Ronaldo ittihamlara görə İFA-ya etiraz edəcək

13.10.2022 13:34 354
Dünya futbolu
İngiltərə Futbol Assosasiyası (İFA) bir müddət əvvəl Kriştiano Ronaldonu qaydaları pozmaqda, nalayiq və aqressiv davranışda günahlandırmışdı.

Football-plus.az xəbər verir ki, “Mançester Yunayted”in ulduz futbolçusu bu ittihamlara görə etiraz edəcək.

Xatırladaq ki, Ronaldo ötən mövsüm premyer-liqanın 32-ci turunun “Everton”la səfər oyunundan (0:1) sonra paltardəyişmə otağına gedən zaman azarkeşlərdən biri telefon tutduğu əlini ona uzatmış, 37 yaşlı oyunçu fanatın əlini itələdiyindən telefon yerə düşərək sınmışdı. Futbolçu hadisəyə görə üzr istəmiş və həmin azarkeşi MY-nin “Old Trafford”dakı növbəti oyununa dəvət etmişdi. Amma qarşı tərəf bu dəvəti qəbul etməmişdi. Qalmaqallı hadisədən sonra uzun müddət araşdırma aparan İFA Ronaldonu aqressiv davranmaqda və qaydaları pozmaqda suçlamışdı. Komandanın baş məşqçisi Erik ten Haq son açıqlamasında Kriştianonun bu ittihamları qəbul etmədiyini bildirib:

“Biz bu barədə Ronaldo ilə danışmışıq. O, ittihamları qəbul etmir. Buna görə İFA-ya etiraz edəcək”.


BBC telekanalı da portuqaliyalı futbolçunun bu ittihamlara görə etiraz irəli sürəcəyi haqda xəbər yayıb.

Yeri gəlmişkən, Kriştiano gələn il “İnter Mayami”yə keçə bilər. Portuqaliyalı insayder Pedro Almeydanın “tvitter” səhifəsi vasitəsilə yaydığı xəbərdə ABŞ klubunun həmsahibi Devid Bekhemin hücumçu ilə yanvardakı mümkün keçidini müzakirə etdiyi deyilir. Məsələ ondadı ki, Ronaldonun MY-ni tərk etmək niyyətində olduğu söylənilir.  ESPN-in məlumatına görə, Avropanın bir sıra klubları portuqaliyalı ilə maraqlanır. Bu baxımdan Ronaldo tezliklə qitənin başqa klublarından gələn təklifləri nəzərdən keçirməyə başlaya bilər. Bunu nəzərə alan Bekhem isə onun potensial müştərilərini qabaqlamaq istəyir.