İngiltərə premyer-liqasının son mövsümündə dəbi müəyyənləşdirən futbolçulardan biri də Son Hın Min idi.
Çempionlar Liqasına vəsiqə qazanan “Tottenhem” 69 qol vurdu ki, bununda da düz üçdəbiri – 23-ü koreyalının payına düşür. O, Məhəmməd Salahla birgə bombardirlər yarışının qalibidi. Bir başqa futbolçunun atası bəlkə də belə vəziyyətdə oğlunun tərifini yerə-göyə sığdırmazdı. Ancaq bombardirin atası Son Von Cun fərqli düşünür: “O yorulmadan çalışmalı və böyük tərəqqiyə nail olmalıdı. Son indi nail olduqlarıyla kifayətlənsə, böhran qaçılmazdı. Son yaxşı formada qalmaq üçün daim yaxşı oynamalıdı. Belə deyilmi? Həmişə istəyirəm ki, oğlum indiki vəziyyəti ilə razılaşmasın, ən azı daha 10 faiz “artırsın”. Son dünyanın top-klublarından birində vacib rol oynamağa hazır olmalıdı. Bax, onda dünya səviyyəli futbolçuya çevriləcək. Artıq dediyim kimi, bütün məsələlərdə 10 faiz yaxşı olmalıdı ki, bu hədəfə çatsın”.
Qəribə yanaşmadı, eləmi? Axı söhbət son mövsümdə 23 top vuran, “Qızıl top”u Salahla bölüşən futbolçudan gedir. Ancaq belə sərtlik böyük Sonun təbiətinə uyğundu.
• Son Von Cun Cənubi Koreyada heç də aşağı səviyyədə oynamayan sabiq futbolçudu. Karyerasını bitirəndən sonra oğlanlarını məşq etdirməyə başlayıb. Və çox sərt olub. “Sərt məşqçi idimi? Hə-hə, qorxuducu həddə” – “Tottenhem”in bombardiri indi həmin vaxtı belə xatırlayır. “Atam həmişə mənə nə lazım olduğunu düşünüb. Mənim üçün hər şey edib. Bəlkə də onsuz indi olduğum yerdə ola bilməzdim. Futbolçu kimi mənə bəzən kömək lazımdı. Yaxşı məşqçi ilə çalışmaq vacibdi və uğurun yardımı olmadan da heç hara getmək olmaz. Məndə hər şey uğurlu alındı”.
• Bunu da futbolçu Son xatırlayır: “O, bizə topa zərbə vurmaq üçün 4 saat vermişdi. Hər birimizə. Təxminən 3 saatdan sonra mən topu artıq 3 dənə görürdüm, döşəmə gözümə qırmızı görünürdü (gözümü örtən qana görə). Çox yorulurdum, o isə buna görə qəzəblənirdi. Düşünürəm ki, bu, uşaqlığımdan ən yaxşı tarixçədi. Bir araya gələndə bu haqda danışırıq”.
Sabiq futbolçu Sonun 10-12 yaşı olanda onun da olduğu uşaq komandasını da çalışdırıb: “O, bizim məktəb komandasını çalışdıranda belə bir tapşırıq var idi – hər birimiz topu 40 dəqiqə havada saxlamalıydıq. Kimsə topu yerə salanda atam heç nə demirdi. Ancaq mən eyni hərəkəti edəndə bütün komandanı hər şeyi yenidən başlamağa məcbur edirdi. Məktəb yoldaşlarım onun oğlu olduğuma görə belə etdiyini anlayırdılar. Hər halda, buna dözmək çox ağır idi. Ancaq indi düşünəndə doğru yol imiş”.
• Böyük Son lap uşaqlıqdan oğlu üçün xüsusi məşq proqramı hazırlayıb. Onlar əvvəlcə istisnasız baza vərdişləri üzərində çalışıb, sonra – Son orta məktəbə yollananda isə atası onu topla müntəzəm çalışmağa və qapıya sol ayaqla zərbə vurmağa məcbur edib. 18 yaşı tamam olandan sonra Son zərbə texnikası üzərində daha inadla çalışıb – bir məşq ərzində hər ayaqla 500 zərbə vurub, cərimə meydançasının fərqli nöqtələrindən qapını “nişan alıb”. Çox güman, məhz bu səbəbdən Sonu az qala ideal ikiayaq futbolçu sayırlar, yəni hər iki ayaqla oyun baxımından eyni dərəcədə yaxşı oynayır.
• Futbol tərbiyəsinin ən vacib elementlərindən biri də hörmətdi. Bu hiss Sona uşaqlıqdan aşılanıb: “Yeniyetmə olanda atam mənə deyirdi ki, mən qapı önünə çıxıramsa, rəqib isə zədələnibsə, topu kənara vurmalı və rəqibə yardım etməliyəm. Yaxşı futbolçusansa, ancaq başqalarına necə hörmət etməli olduğunu bilmirsənsə, heç kimsən. Hələ də bunu mənə deyir. Bəzən bunu anlamaq çətindi. Ancaq hər birimiz ilk növbədə adamıq, sonra isə futbolçu. Bir-birinə hörmət etməlisən. Meydanda, meydandan kənarda – bunlar niyə bir-birindən fərqlənməlidi ki...”
• Son ötənlərdə koreyalı pop-ulduzlardan Ban Min A və Yu So-Yun ilə görüşürdü, ancaq indi təkdi. Belə görünür ki, hələ bir müddət bu statusda qalacaq. Atasının məsləhətini nəzərə alan Son karyerasını bitirənə qədər evlənməyi planlaşdırmır: “Atamla razılaşıram. Evlisənsə, ailə ön plana çıxır, xanımın, uşaqlar, sonra isə futbol gəlir. Top səviyyədə oynadığım indiki dövrdə futbolun əsas rolda qalması mənim üçün vacibdi. Karyeranı bitirəndən sonra uzun ailə həyatına başlamaq olar”.
• Bir məqamı anlamaq lazımdı. Koreya cəmiyyəti elə qurulub ki, atanın (ümumilikdə valideynlərin) sözü uşaqlar üçün qanundu. Yenə də futbolçu Sonun fikirləri: “Avropada və Asiyada yanaşma fərqlidi. Adamlar düşünürlər ki, niyə filankəs valideynləri ilə yaşayır? Kim mənə futbol oynamaqda yardım edib? Valideynlərim. Onlar həyatlarını fəda ediblər və bura gəliblər ki, mənə yardım etsinlər. Onların əməyinin əvəzini ödəməliyəm. Mənə bütün bunlara nail olmağa yardım edən imkan yaratdıqlarına görə valideynlərimə çox minnətdaram”.