“Qarabağ” 2-ci qolu vuranda kamera biranlıq Qurban Qurbanovun sifətini göstərdi: sakit, rahat, soyuqqanlı idi, sanki meydanda qeyri-adi nəsə baş vermirdi, elə belə də olmalıydı.
Prinsipcə Qurban bəy oyunun axarının məhz belə olacağını, komandasının rəqibin ad-sanından, Avropanı lərzəyə salan statistikasından çəkinmədən hücum edəcəyini demişdi. Söhbət yalnız ondan gedirdi ki, “Qarabağ” belə oyun üslubunu neçə dəqiqə davam etdirə bilər? Çox təəssüf ki, bu suala “Bayer-04”un oyunçuları yox, düz 70-ci dəqiqənin tamamında Abdulla Zubir cavab verdi. Mən Azərbaycandan başqa daha iki ölkədə legioner həyatı yaşayan, istedadı futzal texnikası üstə cilalanan Abdullanın səhvinə dönəcəm, icazənizlə yazının bu yerində bir haşiyəyə çıxmaq istəyirəm.
Söz oyunu, sözləri plastilin kimi ən müxtəlif formalara salmaq jurnalistikada, yazıçılıqda, ümumiyyətlə, yaradıcılıqda geniş yayılıb, müəllifin ifadə vasitələrinin genişliyindən, bir növ improvizə bacarığından xəbər verir. Amma dünən sosial şəbəkələr Qurban bəyin Xabi Alonsoya xalça bağışlaması ətrafında o qədər manipulyasiya etdi ki, şəxsən mənim ürəyim bulandı. O gözəl, miniatür xalçanın ilmələrindən tutub dartdılar, dartdılar, axırda ucunu danışılmış oyun söhbətinə bulaşdırdılar. Qurban Qurbanovun bütləşdirilməsinin, yaşının bu çağında, yəni hələ “Qarabağ”a Avropanın hansısa kubok qazandırmadan, Azərbaycan yığmasını Avropa və ya dünya çempionatına aparmadan ona büst, heykəl, abidə qoyulmasının əleyhinəyəm! Amma bir xalça ətrafında söz-söhbətin ikrah doğuran həddə catdırılmasının, “xalçaaltı oyunların” da eyni dərəcədə əleyhinəyəm!
...Hə, Zubir söhbətinə qayıdacağıma soz vermişdim. Meydana eksperimental heyət buraxan, "az qan" ilə qələbə qazanmaq istəyən Xabi Alonso hissənin sonunda artıq səhv etdiyini anlamışdı. 2-ci hissənin əvvəlindəki dəyişikliklər (Frimponq, Caka, Virts...) boğulmaq üzrə olan adamın son cəhdləri, çabalamasıydı. Əslində deyişikliklər də effekt vermirdi, "Bayer-04" can üstə idi, “aspirinlər” daha güclü dərmana ehtiyac duyurdu. Və bu an günahkar (Allah Mikayıl Mirzəyə rəhmət eləsin, gunahsız yox a!) Abdulla səhnəyə çıxdı, meydanın rəqibə aid hissəsindən – özü də heç bir təzyiq altında olmaya-olmaya - topu Lunyova göndərdi. Həmin məqamda fransalı legionerin minimum 10 variantı var idi, amma o, 11-ci variantı seçdi, bununla da dünya futbolunun dünənki ən böyük sensasiyasının reallaşmasına imkan vermədi. Əlbəttə, bu son deyildi, Juninyo 3-cü qolu vursaydı, biz yenə dünyanı təəccübləndirəcəkdik. Amma o qaçırılan təkbətək (sadəcə, texniki səhvə yol verməmək, topu qapıçının üzərindən atmaq lazım idi) braziliyalı hücumçunun əməyinə kölgə sala, Zubirlə gunah tərəzisinin eyni gözünə qoyulmasına səbəb ola bilməz! Əsla və qətiyyən!
...Dünən gözəl gün yaşadıq. Küçələr əliçiçəkli xanımlarla doldu-daşdı, baş çəkdiyim hər yerdə "Qarabağ" söhbətlərinə qulaq müsafiri oldum. Mütləq xoşbəxtlik üçün yalnız son ilməni vurmaq, qələbə qazanmaq lazım idi. Xalçanın ipi Qurban bəyin əlindən qaçdı. Tanıdığım Qurbanov belə borcların altında qalan deyil, gec-tez borcunu qaytaracaq. Təbii ki, AFFA prezidenti vəzifəsinə razılaşmaq kimi avantüraya baş qoşmasa!
HUŞƏNG