq həmin vaxt qurum əlavə matça üstünlük vermişdi. Sonuncu qrupda məhz belə hal yaşandı və İngiltərə daha yaxşı top fərqinə görə Argentinanı qabaqladı.
Pley-offa gəlincə, 1/4 finalın ən böyük sensasiyası meydan sahiblərinin SSRİ-yə qalib gəlməsi oldu. Görüşün əvvəllərində başından zərbə alan Lev Yaşinin hər iki qolda ciddi səhvi Çili yığmasına mundiallar tarixində ilk və hələlik sonuncu yarımfinal sevinci yaşatdı. Oyundan sonra əfsanəvi qapıçı SSRİ-də “qurbanlıq qoyun”a çevrildi. Yuqoslaviya millisinin Macarıstan səddini aşması da çoxları üçün gözlənilməz oldu. Qolkiper Vilyam Şroyfun həmin matçdakı inanılmaz qurtarışları xüsusi vurğulanmalıdı.
Finalda qrup mərhələsinin eyni “kvartet”ində mübarizə aparan və o vaxt qolsuz heç-heçəyə razılaşan iki komanda qarşılaşdı. Taleyin istehzasına bax ki, Çexoslovakiyanın qızıl medallara olan ümidlərinin üstündən məhz Şroyf xətt çəkdi. İlk hissədə yaxın küncə endirilən zərbəni dəf edə bilməyən qapıçı 2-ci yarıda Vavanın qolu zamanı topu hücumçuya hədiyyə etdi. Bununla da Braziliya yığması ardıcıl ikinci mundialda qızıl medallar qazandı. Çexoslovakiya isə bir daha heç vaxt nəinki mundialın finalında oynamadı, heç ən yaxşı 4 komanda sırasına da düşə bilmədi.
DÇ-1962 – ÇİLİ
Vaxt: 30 may – 17 iyun
Oyunların keçirildiyi şəhərlər: Arika, Rankaqua, Santyaqo, Vinya del Mar
Oyunların keçirildiyi stadionların sayı: 4
İştirakçılar (3 konfederasiyadan 16 milli komanda): AFR, Argentina, Bolqarıstan, Braziliya, Çexoslovakiya, Çili, İngiltərə, İspaniya, İsveçrə, İtaliya, Kolumbiya, Macarıstan, Meksika, SSRİ, Uruqvay, Yuqoslaviya.
Oyun sayı: 32
Qol sayı: 89 (orta hesabla 2,78)
Poker: 0
Het-trik: 1
Penalti: 8 (hamısı dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 1 (6)
Avtoqol: 0
Tamaşaçı sayı: 893172 (orta hesabla 27912)
1-ci yer: Braziliya
2-ci yer: Çexoslovakiya
3-cü yer: Çili
4-cü yer: Yuqoslaviya
Bombardirlər: Qarrinça, Vava (hər ikisi Braziliya), L.Sançes (Çili), V.İvanov (SSRİ), Albert (Macarıstan), Yerkoviç (Yuqoslaviya) – 4
Turnirin rəmzi yığması
Qapıçı – Vilyam Şroyf (Çexoslovakiya); müdafiəçilər – Nilton Santos, Calma Santos (hər ikisi Braziliya), Yan Popluqar (Çexoslovakiya), Vlatko Markoviç, (Yuqoslaviya); yarımmüdafiəçilər – Zito (Braziliya), Yozef Masopust (Çexoslovakiya); hücumçular – Qarrinça, Vava (hər ikisi Braziliya), Leonel Sançes (Çili), Drajan Yerkoviç (Yuqoslaviya).
1-ci qrup: Uruqvay – Kolumbiya 2:1, SSRİ – Yuqoslaviya 2:0, Yuqoslaviya – Uruqvay 3:1, SSRİ – Kolumbiya 4:4, SSRİ – Uruqvay 2:1, Yuqoslaviya – Kolumbiya 5:0.
1. SSRİ 3 2 1 0 8-5 5
2. Yuqoslaviya 3 2 0 1 8-3 4
3. Uruqvay 3 1 0 2 4-6 2
4. Kolumbiya 3 0 1 2 5-11 1
2-ci qrup: Çili – İsveçrə 3:1, AFR – İtaliya 0:0, Çili – İtaliya 2:0, AFR – İsveçrə 2:1, AFR – Çili 2:0, İtaliya – İsveçrə 3:0.
1. AFR 3 2 1 0 4-1 5
2. Çili 3 2 0 1 5-3 4
3. İtaliya 3 1 1 1 3-2 3
4. İsveçrə 3 0 0 3 2-8 0
3-cü qrup: Braziliya – Meksika 2:0, Çexoslovakiya – İspaniya 1:0, Braziliya – Çexoslovakiya 0:0, İspaniya – Meksika 1:0, Braziliya – İspaniya 2:1, Meksika – Çexoslovakiya 3:1.
1. Braziliya 3 2 1 0 4-1 5
2. Çexoslovakiya 3 1 1 1 2-3 3
3. Meksika 3 1 0 2 3-4 2
4. İspaniya 3 1 0 2 2-3 2
4-cü qrup: Argentina – Bolqarıstan 1:0, Macarıstan – İngiltərə 2:1, İngiltərə - Argentina 3:1, Macarıstan – Bolqarıstan 6:1, Macarıstan – Argentina 0:0, İngiltərə - Bolqarıstan 0:0.
1. Macarıstan 3 2 1 0 8-2 5
2. İngiltərə 3 1 1 1 4-3 3
3. Argentina 3 1 1 1 2-3 3
4. Bolqarıstan 3 0 1 2 1-7 1
1/4 final
Çili – SSRİ 2:1
L.Sançes, 11. Roxas, 29 – Çislenko, 26.
Yuqoslaviya – AFR 1:0
Radakoviç, 85.
Braziliya – İngiltərə 3:1
Qarrinça, 31; 59. Vava, 53 – Hitçens, 38.
Macarıstan – Çexoslovakiya 0:1
Şerer, 13.
yarımfinal
Çexoslovakiya – Yuqoslaviya 3:1
Kadraba, 48. Şerer, 80; 84-p. – Yerkoviç, 69.
Braziliya – Çili 4:2
Qarrinça, 9; 32. Vava, 47; 78 – Toro, 42. L.Sançes, 61-p.
3-cü yer uğrunda oyun
Çili – Yuqoslaviya 1:0
Roxas, 90.
final
Braziliya – Çexoslovakiya 3:1 (1:1)
Braziliya: Jilmar, Calma Santos, Mauro Ramos, Zozimo, Nilton Santos, Zito, Didi, Qarrinça, Zaqallo, Amarildo, Vava.
Çexoslovakiya: Şroyf, Tixi, Popluqar, Pluskal, Novak, Kvaşnyak, Pospixal, Masopust, Elinek, Kadraba, Şerer.
Qollar: Masopust, 15 (0:1). Amarildo, 17 (1:1). Zito, 69 (2:1). Vava, 78 (3:1).
Hakim: Nikolay Latışev (SSRİ).
17 iyun. Santyaqo. “Nasyonal” stadionu. 68679 tamaşaçı.
Bilirsizmi?
Qrup mərhələsinin 2-ci turu çərçivəsində Çexoslovakiya ilə oyunda ağır zədələnən Pele turnirin sonuna qədər sıradan çıxdı. Matçdan sonra komanda üzvləri hücumçunu ziyarət etmək üçün xəstəxanaya gəldilər və ona ardıcıl ikinci dəfə dünya çempionu olacaqları ilə bağlı söz verdilər. Pelenin özü artıq 3-cü turda İspaniyaya qarşı görüşdə yaşıl meydana qayıtmaq istəyirdi və həkimdən ağrıkəsici iynə vurmasını tələb edirdi. Hilton Qoslinq qətiyyən razılaşmadı: “Heç vaxt! Bu, sənin karyeranı məhv edə bilər. Yalnız bərpa kursunu tam keçəndən sonra oynayacaqsan”. Calma Santos olanları belə xatırlayır: “Pele heç nəyə baxmayaraq, meydana dönmək niyyətində idi və bunun üçün gecə-gündüz səy göstərirdi. Müalicə kursu primitiv idi: masajçımız Mario Ameriko dəsmalı dəniz suyu olan vedrəyə salırdı, ardınca isə Pelenin ayağına şappıldadırdı. Komandanın sıralarına qayıtmağı o qədər çox istəyirdi ki, ayağı qıpqırmızı olmuşdu”.
Bu yerdə “futbol kralı”nın illər sonra kitabında yazdığına da nəzər salmaq maraqlı olar: “Çexoslovakiya ilə oyunda var gücümlə qapıya zərbə endirdim və birdən qasıq nahiyəmdə ağrı hiss etdim. Ayağımı qaldırdım, sonra isə gücsüz halda yerə yıxıldım. Həmin vaxt dəyişikliyə icazə yox idi, buna görə futbolçu zədəli olsa belə, onu meydana saxlamaq daha məqsədəuyğun sayılırdı. Mehmanxanaya güclə gəlib çatdım. Həkim Qoslinq məni müayinə etdi və “görünür, bu mundialda bir daha oynaya bilməyəcəksən” dedi. Finaldan əvvəl özümü yaxşı hiss edirdim və məşqlərdə künc zərbələri üzərində işləmək istəyirdim. Ancaq elə ilk cəhddən sonra güclü ağrı hiss etdim və yenidən həmin əzələmi dartdığımı anladım. Bu an göz yaşlarımı saxlaya bilmədim”.
Maraqlıdı ki, Pele qrup mərhələsindən sonra vətəninə qayıtmaq üçün icazə istədi. Amma nümayəndə heyətinin rəhbəri onu fikrindən daşındıra bildi: “Komanda ilə birgə olmağın rəqiblərdə meydana mümkün qayıdışın planında qorxu hissi yaradacaq”. Bundan əlavə, hücumçunun paltardəyişmə otağında yer alması braziliyalı futbolçulara da müsbət təsir göstərirdi.
DÇ-nin ulduzu
Qarrinça – tarixin bəlkə də ən yaxşı sağ cinah hücumçusu Pelenin zədələnməsindən sonra liderliyi üzərinə götürdü. Məhz onun pley-offda İngiltərə və Çili ilə oyunlarda dublu Braziliyanın finala çıxmasında əsas rol oynadı. Halbuki həkimlər anadangəlmə anatomik qüsurları olan (futbolçunun sol ayağı içəri, sağ ayağı isə çölə doğru əyri idi. Həmçinin sol ayağı sağdakından 6 sm qısa idi) uşağın normal yeriyəcəyinə belə inanmırdılar. 4-ci sinifdən sonra təhsilini davam etdirməyən, oxumağı və hesablamağı çətinliklə bacaran Qarrinça adını dünya futbolunun tarixinə yazdırdı. Yarımfinalın ardından Çilinin “Mercurio” qəzeti bunları yazmışdı: “Qarrinça hansı planetdəndi?! Onun əyri ayaqları ilə topla etdiklərini heç basketbolçular əlləriylə təkrarlaya bilməz”.
Çempion məşqçi
Aymore Moreyra – 1953-cü ildə qısa müddət ərzində millidə işləyən məşqçi 8 il sonra ikinci gəlişində radikal dəyişikliyə əl atdı. O, DÇ-58-də Braziliyaya qızıl medallar qazandıran 4-2-4 sxemini 4-3-3-ə dəyişdi. Yeni taktikada əvvəllər cinah hücumçusu mövqeyində oynayan Mario Zaqallo artıq yarımmüdafiədə çıxış edirdi. Təbiətcə sakit insan olan Moreyra 1986-cı ildə keçirdiyi ağır əməliyyatdan sonra məşqçi karyerasını başa vurdu və jurnalist, eləcə də şərhçi işləməyə başladı.
Maraqlıdı...
* Çili – İtaliya oyunu tarixə “Santyaqo döyüşü” kimi düşdü. “Nasyonal” stadionuna toplaşan 66 min azarkeş futboldan çox dava-dalaşın şahidi oldu. Oyuna nəzarəti tam itirən ingilis hakim Kennet Aston meydan sahiblərinin aşkar kobudluqlarına göz yumduğu halda (məsələn, çilili Sançes rəqibi Maskyonun burnunu sındırsa da, referi tərəfindən cəzalanmadı), iki italyan oyunçunu ilk hissədə meydandan qovdu. Nəticədə “skuadra adzurra” bu matçda uduzdu və pley-offa çıxa bilmədi. Ümumiyyətlə, Çilidəki mundial bugünədək kobudluq planında bir nömrəli DÇ sayılır: turnirin gedişində 12 futbolçu ciddi xəsarətlər aldı, hakimlər isə 6 dəfə qırmızı vərəqə göstərməli oldu.
* Qarrinça finalda meydana çıxmaya bilərdi: yarımfinalda çilililərin hər dəfə ayağına zərbə endirməsindən bezən futbolçu rəqibi Roxasa yüngül cavab qaytardı və qarşısında qırmızı vərəqə gördü. Meydanı tərk edərkən isə tribunadan atılan şüşə qab başına tuş gəldi, həkimlər 4 tikiş qoymalı oldular. Matçdan sonra İntizam Komitəsi hakimin qərarını səhv adlandırdı və Qarrinçanın finalda oynamasına icazə verdi. Buna baxmayaraq, Çexoslovakiya yığması həlledici görüşdə hücumçunu zərərsizləşdirə bildi.
* Kolumbiyalı yarımmüdafiəçi Marko Kol SSRİ ilə oyunda (4:4) birbaşa künc zərbəsindən rəqib qapısına yol tapdı. Bu, mundiallar tarixində hələ də yeganə belə qoldu! Özü də Kol əfsanəvi Yaşini məyus etdi.
* Final matçından sonra Çexoslovakiya tərəfi görüşü idarə edən sovet hakim Nikolay Latışevin idarəçiliyinə qiymət verərkən “referi sosializm ideyasını dərk etmir” ifadəsini işlətdi.
Faktlar
* Braziliya İtaliya və Uruqvaydan sonra 3-cü ikiqat dünya çempionu kimi tarixə düşdü. “Selesao” həmçinin “skuadra adzurra”nın (1934, 1938) ardından titulunu qoruyan ikinci və hələlik son millidi.
* Braziliyalı Vava iki final oyununda qol vuran ilk futbolçu oldu.
* 6 futbolçu hərəyə 4 qol vurmaqla turnirin ən məhsuldar oyunçusu adına sahib çıxdı. Bununla da Çilidəki mundial bombardirin az qol vurduğu DÇ kimi tarixə düşdü.
* Kolumbiya və Bolqarıstan milliləri dünya çempionatında debüt etdi.