“Mançester Yunayted” azarkeşləri, elə yəqin başqa kateqoriyalardan olan futbolsevərlər də Ole-Qunnar Sulşeri unutmayıb.
"Football-plus.az" xəbər verir ki, norveçli mütəxəssis bu komandanın baş məşqçi postundan ayrılandan sonra uzun müddət danışmasa da, nəhayət, “The Atletic”ə geniş müsahibə verib. Həmin müsahibədən seçmələri icmal şəklində nəzərinizə çatdırırıq.
Ronaldo gələndən sonra paltardəyişmə otağı və futbolçuların eqosu dözülməz olub
Sulşerin dediyinə görə, portuqaliyalı ulduzun gəlişindən sonra bəzi futbolçuların eqosu üzə çıxıb və baş məşqçiyə problem yaradıb: “Belə bir imkan ələ düşürsə, Kriştianonun transferindən imtina etmək çətindi. Mən də bu imkandan yararlanmaya bilməzdim. Ancaq bu səhv idi. Onun dönüşündən sonra ilk vaxtlar hər şey ideal görünürdü. “Nyukasl”la oyunda dubl etdi, “Old Trafford”a toplaşanlar onun adını qışqırırdı. Ronaldo hələ də dünyanın ən yaxşı bombardirlərindən biri idi, möhtəşəm fiziki hazırlığa malik idi. Ancaq həlledici dönəm yaxınlaşırdı: “Mançester Siti”, “Liverpul”, “Tottenhem”, ardından “Lester”lə səfər oyunu. Daha sonra “Çelsi” və “Arsenal” ilə oyunlar, Çempionlar Liqası... Hər şey əleyhimizə idi. Uğursuzluqların əsası “Aston Villa” ilə ev oyununda qoyuldu, onda sonda penaltini boşa verdik. Həmişə belə hesab etmişəm ki, ən vacib vəzifə bütün futbolçuları eyni istiqamətdə düşünməyə və hərəkət etməyə məcbur etməkdi. Ancaq işlər qaydasında getməyən kimi bəzi oyunçuların eqosu üzə çıxdı. “Tottenhem”i səfərdə inamla məğlub etdik (3:0), ardından iki məğlubiyyət oldu”.
Holannı istəsə də, almayıblar
Sulşerin fikrincə, indi “Yunayted” oyunçu transfer etmək istəyərkən böyük çətinliklərlə üzləşir: “Ueyn Runi və Kriştiano Ronaldo öz dövrünün ən yaxşı gənc oyunçuları olanda biz onları heç bir problemsiz transfer etdik. Amma hazırda “Yunayted” hətta Yevan Ferqyusonu da ala bilmir. Klub mən istədiyim oyunçuları transfer etməyi bacarmadı. Məsələn, hələ “Zaltsburq”da debüt edənə qədər Erlinq Holannı. O vaxt hələ belə baha olmayan Deklan Raysı. Biz həmçinin Moyses Kaysedonun transferini də müzakirə etdik, ancaq sonra anladıq ki, bizə məhz indi hazır olan futbolçu lazımdı. “Brayton”un əcnəbi oyunçuları inkişaf etdirmək üçün daha geniş imkanları var. “Yunayted” isə belə imkanla öyünə bilməz, bu üzdən klub bir çox futbolçunu əldən verib. Cud Bellingemi transfer etməkdən ötrü alışıb-yanırdıq. O, “Yunayted”in oyun üslubuna ideal şəkildə uyğun gəlirdi. Ancaq mən Cudun Dortmund “Borussiya”sını seçmək qərarına da hörmət edirəm. Yəqin ki, ağıllı qərar idi. Bu üzdən Aaron Van-Bissaka, Daniel Ceyms, Ceydon Sanço kimi futbolçulara hörmətim böyükdü. Onlar uğur qazanmaq üçün 100 faiz hazır olmayan komandaya gəldilər, vaxtilə mən də belə gəlmişdim. Böyük məmnunluqla Harri Keyni də transfer etmək istərdim. Fikrimcə, o bizə qoşulmaq istəyirdi. Ancaq koronavirusla bağlı yaranan problemlər üzündən klubun bu transferə pulu çatmadı”.
Klubun skautları Sançonu sağ cinah vingeri kimi görsə də, ingiltərəli həmin mövqedə parlamayıb: “Mən onun transferini istəyirdim. Ümumiyyətlə, “Mançester Yunayted” heç vaxt baş məşqçinin istəmədiyi oyunçunu almır. Heç də bütün klublarda belə olmur. Skautlar Ceydonu sağ cinah üçün bir nömrəli hədəf sayırdı. O, qeyri-adi dərəcədə istedadlıdı. Amma təəssüf ki, bu plan işləmədi. Ceydon bizə qoşulandan sonra köhnə zədəsi özünü göstərdi. Onun böyük istedadı olsa da, hələ ən yaxşı oyununu göstərməyib. Problem ondadı ki, Ceydon sol sinahda, Markus Reşfordun mövqeyində oynamaq istəyir”.
Maquayrı özünün ən güclü transferlərindən sayır
Norveçli mütəxəssis transfer mövzusunda söhbəti belə davam etdirir: “Ən yaxşı transferlərimi gözdən keçirsək, ilk növbədə Bruno Fernandeşin adını çəkərdim. O, dərhal komandanın içində “əridi”, gücümüzə güc qatdı. Həmçinin Harri Maquayr. Onu təhqir edən azarkeşlərə görə xəcalət çəkirəm. Ancaq Harri güclü oğlandı, ümid edirəm ki, onda hər şey alınacaq. Maquayr müdafiəni “betonlaşdırdı” və kollektivdə əhval-ruhiyyəni qaldırdı. Bütün transferlərimi xatırlamıram, hərçənd xatırlamalıyam. Mənə mövsüm ərzində üç baha oyunçu transfer etməyə icazə vermişdilər. “Yunayted”ə gələndən sonra özüm bu şərtə razılıq verdim. Qarşıya qoyulan vəzifəni anlayırdım və belə şərtlə razılaşdım, bu üzdən gileylənə bilmərəm – mən belə adamlardan deyiləm. Ancaq “Yunayted” məndən sonrakı iki il ərzində daha çox pul xərclədi. Bu məqam məni məyus edirmi? Hər yay əlimin altında olan büdcə yox, klubun nə qədər xərcləməyə hazır olması önəmlidi. Mən istəyirdim ki, “Yunayted” yenidən zirvədə olsun, “Siti” ilə “Liverpul”u arxada qoysun. Yalnız bir dəfə eqoistcəsinə qərar verdim. 2019-da Skott Maktomineyi komandada saxladım, hərçənd o, icarə əsasında “Derbi”yə yollana bilərdi. Skott orda daha çox oyun vaxtı qazanacaqdı. Ancaq biz onu saxladıq və PSJ-ni səfərdə məğlub etməkdə köməyimizə çatdı. Onda anladım ki, doğru qərar vermişəm. Skott iliyinə-sümüyünə qədər “Mançester Yunayted”in oyunçusudu”.
İstefanın qaçılmaz olduğunu anlayıb, Ranqnikə problemləri anladıb
2021-ci ilin payızında komanda çempionatda keçirdiyi 7 oyunun beşində uduzdu. Norveçlinin “Yunayted” karyerasının sona yaxınlaşdığı hiss olunurdu: “Heç kim mənə qovulduğumu demədi, ancaq “Uotford”la oyunun fasiləsində (1:4 uduzdular – red.) özüm hər şeyi anlayırdım. Biz artıq “Mançester Yunayted”ə bənzəmirdik, oyunçular bir-birinə yardım etmirdi, fasilədə onlara dedim ki, bəlkə də bu, bizim birlikdə sonuncu oyunumuzdu. Mən onlardan başıuca oynamağı xahiş etdim. Demək olar ki, oyuna döndük, ancaq Maquayrın meydandan qovulması işləri korladı. Növbəti günün səhəri Ed Vudvorddan mesaj aldım, o məni Karrinqtondakı ofisdə görmək istədiyini yazmışdı. Klubda keçirdiyim 18 ildən sonra çox çətin idi. Bu müddət ərzində həm yaxşı, həm də pis anlar yaşamışam. Ed məni çox dəstəkləyib, birlikdə yaxşı istirahət etmişik. Mənə verilən şansa görə həmişə ona minnətdar olacam. Bu mesajı almamış artıq ailəmi hava limanına göndərmişdim. Və xanımıma dedim ki, yəqin Norveçə səndən tez çatacam. Çox emosional gün idi. Sanki ailəmdən uzaqlaşırdım. Hər futbolçu ilə danışmaq, vidalaşmaq istəyirdim. Nəticədə məşqçilər və bütün personal ilə danışdım, ardından boş evə qayıtdım”.
Maraqlıdı ki, Sulşer “Yunayted”dən ayrılandan sonra da Qleyzerlər haqqında yalnız xoş sözlər deyir: “Onlarla təmiz və açıq söhbətlərimiz olub. Bir qədər dözməli və güclü olmalıydım. Bunun öhdəsindən gəldim. Onlar indi də baş məşqçiyə lazımınca dəstək verir”.
Xatırlayırsızsa, Sulşeri əvəz edən Ralf Ranqnik dərhal komandanın durumunu tənqid etmişdi. Sulşer almaniyalı həmkarı ilə həmrəydi: “Həqiqətən də 2021-in noyabrında komandanın vəziyyəti iki ay əvvəlkindən fərqli idi. Mən Ranqnikə hər oyunçu ilə bağlı fikirlərimi dedim. Vəziyyət pis idi, mən paltardəyişmə otağına nəzarəti itirmişdim. Bu artıq həmişə möhkəm kollektivi ilə öyünən əvvəlki “Mançester Yunayted” deyildi. Bəzi futbolçular belə hesab edirdilər ki, daha çox oynamalıdılar. Mən bunu qətiyyən anlamırdım. Mən futbolçu olanda və ehtiyatda qalanda baş məşqçiyə haqsız olduğunu sübut etmək həvəsi ilə alışıb-yanırdım – ancaq sözlə yox, əməllə. İndi isə əksər oyunçular başqa cür hərəkət edir. Agentlər və ailələri onları inandırır ki, əslində olduqlarından daha yaxşıdılar. Axı bu təbəqələr şəxsi maraqlarını güdürlər. Müasir futbolun bir bəlası da budu”.
Sulşer qovulandan sonra onun bir çox sabiq həmklubu iddia edirdi ki, norveçlini futbolçular “yandırıb”. Amma o, bu fikirlə razı deyil: “Heç də belə deyil. Hərçənd bəzi oyunçular yetərincə yaxşı oynamırdı, sadəcə, adlarını çəkməyəcəm. Ancaq məni hər şeydən çox məyus edən bəzi futbolçuların kapitan sarğısından imtina etməsi oldu. Həmçinin bəzi oyunçular məşqlərdə və oyunlarda yetərincə can yandırmamaqla sanki klubdan gedişlərini tezləşdirmək istəyirdilər. Mən ayrılandan sonra guya bəzi futbolçulara fərqli münasibət göstərməyim haqda şayiələr yayıldı. Tam yalandı. Elə həmin oyunçularla möhkəm və təmiz münasibətlərim var idi”.
Ən çox təəssüfləndiyi məqam Avropa Liqasının finalındakı məğlubiyyətdi
“Mançester Yunayted”dəki ikiillik fəaliyyətinin yekunundan söz düşəndə Sulşer böyük kədər hissi ilə Avropa Liqasının 2020/21 mövsümünün finalında penalti seriyasında “Vilyarreal”a məğlubiyyəti xatırlayır: “Yunayted”də titul qazanmamağım əskiklik oldu. Bir penalti çox şeyi dəyişə bilərdi. Və onda klubdakı fəaliyyətim fərqli qəbul olunacaqdı. Titullar vacibdi, bununla belə, biz uğurların fundamentini də qoymalıydıq. Yetərincə sabit oynasaq da, yenə də planlaşdırdıqlarımızı qazana bilmədik. Hərçənd mənim ilk vəzifəm azarkeşlərin üzünə təbəssüm qaytarmaq idi – bu bizdə alındı. 2021-ci ilin sentyabrında, Ronaldo, Varan və Sanço bizə gələndə 1-ci yerdəydik. Belə transferlərdən sonra daha güclü olmalıydıq. Asta-asta, ancaq doğru yolla titul uğrunda mübarizəyə qoşulurduq. Təəssüf ki, iflasa uğradıq. Unay Emerinin həmin “Vilyarreal”ını təhlil etmək çətin idi. Həmin finala bir daha baxmamışam. Çalışdırdığım “Yunayted”in bütün oyunlarına yenidən baxmışam, amma bu oyuna yox. Bir də “Liverpul”, “Tottenhem”, “Uotford” ilə oyunlara baxmamışam. Ancaq qalan oyunların təəssüratına əsasən deyə bilərəm ki, biz yaxşı komandaydıq. “Vilyarreal”la oyunda Matiçi meydana buraxmamaq – hətta oyunun gedişində də - mənim səhvim idi. O, bu oyuna əla uyğunlaşardı. Ancaq mən başqa oyunçuları seçdim, ona görə ki, finalda oynamağı haqq etmişdilər. Oyunçuları ehtiyatda saxlamaq ağırdı, ancaq məşqçilər həmişə risk etməli olur. 2020/21 mövsümünün son oyununda “Vulverhempton”a qarşı gəncləri meydana buraxmaqla risk etdim. Və gənclərin həmin oyunun öhdəsindən gəlməsiylə (2:1 hesablı qələbə - red.) qürur duyuram”.
Növbəti iş, ərəblərə imtina cavabı və “Kardiff”dəki səhv haqda
Bəs norveçli mütəxəssis sonrakı fəaliyyəti haqda nə düşünür? Sulşer bir daha istənilən layihədə yer almaq fikrində deyil: “Daim təkliflər alıram. Elə yaxınlarda Səudiyyə Ərəbistanından iki təklif var idi. Ən yaxın dostum-agentim bütün təklifləri süzgəcdən keçirir. Mən “Mançester Yunayted”i çalışdırmışam, odu ki, növbəti iş yerini seçmək baxımından öz meyarlarımı müəyyənləşdirmək haqqım var. Ümumilikdə premyer-liqanı və İngiltərəni sevirəm – hətta çempionşip də indi həmişəkindən daha güclüdü. Ancaq təkcə İngiltərəyə bağlı deyiləm. Bəlkə də yeni mədəniyyətin olacağı, daha bir dil öyrənməyə məcbur olacağım hansısa yeni çağırış da məni qane edəcək. Mənim üçün klubun tarixi və DNT-si önəmlidi. Elə yer axtarıram ki, orda ən yaxşı versiyamı göstərə bilim. Həmin iş yeri ambisiyalarımla üst-üstə düşməlidi. Odu ki, “Kardiff”ə keçməklə, çox güman, doğru qərar verməmişdim. Orda oyun üslubu ilə klubun identikliyi bir-birinə sığmırdı. Və hər şeydən daha artıq yaxşı adamlarla birgə iş üçün darıxmışam: hər gün ofisə yollanır, onlarla futbolu müzakirə edir və növbəti oyunlar üçün planlar qurursan”.
ORXAN