Tərlan Əhmədovun gəlişindən sonra "Kəpəz"in oyununda canlanma, nəticələrin yaxşılaşması hiss olundu. Lakin qış fasiləsindən sonra "sarı-göylər"in həm oyun planında, həm də nəticələrində durğunluq var. Gəncə təmsilçisi 4 oyuna cəmi 2 xal toplayıb. Vəziyyət artıq o yerə çatıb ki, klubdaxili son iclasda rəhbərlik Tərlan Əhmədova qəti narazılığını bildirib. Hətta əvəzedici komandanın baş məşqçisi Xaliq Mərdanov yığmanın sabiq kapitanına "özünə hörmət edən istefa verib gedər" deyib. Bu isə vəziyyətin ağırlığına, Əhmədovun klubdakı taleyinin tükdən asılı olduğuna işarədi. Sonda baş məşqçiyə 3 oyunluq möhlət verilib. Odu ki, Tərlan bəyin taleyi "Kəpəz"in qarşıdakı turlardakı nəticəsindən asılı olacaq.
Amma "sarı-göylər"in heyətində parlayanlar da var. Söhbət Orxan Sadıqlı, Fərid Nəbiyev, Ahmet Ayzaya və Abdullahi Şuaybudan gedir. Adı çəkilənlər hazırda Gəncə təmsilçisinin “onurğa sütunu”du desək, yanılmarıq. Premyer-liqanın 7-ci turundan etibarən qapı xəttində əvəzlənmədən 12 oyun keçirən qapıçı əksər qarşılaşmalarda seyvləriylə diqqət çəkərək "Kəpəz"in xilaskarına çevrilməyi bacardı. Amma nədənsə baş məşqçi hələ çempionatın ilk yarısı davam edərkən heyətə xorvat Mario Mustapiçi qatdı. Qış fasiləsindən sonra “çərçivə” yeni qolkiperə həvalə olundu. Lakin Mustapiç özünü yaxşı tərəfdən göstərmədi. Bunun nəticəsidi ki, 19-cu və 20-ci turlarda "sarı-göylər" qapısından 3 top buraxmaqla cəmi 1 xaldı.
21-ci turda isə "Kəpəz" doğma meydanda çempionatın aşkar favoriti və lideri "Qarabağ"ı qəbul edərkən qapı yenidən Sadıqlıya etibar olundu. Orxan bu görüşdə "Kəpəz"in mübariz oyun sərgiləməsində əsas pay sahiblərindən biri olmaqla seyvləriylə diqqəti çəkdi. Məhz onun qurtarışları sayəsində lider Gəncədə büdrədi. Elə "Turan Tovuz"la səfər matçında da qapıda Orxan idi. 29 yaşlı qolkiper bir neçə dəfə əla reaksiya göstərməklə komandasını xilas etsə də, müdafiədəki ciddi nöqsanlar tovuzluların iki qol vurmasıyla nəticələndi. Orxanın 86-cı dəqiqədə rəqibin perspektivli hücumunun qarşısını kobudluqla alması da müdafiə xəttinin iflic olduğunu göstərir. Klub rəhbərliyi və baş məşqçi qapıçı Mustapiçin əvəzinə təcrübəli mərkəz müdafiəçisi transfer etsəydi, daha məntiqli olardı. Heyətində Sadıqlıyla yanaşı, iki gənc qapıçısı olan və elitada yerini qorumağa çalışan komandaya 4 qapıçı nəyə lazımdı?! Ümumiyyətlə, Tərlan Əhmədov bundan sonra da Orxana daha çox güvənsə, yaxşı olar.
Oyunu ilə göz oxşayan digər futbolçu Fərid Nəbiyevdi. Çoxları onun Çexiyanın ikinci liqasından "Kəpəz"ə keçidini geriyə addım kimi qiymətləndirmişdi. Lakin "77 nömrə" oyundan-oyuna “artırmaqla” həm assistlik etdi, həm qollar vurdu, həm də əsas oyun qurucularından birinə çevrildi. Fərid göz oxşayan çıxışıyla azarkeşlərin rəğbətini qazandı, menecerlərin diqqətini çəkməkdədi. Eyni sözləri Ahmet Ayzaya haqda da söyləmək olar. Nigeriyalı hazırda "Zirə"dəkindən də üstün performans sərgiləyir. Pleymeykerliyi, hücumda yaradıcılığı, vurğduğu qollar ilə komandanı irəli aparır. Onun Gəncədəki kreativ oyunu hətta Rəşad Sadıqovu da heyran edib. Millinin sabiq kapitanı 19-cu turda "Sumqayıt"la keçirilən matçdan sonra mətbuat konfransında nigeriyalının yaxşı oyun sərgilədiyini dilə gətirdi. Əminəm ki, futbolumuzun "terminator"u Ayzayanı yayda komandadan yola saldığına peşmandı. Amma artıq qatar gedib...
Nəhayət, "Kəpəz"in əsas tapıntısı Abdullahi Şuaybu. Hələ Yaşar Vahabzadənin dönəmindən özünü yaxşı tərəfdən göstərən "19 nömrə" Tərlan Əhmədovun gəlişindən sonra əsas heyət oyunçusu olmaqla yanaşı, "sarı-göylər"in qol ümidinə də çevrilib. O qədər təhlükəli forvarda çevrilib ki, hətta "Qarabağ", "Sabah" və "Neftçi" nin müdafiəçiləri belə onu xüsusi diqqətdə saxlayır. "Kəpəz" hücum quranda və ya əks-hücuma çıxanda nigeriyalını ən azı iki müdafiəçi neyrallaşdırmağa çalışır. Şuaybu hazırda komandanın ən sərrast futbolçusudu. O, geridə qalan 22 turda 6 dəfə rəqib qapılarına yol tapıb. Qısası, "sarı-göylər"in hücumçusu rəqiblər üçün başağrıya çevrilib.
Adı çəkilənlər daha iddialı klubların diqqətini çəkməkdədi. Odu ki, mövsümün sonunda zəif büdcəli, böyük iddiası olmayan "Kəpəz"də qalacaqları inandırıcı deyil. Orxanın "Qəbələ", "Səbail", "Sumqayıt", "Şamaxı", "Zirə" kimi komandalara keçəcəyi gözlənilir. Fərid mənə müsahibəsində "Kəpəz"də istədiyi formanı yığandan sonra yenidən legioner həyatı yaşamaq arzusunda olduğunu bildirib. Ölkə xaricinə yollanması baş tutmasa belə, xidmətində əksər klublarımız maraqlı olacaq. Ayzaya ilə Şuaybu isə "Qarabağ"la "Sabah" istisna olmaqla, digər komandaların gücünə güc qata bilər. Həmçinin nigeriyalılar hazırkı performanslarını bir qədər də yüksəltməklə daha güclü liqalara keçə bilərlər. Bir sözlə, "Kəpəz" elitada qalmağı bacarsa, "4-lüy"ün maaşını artırmalıdı. Çünki onların “elçisi” çoxdu və boşda qalmayacaqlar.
ABDULLA İSMAYILOĞLU