PSJ-də böyük “təmizlik” əməliyyatına hazırlıq gedir.
Etibarlı qaynaq sayılan “Le Parisien” xəbər verir ki, klub nə az, nə çox – 11 futbolçudan qurtulmaq istəyir. Ən maraqlı məqam budu ki, Neymar siyahıda yoxdu. Komandanın yeni baş məşqçisi Kristof Qaltye artıq onu tərifləməyə də imkan tapıb:
“Neymar dünya səviyyəli oyunçudu, dünyada ən yaxşılardan biridi. Hansı məşqçi onunla işləmək istəməz ki?! Ondan nə gözləyəcəyimlə bağlı aydın təsəvvürlərim var. Əlbəttə, onun qalmasını istəyirəm”.
İndi isə PSJ-nin vidalaşmaq istədiyi futbolçuların siyahısı ilə tanış olaq. Klub onların transferinə ümumilikdə 282 milyon avro xərcləyib.
Müdafiəçilər – Leven Kurzava – 5 milyon, Abdu Diallo – 18 milyon, Tilo Kerer – 22 milyon.
Yarımmüdafiəçilər – Leandro Paredes – 17 milyon, Danilo Pereyra – 14 milyon, İdrissa Quye – 12 milyon, Ander Errera – 10 milyon, Corcinyo Viynaldum – 18 milyon, Erik Ebimbe – 5 milyon.
Hücumçular – Yulian Draksler – 18 milyon, Mauro İkardi – 22 miyon.
“Transfermarkt” bu futbolçuların ümumi dəyərini 161 milyon avro hesablayıb.• Leven Kurzava ötən mövsüm 1 dəqiqə də oynamayıb, hətta çempion tituluna da həsrət qalıb. PSJ-yə 2015-də “Monako”dan gələn futbolçuun özünə başqa iş yeri axtarmasının vaxtıdı.
• 26 yaşlı müdafiəçi Abdu Diallo əsas heyətdə oynamaq istəyir ki, dünya çempionatına yollana bilsin. Ancaq ötən mövsüm Liqa 1-də cəmi 12 oyuna çıxıb. Çətin ki bu mövsüm də daha çox oyun praktikası qazansın. Bu üzdən başqa kluba keçid yalnız xeyrinə olar.
• Almaniyalı Tilo Kerer meydanda daha çox vaxt keçirib (Liqa 1-də 26 oyun), ancaq o da parislilərə lazım deyil. Mümkün səbəblərdən biri kimi PSJ rəhbərliyinin komandada fransalıların sayını artırmaqla bağlı hədəfi göstərilir.
• Leandro Paredesin ilk müştərisi artıq Əl-Xelayfinin qapısını döyür. Söhbət “Mançester Yunayted”dən gedir. Düzdü, parislilər argentinalıya görə 35 milyon avro istəyir.
• Digər yarımmüdafiəçidən – Danilo Pereyradan da qurtulmaq istəyirlər. Baxmayaraq ki, o, 2021/22 mövsümündə nəinki müntəzəm oynayıb (çempionatda 27 oyun), hətta qollar (5) da vurub. Bəlkə də məhz oyunu ilə şeyxlərin diqqətini çəkdiyi “Portu”ya qayıdacaq.
• İdrissa Quye artıq bir neçə dəfə üzərində LGBT rəmzi olan forma ilə meydana çıxmaqdan boyun qaçırıb. Ancaq onun satılmasını şərtləndirən əsas səbəb bu deyil. Yenə də klubda fransızların sayının artması ilə bağlı tendensiyadan danışmağa məcburuq.
• PSJ-də daha Ander Erreraya da bel bağlamırlar. Oyun praktikasının azlığı (Liqa 1-də 1000 dəqiqə) və gələcəklə bağlı perspektivin yoxluğu Paris klubunun bosslarını ispan futbolçuya yeni klub axtarmağa məcbur edir.
• “Liverpul”da top səviyyəli çıxışdan sonra Corcinyo Viynaldum Fransa çempionatında mövsümün əsas fiaskosu sayıldı. “Get French Football News”un keçirdiyi sorğuda 100 mindən artıq adam məhz niderlandlının adını çəkdi.
• Erik Ebimbe – bu siyahıdakı ən az tanınan futbolçu. PSJ-də az şans qazanan 21 yaşlı yarımmüdafiəçi yeni təcrübə arxasınca düşməlidi. Eriklə “Nitsa” və bundesliqanın bəzi klubları maraqlanır.
• Əvvəllər çox istedadlı sayılan Yulian Draksler PSJ-də heç ulduz statusuna yaxın da düşə bilmədi. Bəlkə də rahat bundesliqadan ayrılmaq səhv idi.
• Mauro İkardi də klubda keçirdiyi üç ildən sonra çıxış qapısının yolunu tutmağa yaxındı. O, PSJ-nin heyətində ümumilikdə 92 oyun keçirib və 38 qol vurub (+ 10 məhsuldar ötürmə). Hücumdakı tərəfdaşlarının top statusunu nəzərə alsaq, heç də pis göstərici deyil. A seriyasının idddialı debütantı, əfsanəvi Silvio Berluskoninin sahibi olduğu “Montsa” artıq argentinalı yaxından təqib edir. “La Gazzetta dello Sport”a inansaq, futbolçunun xanımı və agenti Vanda Naraya artıq televiziyada veriliş aparmaq təklif olunub. Belədə Mauronun ona qoşulmaqdan başqa çarəsi qalmayacaq.