Ötən əsrin 80-90-cı illərində UNO abbreviaturu qəzet-jurnalların səhifələrini bəzəyirdi.
Elə indi – son günlərdə də müxtəlif ölkələrin hava məkanında mənşəyi bəlli olmayan, Yerdən başqa sivilizasiyalarda həyatın mövcudluğuna dair ideyanın sübutu kimi baxılan belə obyektlər ya görünüb, ya da vurulub. O vaxt uçan naməlum obyektlərə qısaca “uçan boşqab” deyirdilər, biz yeniyetmələr bu haqda yazıları həvəs və maraq ilə oxuyar, elmi jurnallarda ağlabatan nəsə axtarardıq. Müharibə-zəlzələ faciələri ilə zəngin dünyamızda artıq UNO-lar haqda düşünməyə nə vaxt var, nə də həvəs. Onsuz da az qala hər gün yeni bir gündəm formalaşır, hadisələrin intensivliyi o qədər artıb ki, düşüncə prosesi bir qədər əhəmiyyətsizləşib, günün olaylarının arxasınca qaçmağa məcburuq.
Hə, Mahir Emreli mənim gözümdə “uçan boşqab” idi. Təpədən-dırnağa müstəqillik dönəmi futbolumuzun yetirməsi olduğuna, formasının üzərinə “made in Azerbaijan” yazdırmağı haqq etdiyinə görə. Biz onu böyük ümidlərlə “Legiya”ya göndərəndə, az qala hər gününün şəklini oxucumuz üçün çəkməyə çalışanda gürcülərin Xviça Kvaratsxeliyası “Rubin”də çıxış edirdi. Məntiq çərçivəsindən yanaşanda Mahir Xviçadan bir addım öndə idi. Düşünürdük ki, Mahir Polşanı fəth edəcək, o ölkədən tramplin kimi yararlanacaq, sonra da ən azı Almaniyada məskən salacaq. Axı özü də polşalı həmkarlarımıza deyirdi ki, sən demə, Azərbaycanda futbolu yaxşı öyrənməmişəm, burda əsl futbolun nə olduğunu anlayıram. Ardından nə oldu? Azarkeşlərlə adi bir münaqişəyə görə Polşadan ayrılıb Xorvatiyaya yollandı. Mən Mahirin yerində olsaydım, özümü həmin ölkədə göstərər, daha güclü liqaya can atardım. Bəs o nə etdi? Ulduzlarını itirən “Dinamo”da belə möhkəmlənə, özünə yer edə bilmədi. Dilimizdə danışmayan adamlar arasında özünə simsar, həmsöhbət, məclis, can yoldaşı tapmadı. Belədə “gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” prinsipi ilə Türkiyəyə döndü.
Məni qınamayın, elə Türkiyə də vətənimizdi, Mahir indi özü kimi düşünən, özü kimi danışan adamların əhatəsindədi. Düzünə qalsa, onun sonrakı karyerası şəxsən mənim üçün artıq o qədər də maraqlı deyil. Adam, sadəcə, belə gənc yaşda əlinə düşən iki şansın heç birindən yararlana bilmədi, qeyri-adi yox, adi adam olmaq yolunu seçdi, nəinki Xviça Kvaratsxeliya, heç Vəli Qasımov və ya Nazim Süleymanov da ola bilmədi. Bu fərd olaraq onun – Mahir Anar oğlu Emrelinin məğlubiyyətidi. Amma həm də mənim məğlubiyyətim və Azərbaycan futbolunun məğlubiyyətidi. Axı biz onun üzərinə həvəslə “made in Azerbaijan” möhürü vurmuşduq. “Uçan boşqab” Avropaya səs salmalıydı, oyunu ilə avropalıları valeh etməliydi ki, başqalarının da yolu açılsın, futbolumuzun marka dəyəri artsın, qitədə Azərbaycan futbolunun yalnız “Qarabağ”dan ibarət olmadığını anlasınlar. Mahirin “report”a verdiyi qısa müsahibəni də izlədim, “Dinamo”da oynamamağımın səbəbi mən deyiləm”, - deyə günahı yenə başqalarının üzərinə atır. Açığı, bilmirəm ki, baş məşqçini suçlayır, yoxsa yenə də qəlbinin dərinliklərində azarkeşləri. Amma bildiyim iki həqiqət var. Heç bir ağlı başında olan mütəxəssis normal futbol oynayan, özünü göstərən, komandaya fayda verən futbolçudan qurtulmaq istəməz. İkinci həqiqət isə budu: Mahir, biz səni Avropaya “uçan boşqab” kimi göndərdik, sən isə heç dron da olmadın!
HUŞƏNG