Yaxın gələcəkdə Liqa 1-in siması bir qədər dəyişəcək.
Fransa çempionatının ən yüksək liqasının 2023/24 mövsümündə indiki kimi 20 yox, 18 komanda iştirak edəcək. Bəribaşdan qeyd edək ki, ölkənin bütün peşəkar liqalarına nəzarət edən Peşəkar Futbol Liqası (PFL) bu qərarı hələ ötən mövsümün gedişində qəbul etmişdi.
Nə dəyişəcək?
2023-cü ilin yazında Liqa 2-yə 4 komanda düşəcək, elit liqaya isə 2-ci diviziondan yalnız 2 klub vəsiqə qazanacaq. Bundan sonra ilk iki divizion arasında yerdəyişmələr əvvəlki görkəminə qayıdacaq: Liqa 1-də son iki komanda yerini Liqa 2-nin ən yaxşı iki iştirakçısına verəcək, elit divizionda sondan 3-cü yeri tutan isə aşağı liqanın üçüncüsü ilə pley-off oyunları keçirəcək. Xatırladaq ki, bir neçə ay əvvəl PFL-də səsverməyə çıxarılan təklifə, demək olar ki, bütün klublar müsbət cavab vermişdi: yeniliyi yalnız “Mets” rəhbərliyi bəyənməmişdi.
Yeri gəlmişkən, “ətirlər ölkəsi”nin yüksək liqası daha əvvəl belə formatla keçirilib. 1-ci divizion 2002/03 mövsümünə qədər 18 komandanın iştirakı ilə keçirilib, sonra iştirakçıların sayı 20-yə qədər artırılıb.
PFL-in prezidenti Vensan Labrün əvvəlki formata dönüşün yeni islahatlara yol açacağına əmindi:
“Çox yaxşı qərardı. Bu qərar Fransa futbolunda klubların və futbolçuların birliyini göstərir. Liqa 1-də komanda sayının azalması gələcəkdə ambisiyalı islahatlar planı üçün yaxşı zəmin formalaşdıracaq”.
Yeni formata nə üçün qərar verilib?
PFL rəhbərliyi məlum qərarın rəsmən Çempionlar Liqasındakı islahatlarla bağlı olduğunu bəyan edib. Bilindiyi kimi, qitənin ən gəlirli klub turnirində 2024-cü ildən başlayaraq qrup mərhələsində hər komanda indiki kimi 6 yox, 10 oyun keçirəcək. Liqa 1-də sayın azalması isə aparıcı klubların oyunçularını həddən artıq yüklənmədən bir qədər xilas edəcək.
Görünür, Liqa 1-in rəhbərliyi Andrea Anyellinin strategiyası ilə hərəkət edir. Yaxın keçmişdə Avropa Klublar Assosiasiyasına da rəhbərlik edən “Yuventus”un prezidenti belə açıqlama vermişdi:
“Biz həqiqətən də 20 komandanın ölkə çempionatlarında rəqabət balansının qorunması baxımından çox olduğunu düşünürük”.
Əslində isə klublarla funksionerləri hərəkətə keçirən düşdükləri təşviş vəziyyətidi. Fransada teleyayın hüquqlarının satışı sahəsində böyük porblemlər mövcuddu: səbəb “Mediapro” şirkəti və onun çoxsaylı kreditləri ilə bağlıdı. Bu məsələ ictimaiyyətə hələ 2020-ci ilin sonunda məlum olmuşdu. Şirkət həmin ilin iyulunda və avqustunda klublara 143 milyon avro məbləğində ilk ödənişləri reallaşdırdı. “Mediapro” bu vəsaiti səhmdarların və kreditlərin sayəsində təmin etmişdi. Bir müddət sonra əsl həngamə qopdu: şirkət oktyabrın 5-də (172,3 milyon avro tələb olunurdu) və dekabrın 5-də (152,5 milyon avro tələb olunurdu) növbəti öhdəliklərini yerinə yetirmədi. Qeyd edək ki, problem yalnız “Mediapro” ilə bağlı deyildi. 2020-ci ildə koronavirus pandemiyasına görə dayandırılan Fransa çempionatı bərpa olunmadı və PSJ yarımçıq mövsümün qalibi elan edildi. Qeyd edək ki, həmin il Avropanın digər aparıcı liqalarında (İngiltərə, İspaniya, İtaliya, Almaniya) mövsüm müəyyən fasilədən sonra bərpa olunmuşdu.
İndi Liqa 1-in “Canal+” ilə daha etibarlı müqaviləsi var. Bu şirkət isə ilk növbədə çempionat iştirakçılarının sayının azaldılmasını təkid edirdi. “Canal+” rəhbərliyi əvvəlcə çempionatı bütövlükdə işıqlandırmaq yerinə yalnız turun ən çox maraq doğuran matçlarını efirə daşımaqda maraqlı idi. Şirkət bununla klublara daha az pul ödəmək niyyəti güdürdü. Amma eyni zamanda əməkdaşlıq üçün ikinci variantı da təklif etmişdi: Liqa 1-də komandaların sayı 16-ya (bu təklifi yalnız “Lion” bəyənmişdi) və ya 18-ə qədər azaldılmalı idi. “Canal+” yalnız bu şərt yerinə yetiriləcəyi halda teleyayın hüququna nəzarət paketinə sahib çıxacağını bəyan etmişdi. Artıq qərar qüvvəyə minib. Matçların sayı yaxın gələcəkdə azalsa da, qiymətlər və dövriyyə əlverişlidi.
Labrün şirkətlə müqaviləni rəsmiləşdirəndən sonra, demək olar ki, 20 il mövcud olan formatı dəyişib. PFL-in prezidenti yeni mövsüm ərəfəsində jurnalistlərə belə açıqlama verib:
“Bunları yalnız futbol üçün etdiyimizi desək, yalan danışmış olarıq. Reallıq belədi: teleyayın hüququnun satışı planında problemi yoluna qoymaq üçün oyunların sayı azaldılmalı idi”.
Başqa top-liqalarda nəyi dəyişmək olar?
Avropanın digər aparıcı liqalarında da dəyişiklik ab-havası yaranıb. Bu planda baş verən son hadisələrə nəzər salaq.
Bundesliqa. Bu ilin fevralında Almaniya Futbol İttifaqının yeni icraçı direktoru Donata Hopfen bundesliqada müntəzəm çempionat sona çatandan sonra mükafatlar uğrunda pley-off oyunlarının təşkilini təklif etmişdi. Lakin ən yüksək liqanın əksər iştirakçıları hələ ki bu ideyaya qarşı çıxırlar.
A seriyası. İtaliya Futbol Federasiyasının (İFF) prezidenti Qabriele Qravina 2023-cü və ya 2024-cü ildən başlayaraq pley-off sisteminin təşkilini zəruri sayır. Onun layihəsinə əsasən, A seriyasında mövsümün həlledici mərhələsini 4, 6 və ya 8 komandanın iştirakı ilə təşkil etmək və mükafatçılara bu şəkildə aydınlıq gətirmək olar. Qravina həmçinin ən yüksək liqadan B seriyasına düşəcək komandaların da pley-off sistemi ilə müəyyənləşməsini təklif edib. O da A seriyasında komandaların sayının 20-dən 18-ə endirilməsini vacib sayır. Qeyd edək ki, İFF-nin prezidenti bu ideyanı idman sahəsində maliyyə planında araşdırmalar aparan “Deloitte”nin hesabatına əsaslanaraq irəli sürüb.
La Liqa. İspaniya futbolunda hələ ki konkret təkliflə çıxış edən olmayıb. Lakin yerli federasiya La Liqanın prezidenti Xavyer Tebasa komandaların sayını azaltmağı və yeni format haqda düşünməyi tövsiyə edib. Tebas inkişafameyilli baxışlarına baxmayaraq, bunları qəbul etməyə tələsmir.