Misli premyer-liqasının 25-ci turunda “Sabah”la səfər qarşılaşmasından məğlub ayrılan “Araz-Naxçıvan” mövsümdə 10-cu dəfə belə aqibətlə üzləşdi.
10 məğlubiyyət 30 xalın itirilməsi deməkdi ki, bu da yetərincə böyük rəqəmdi. Muxtar Respublika təmsilçisinin çalışdırıcısı Azər Bağırov isə nəticədən və hakimin idarəçiliyindən razı qalmadı. Ki, təcrübəli baş məşqçi oyunsonrası ənənəvi mətbuat konfransında səsləndirdiyi fikirlərlə diqqəti çəkdi. Çalışdırıcı hakim idarəçiliyindən, xüsusilə də Rəşad Əhmədovun adını çəkməklə narazılığını “cümlələrə tökdü”: “Həmkarlarımın işinə qarşımaq istəmirəm. Mövsümün əvvəlində hakimliklə bağlı çox danışdılar. Kimlər ki, danışdı, bu gün onlara simpatiya var. Biz də futbola baxırıq. Mən hakimlərin insafına buraxıram. VAR-da da ancaq bir adamdı. Rəşad Əhmədov ancaq VAR-da oturur. Azərbaycanda başqa hakim yoxdu yəqin ki. Ya VAR-da olur, ya da meydançada”.
Bağırovun bu sözləri ətrafında kiçik araşdırma apardıq. Görəsən, baş məşqçi dediklərində haqlıdırmı?
Belə ki, Rəşad Əhmədov cari mövsümdə 8 dəfə “Araz-Naxçıvan”ın oyunlarına təyinat alıb. Bunlardan 4-də baş hakim, 3-də VAR hakimi və 1 dəfə də dördüncü hakim funksiyasını yerinə yetirib. Əhmədovun iştirak etdiyi 8 qarşılaşmanın 3-də Muxtar Respublika təmsilçisi qalib gəlib, 3-də məğlub olub, 2 oyun isə heç-heçə bitib. Ümumilikdə Bağırovun yetirmələri bu 8 matçda 11 xal toplaya bilib. Hazırda “qırmızı-ağlar”ın hesabında 25 turdan sonra 31 xal var. Bu da toplanması mümkün olan maksimum nəticənin yarısı belə etmir. Onsuz da hakim idarəçiliyi ilə əlaqəli narazılıqlar yetərincədi. Həmçinin bu qarşılaşmada da təkcə Azər Bağırovun özü yox, adətən, hakimliklə bağlı fikirlərini açıqlamaq istəməyən həmkarı Ruslan Qafitullinin də qalib gəlmələrinə baxmayaraq, narazı olduğu açıq-aşkar bilinirdi. Sadəcə, maraq doğuran məqam çalışdırıcıların məğlubiyyətin yükündən yaxa qurtarmaq üçün hakimliyi ortaya atmasıdı. Oyunda real qol vəziyyətləri yaranır və futbolçular bunları dəyərləndirə bilmirsə, deməli, səhvi təkcə hakimdə axtarmaq doğru deyil. Mövsümün qışdan sonrakı hissəsində 7 oyun keçirən “Araz-Naxçıvan”ın cəmi bir qələbəsi var. Qalan 6 matçın 2-si bərabərə bitib, 4-ü isə məğlubiyyətlə nəticələnib. Uğursuz seriya sahibi komandalardan, məsələn, “Zirə” və “Sumqayıt” bunu ehtiyat oyunçular skamyasının kasadlığı və zədəlilərin çoxluğu ilə əlaqələndirir. Amma “Araz-Naxçıvan”ın ehtiyatda yetərincə futbolçusu var. Eyni zamanda, həmin futbolçular potensialına görə heç də qalan klubların oyunçularından geri qalmır. Ümid edək ki, Azər Bağırov komandanın itməkdə olan gücünü bərpa edəcək və növbəti matçlarda mümkün uğursuzluqları idaərçiliklə əlaqələndirməyəcək.
“Araz-Naxçıvan”ın Rəşad Əhmədovun təyinat aldığı oyunlarının siyahısını təqdim edirik:
6-cı tur. “Araz-Naxçıvan” – “Neftçi” 1:0 (VAR hakimi)
7-ci tur. “Səbail” – “Araz-Naxçıvan” 1:0 (baş hakim)
11-ci tur. “Araz-Naxçıvan” – “Qarabağ” 1:1 (4-cü hakim)
13-cü tur. “Araz-Naxçıvan” – “Kəpəz” 0:1 (baş hakim)
16-cı tur. “Zirə” – “Araz-Naxçıvan” 0:0 (baş hakim)
22-ci tur. “Araz-Naxçıvan” – “Neftçi” 1:0 (baş hakim)
23-cü tur. “Səbail” – “Araz-Naxçıvan” 2:2 (VAR hakimi)
25-ci tur. “Sabah” – “Araz-Naxçıvan” 2:0 (VAR hakimi)
KAMAL SƏFƏR