Azərbaycan millisi ardıcıl iki oyunda böyük hesabla məğlub oldu.
Qapımızdan buraxdığımız 9 qolun qarşılığını yalnır bir dəfə verməyi bacardıq. Onda da Avstriyanın qapısına hansısa düşünülmüş həmlənin nəticəsində yox, Emin Mahmudovun sayəsində yol tapdıq. Əvəzində Avstriya və İsveç millisinin məşqçiləri, futbolçuları bizi ələ saldı. Avstriyalılar vurduqları 4 qolun qarşılığında buraxdıqları bir topa görə təəssüfləndilər, bizi “quru” hesabla yenməyi arzuladıqlarını gizlətmədilər. İsveç millisinin futbolçuları isə bizimlə qarşılaşmanı əyləncəli adlandırdı, yaxşıca əyləndiklərini dedi. Mən yazının bu yerində qəsdən rəqib düşərgədən kimlərin bu ifadələri işlətdiklərini qeyd etmirəm. Çünki həmin sözlərin kim tərəfindən deyilməsinin heç bir mənası yoxdu. Acı olsa da, reallıq budu ki, çox biabırçı mənzərə ilə üzbəüz qalmışıq.
Yaşından, cinsindən, sosial statusundan asılı olmayaraq, hər kəsi Azərbaycan futbolunun hazırkı durumu narahat edir. Formasında üçrəngli bayrağımızı gəzdirən futbolçuların nə üçün ölkəmizin adını belə alçatdıqlarını düşünürük. Bu bərbad və acınacaqlı vəziyyətdən çıxmağın yollarını axtarırıq. Amma tapacağımız heç də real görünmür. Çünki bizə, daha doğrusu, Azərbaycan futbolundan bilavasitə sorumlu olan təşkilata, yəni AFFA-ya bu problemlərin müzakirəsi, onların səbəblərinin tapılıb aradan qaldırılması maraqlı deyil. Avstriya ilə oyundan əvvəl qurumun nəzarətində olan “CBC Sport” telekanalında bəh-bəhlə müzakirələr aparılır, millinin gücündən, Canni de Byazinin komandanı yaxşı tanımasından, əlinin altında geniş seçimin olmasından bəhs edilirdi. Ardıcıl 5 (mənasız) oyunda qalib gəldiyimiz də tez-tez izləyənlərə xatırladılırdı. Qapımıza 9 top vurulandan sonra elə bil qurbağa gölünə daş atdılar. Həmin o “mütəxəssislər” yoxa çıxdı, aparıcılar susdu. “CBC Sport”un “feysbuk”dakı səhifəsindəki paylaşımlar izləyicilərin şərh yazmasına qapadıldı. İsveçlə oyunun ertəsi gün, axşam saat 9-da ekran qarşısında oturub, kanalı “CBC Sport”a çevirdim. İstədim ki, aparılan müzakirələrə baxım, ekspertlərin rəyini dinləyim. Amma gördüklərim tam fərqli mənzərə idi.
Düz saat 9-dan etibarən “CBC Sport”da daşınmaz əmlakın reklamı ilə bağlı ardıcıl süjetlər efirə getməyə başladı. Gözlərimə inanmadım. Düşündüm ki, kabel operatoru “23” nömrəli kanalda yerdəyişmə edib, “CBC Sport”un yerinə hansısa “makler” kanalı efirə verilib. Amma bu ehtimal özünü doğrultmadı. Çünki ekranın küncündə həmin loqo dayanırdı, mən “CBC Sport”a baxırdım. “CBC Sport” isə futbol azarkeşlərinin gözlədiyi proqramları efirə vermir, Bakıdakı lüks yaşayış komplekslərinin reklamı ilə məşğul olurdu. Sonra da deyirlər ki, idmandan başı çıxanlar “CBC Sport”u izləyir. Volkan Üstün və onun ətrafındakı cənabların məntiqi çox maraqlıdı. İdmandan başı çıxanlar sizi izləyib nə görəcəklər, nə eşidəcəklər? Yoxsa demək istəyirsiz ki, idmançıların yaxşı pulları var, bizim efirə baxıb, özlərinə lüks mənzil ala bilərlər, qazandıqları mükafatları daşınmaz əmlaka xərcləməklə gələcəyə yatırım etmək imkanı qazanarlar?
Bu telekanalın açıldığı ilk günləri yaxşı xatırlayırıq. Həvəslə bildirirdilər ki, Azərbaycan futbolunun təbliğinə geniş yer ayrılacaq, idmanımız təbliğ olunacaq. Əziz dostlar, orda çalışan həmkarlar məndən inciməsin. Heç birinin şəxsi keyfiyyətlərinə, dürüstlüyünə, peşəkarlığına şübhəm yoxdu. Əminəm ki, istəsələr, ortaya keyfiyyətli məhsul çıxara, böyük ajiotaj doğuran müzakirələr təşkil edə bilərlər. Çünki bu o qədər də çətin iş deyil. Studiyaya normal təfəkkürü olan mütəxəssislər, idman jurnalistləri dəvət olunmalıdı, AFFA-nın qılıncının altından keçib, tutuquşu kimi eyni sözləri təkrarlayanlar yox. Belədə sizin verilişləriniz də daha çox marağa səbəb olacaq, əks-səda doğuracaq. Bundan sonra telekanalın sosial şəbəkələrdəki hesabından şərhləri əngəlləməyə məcbur qalmayacaqsız, özünüz dost-tanışdan gizlənib, “feysbuk” hesablarınızı bağlamayacaqsız.
Sizin gizlətməyinizlə deyil, Azərbaycan futbolu xirtdəyə kimi problemin içindədi. Batdıqca batırıq, nə qədər malalasız da, özünüzü heç nə olmamış kimi aparsaz da, xeyri yoxdu. Yalançı çobanın başına gələnləri yadınıza salın. Həmin çoban o qədər yalan danışıb, camaatı aldadır ki, sonda onun doğru sözünə də inanan qalmır. Nə qədər tərifləməyə çalışsaz da, Azərbaycan futbolunun və AFFA-nın fəaliyyətinin qiymətini rəqiblər verir. Bu qiyməti də gördük, qapımıza vurulan 9 qol. Rəqiblərimiz öz işindədi, sizin futbolumuza “ayı xidmətiniz” isə təkcə baş ağrıtmır, həm də ürək bulandırır. Bu yoldan çəkinin!
AMAL