Mövsümün bombardirinin adı bu siyahıda niyə yoxdu?

2.06.2022 16:39 498
Dünya futbolu
Bilindiyi kimi İngiltərə çempionatında nəfəsləri kəsən mövsüm ''Liverpul''u 1 xal qabaqlayan ''Mançester Siti''nin çempionluğu ilə yekunlaşdı.

Bu arada İngiltərə Peşəkar Futbolçular Birliyi mövsümün ən yaxşı futbolçusu seçilməyə namizəd olan futbolçuların siyahısını açıqlayıb. Bu siyahıda ''Tottenhem''in ulduzu Son Hın Minin olmaması futbolsevərlər arasında böyük narazılıqla qarşılanıb. Namizədlər arasına ''Liverpul''un üç üzvü - Məhəmməd Salah, Sadio Mane, Vircil van Diyk, ''Mançester Siti''li Kevin De Bruyne, ''Mançester Yunayted''li Kriştiano Ronaldo və Sonun komanda yoldaşı Harri Keyn düşüb. Koreyalı futbolçu əla mövsüm keçirərək ''Tottenhem''in mövsümü ilk ''4-lük''də tamamlamasında böyük rol oynadı. Ən əsası Son 23 qol vurmaqla Salahla birlikdə premyer-liqanın iki bombardirindən biri oldu və karyerasının ən yaxşı mövsümünü keçirdi.

Sonun namizədlər arasına düşməməsinə ''Tottenhem'', ''Mançester Yunayted'' və Bolqarıstan yığmasının sabiq forvardı Dimitar Berbatov da münasibət bildirib:

''Son bu mövsümü hətta Keyndən də güclü keçirdi. Bəzən ulduzun yanında çıxış edən futbolçunun dəyərini bilmirik. Son geridə qoyduğumuz mövsüm çox faydalı oynadı və inanılmaz qollar vurdu. Ona böyük alqış düşür. Şadam ki, nəhayət, Keynin kölgəsindən çıxmağı bacarır. Onun adı mütləq namizədlər arasında olmalı idi''.