Diqqət yetirmişəm, azərbaycanlı azarkeşlər həmişə qəribə təsadüflə üzləşir.
Azərbaycan millisi məğlubiyyətə uğradığı ərəfədə ya gürcülər, ya da ermənilər hansısa güclü rəqibi büdrədirlər. Ondan sonra da bizim azarkeşlər və mətbuat nümayəndələri AFFA-ya acıq verməyə başlayırlar. Deyirlər ki, görürsüz, qonşularımızın futbolu necə inkişaf edir, biz isə uduza-uduza gedirik, nə üçün qonşudan geri qalırıq? Belə qınaqlarla dolu suallar bir müddət gündəmi məşğul edir. AFFA isə öyrəncəli olduğundan belə qınaqları çox da vecinə almır. Bilirlər ki, iki-üç gündən sonra ehtiraslar soyuyacaq, millinin məğlubiyyətini xatırlayan da olmayacaq. Bu dəfə bir qədər fərqli formada hadisələrlə rastlaşdıq. Özünü İstanbul nəhəngi sayan “Beşiktaş”la “Fənərbaxça” Konfrans Liqasındakı qarşılaşmalarında ağır məğlubiyyətə uğradı. Birincilər səfərdə 6 qola üzülübsə, “qara qartallar” doğma meydanda öz qapısından beş top buraxıb. Elə həmin axşam Azərbaycan təmsilçisi “Qarabağ” səfərdə “Molde”yə uduzmadı.
Mən istəsəm də, “Qarabağ”ı “Beşiktaş” və “Fənərbaxça” ilə müqayisə edə bilmərəm. “Neftçi”nin baş məşqçisi Adrian Mutu yayda demişdi ki, “Beşiktaş” kimi rəqiblərlə Çempionlar Liqasının qrupunda qarşılaşırsan. İndi həmin “Beşiktaş” Konfrans Liqasında qrupun autsayderidi. “Fənərbaxça” isə bir başqa dünyadı, özləri demişkən, ayrıca “cümhuriyyət”. İndi İstanbulun bu iki milyonçu komandası Türkiyənin Avropadakı üzqarasına çevrilib. Daxili çempionatda hakimlərin yedəyində irəliləyən “nəhənglər” qitə səhnəsinə çıxan kimi başa düşürlər ki, hünəri olan özünü burda göstərər, avrokuboklarda türk hakimlər yoxdu. Məsələ təkcə hakimlərlə də yekunlaşmır. Qışın günü soyuğa da düşürsən, yağışda da islanırsan. Uzun yolçuluqlar, fərqli meydançalar futbolçulı əldən salır. “İki cəbhə”də “savaşıb”, uğur qazanmaq hər kəsə nəsib olmur.
Yaxşı ki, bütün bunları azərbaycanlı azarkeşlər də görür. Mən əminəm ki, günü bu gün də “Beşiktaş” Baklya gəlsə, hava limanında qələbəlik yaşanar, azərbaycanlı futbolsevərlər “qara qartallar”ın futbolçularından birinə əllə toxunub, şəkil çəkdirmək üçün bir-birini ayaqlamağa da hazır olarlar. Amma “Qarabağ”ın ölkə çempionatındakı oyunları boş tribunalar önündə keçirilir. Avrokuboklardakı bir-birindən ağır qarşılaşmalar isə özüylə dünya ağırlığında müzakirələr, tənqidlər gətirir. Elə ki “Qarabağ”ın ayağı qitə səhnəsində bir balaca büdrədi, hamı dönüb olur futbol mütəxəssisi. Klubun rəhbərliyindən başlayıb skautlar və seleksiyaçılar ilə davam edirik. Ən sonda da gəlib Qurban Qurbanovda bitiririk. Az qalırıq iddia edək ki, “Qarabağ”ı idarə edənlər futboldan baş çıxarmır, komandaya can yandırmır. Qurbanov da onlarla əlbir olub, heyəti “dağıtmaqla” məşğuldu. Bir də görürük ki, həmin bu “dağılmış” heyət Azərbaycan çempionatının birnəfə qalibi olur, avrokuboklarda da hər mövsüm qrupa düşür. “Köhlən atlar” artıq yeni ənənənin də təməlini qoydu. Ardıcıl üçüncü dəfə qrupdan çıxıb, pley-offda oynamaq sıradan bir uğur deyil. Təəssüf ki, belə uğurlar azərbaycanlı futbolsevərləri xoşbəxt etməyə yetmir.
“Qarabağ” Moldedəki buz meydançasını xatırladan “Aker” stadionunda savaşanda azərbaycanlı futbolsevərlər sosial şəbəkələri qaynar müzakirələrlə isidirdilər. Biri deyirdi ki, Qurbanov meydana düzgün heyət çıxarmayıb, digər komandamızın darmadağına məhkum olduğunu, “qorxaq futbolla” bundan qaça bilməyəcəyini iddia edirdi. Bəli, razıyam ki, “Qarabağ” “Aker” stadionunda heç də ən yaxşı, ən cəsarətli oyunlarından birini keçirmədi.
Amma bəzi reallıqlar var ki, biz onları mütləq nəzərə almalıyıq. Qarşılaşma Bakı vaxtıyla gecəyarısı start götürürdü. Bizim futbolçular həmin vaxt topun arxasınca qaçmağa yox, yatmağa öyrəşib. Hər nə qədər peşəkar olsan da, futbolçunun orqanizmi də insan orqanizmidi. İkincə məqam uzaq yolçuluq və hava şəraitinin gətirdiyi çətinlikdi. “Qarabağ”ın süni örtükdə oynamaqda çətinlik çəkdiyi isə heç kimə sirr deyil. Bu çətinlik artıq tarixə qovuşan “Keşlə”, “Səbail”, “Sumqayıt” kimi rəqiblərə qarşı oyunlarda özünü göstərib. Üstəlik Juninyonun 11-ci dəqiqədə gələn qolu bizlə yanaşı, futbolçular üçün də gözlənilməz oldu, oyunun ssenarisini dəyişdi. “Qarabağ” bir andaca cibində xəzinəyə bərabər pul gəzdirən və onu itirməkdən qorxan uşağa çevrildi. Yəqin ki, belə halla siz də rastlaşmısız. Maaşınız cibinizdə evə gedəndə sizə elə gəlir ki, hamı cibinizdə pul olduğunu bilir, indicə cibgirlərin hücumuna məruz qalacaqsız. Adam istəyir ki, iki əlini cibinin üzərinə bərk-bərk bassın, pulunu var gücü ilə qorusun.
“Qarabağ” da “Aker” stadionunda hesabı erkən açandan sonra o vəziyyətə düşdü. Hücum futbolu oynamaq “buz meydançası”nda xeyli riskli idi. Məcburiyyətdən rolları dəyişmək, üstünlüyü rəqibə vermək psixoloji baxımdan da qaçılmaz oldu. Bunun da üzərinə ayrı-ayrı epizodlarda müdafiəçilərin inamsız oyunu, yarımmüdafiəçilərin topu təhlükəli zonalardan irəli çıxarmaqda çətinlik çəkməsi əlavə olununca ortaya belə mənzərə çıxdı. Bizə elə gəldi ki, “Qarabağ” bütünlüklə müdafiəyə çəkilib, hesabı qorumaqla məşğuldu. Qarşımızdakının belə meydana və havaya öyrəncəli olan, hesabda məğlub duruma düşəndən sonra daha böyük qüvvə ilə irəli atılan “Molde” olduğunu da unutmuşduq. O “Molde” ki, yayda “Qalatasaray”a çətin anlar yaşatmasından ağızdolusu danışırdıq.
Oyun ürəyimizcə olmasa da, nəticə ürəyimizcədi. “Qarabağ” çətin səfərdən başıuca qayıdıb. Qrupdan 2-ci yerin sahibi kimi çıxmaq, mübarizəni Avropa Liqasında davam etdirmək artıq öz əlimizdədi. “Qarabağ”ı bağışlamaq olar. Çünki tarixdə nəticə qalacaq. Həmin nəticə də bizim üçün sərfəlidi.
AMAL