UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar

3.06.2026 18:31 91
Ölkə futbolu
AFFA UEFA-nın “Turan Tovuz”u 2026/27 mövsümü üçün avrokuboklardan kənarlaşdırması ilə bağlı açıqlama yayıb.

"Football-plus.az" xəbər verir ki, açıqlamada vurğulanıb:

“UEFA tərəfindən AFFA-nın İntizam Komitəsinin “Turan Tovuz”un futbolçularının danışılmış oyunlarda iştirak etdiyinə görə futboldan uzaqlaşdırılması ilə bağlı 13 dekabr 2019-cu il tarixli qərarına istinad edilərək klubun Konfrans Liqasının 2026/27 mövsümündə iştirak hüququ məsələsinə hüquqi qiymət verilməsi üçün iş UEFA-nın Apellyasiya Orqanına yönləndirilmişdi. UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, klub sözügedən turnirdə iştirak hüququndan məhrum edilib”.

UEFA-nın saytında yayımlanan qərarda isə bildirilib:

"2 iyun 2026-cı il tarixində UEFA Apelyasiya Orqanının sədri aşağıdakı qərarı qəbul edib:

2026/27 Konfrans Liqasının Əsasnaməsinin 4.01(g) maddəsi ilə tələb olunan qəbul meyarını yerinə yetirmədiyinə, yəni milli və ya beynəlxalq səviyyədə matçın təşkili və ya nəticəsinə təsir göstərməyə yönəlmiş fəaliyyətdə birbaşa və/və ya dolayı yolla iştirak etdiyinə görə "Turan Tovuz" 2026/27 Konfrans Liqasında iştirak etmək hüququndan məhrum edilib".

Xatırladaq ki, UEFA-nın bu qərarı ilə bağlı "Turan Tovuz" İdman Arbiraj Məhkəməsinə (CAS) şikayət edib.