AFFA İntizam Komitəsinin növbəti iclası keçirildi.
“Neftçi” – “Qarabağ” oyununun 63-cü dəqiqəsində “ağ-qaralar”ın azarkeşləri rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdi. “Neftçi” buna görə 1000 manat ödəyəcək. “Qarabağ”ın azarkeşləri matçdan əvvəl rəqibin futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirib. Ağdam təmsilçisi 1000 manat ödəməlidi. Burda diqətçəkən məqamı izah etmək lazım gəlir. Oyunun gedişində hər kəs şahidlik etdi ki, sadəcə, “Neftçi”nin yox, “Qarabağ”ın da azarkeşləri rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirir. Yuxarıda Bakı təmsilçisinin bu üzdən cərimə ödəyəcəyini qeyd etdik. Bəs “Qarabağ”?! “ Köhlən atlar”, sadəcə, matçdan əvvəl qeydə alınan qayda pozuntusuna görə “radara düşüb”.
Belədə yaranan sualla bağlı AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynova müraciət etdik. O, "football-plus.az"a açıqlamasında məsələni belə izah etdi:
“Cəzalar AFFA nümayəndəsinin və baş hakimin təqdim etdiyi protokala əsasən tətbiq edilir. Məhz bu oyun prinsipial olduğu üçün belə hadisələrin yaşanacağı gözlənilən idi. Komitə olaraq, azarkeşləri tribunalardan küsdürməmək üçün müəyyən addımlar atırıq. Bilirsiz ki, ötən mövsüm belə halların cərimə 4000 manat idi. Klubların müraciətini nəzərə alaraq, 1000 manata endirdik. Çünki az sayda azarkeş başqalarını da buna sövq edir və nəticədə bir neçə nəfərə görə komandalar ağır cəzaya məruz qalırdı. “Qarabağ”ın məhz vurğuladığınız hala görə cərimələnməməsinə gəlincə, klub azarkeşlərə görə onsuz da 1000 manat ödəyəcək. Tribunaya təşrif buyuranlar bir yox, bir neçə qayda pozuntusuna yol verirsə, bunlardan ən çox cərimənin tətbiq edildiyi hal nəzərə alınır. Yenə deyirəm ki, məqsədimiz azarkeşləri tribunadan uzaqlaşdırmamaq və klubları çətin vəziyyətdə qoymamaqdı. Amma münasibətimiz yanlış anlaşılmamalıdı. Təbii ki, onlar futbolun bəzəyidi, amma belə hallar daha çox yaşandığı təqdirdə daha ağır cəza yollarından istifadə etməyə məcbur qalacağıq. Hətta tərəfdarlar üçün ayrılan tribunalar belə dəyişdirilə bilər. Futbolumuz üçün yaxşı mühit yaratmaq istəyirik. Ümid edirəm ki, bunu hər kəs nəzərə alacaq”.
KƏNAN BAHADIR