Bu gün "Dalğa Arena"da, saat 18.30-da Misli premyer-liqasının 2-ci turuna start verilir.
"Araz-Naxçıvan"ın "Qəbələ"ni qəbul edəcəyi görüş maraqla gözlənilir. Çünki hər iki komanda ötən tur darmadağın olub.
"Football-plus.az"a daxil olan məlumata görə, Muxtar Respublika təmsilçisi bu matçda bütün gücünü sərf etmək niyyətindədi.
"Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov bütün yeni transferləri (xüsusilə legionerlər - red.) meydana buraxıb "Qəbələ"ni məğlub etməyə çalışacaq. Qərar klubun qarşısına qoyulan Konfrans Liqasına vəsiqə qazanmaq hədəfi ilə bağlıdı. İlk matçda 3 xal itirən "qırmızı-ağlar" mövsümün uğurlu olması üçün mütləq qalib gəlməlidi.
Təcrübəli mütəxəssis də anlayır ki, növbəti turlarda xal itkilərini bərpa etmək çox çətin olacaq. Çünki rəqiblər zamanla lazımi vəziyyətə gəlib daha güclü müqavimət göstərəcək. Bu isə "Araz-Naxçıvan" üçün qarşısıalınmaz problemlər yaradacaq.
Qeyd edək ki, Azər Bağırov mövzu ilə bağlı saytımıza açıqlamasında yeni transferlərin "Qəbələ" ilə görüşə hazır olduqlarını və uyğunlaşma prosesini tamamladığını deyib.
KƏNAN BAHADIR