Dünyanın ən titullu futbolçusunun başı dərddədi: İspaniya məhkəməsi Dani Alveşə müvəqqəti həbs cəzası kəsib, onun girov müqabilində azadlıqda olmaq hüququ da yoxdu.
Məhkəmə materiallarından belə aydın olur ki, 39 yaşlı futbolçu dekabrın 30-da Barselonada Milad bayramını qeyd edərkən 23 yaşlı xanıma qarşı seksual zorakılıq edib. Adı açıqlanmayan xanım Alveşi zorlamada və fiziki zorakılıqda suçlayır. Braziliyalının formasını geydiyi Meksika “Pumas”ı artıq onunla müqaviləni pozub, tənə-danlaq bir-birinin ardınca gəlir… Şükür Allaha, Azərbaycan futbolunda zorlama ittihamı ilə həbsə atılan yoxdu. Ara-sıra qadınlara qarşı zorakılıq hallarıyla bağlı xəbərlər gəlsə də, iş zorlamaya qədər gedib çıxmayıb. Əvəzində …Azərbaycan futbolu zorlanır. Bəli-bəli, danışılmış oyunlarda iştirak, oyunların alınıb-satılması da zorlamanın bir növüdü. Burda da bəzən qarşılıqlı razılıq tələb olunmur. Məsələn, MOİK-in iki yetkin futbolçusu – 32 yaşlı Fərmayıl Əliyevlə 31 yaşlı Emin Mehdiyev “Səbail”lə kubok oyununun nəticəsini saxtalaşdırmaqda, daha dəqiqi, öz oyunlarında pul qoymaqda suçlanırlar. Noyabrın 22-də Binə qəsəbə stadionunda keçirilən həmin 1/8 final oyununda “dənizçilər” 4:0 hesabıyla qalib gəlib. Franko Mazureklə Ədilxan Qarəhmədov ilk 30 dəqiqədə iki qol vurub, çox güman, qollarda kobud səhvə yol verən Emin Mehdiyev artıq 35-ci dəqiqədə əvəzlənib, kapitan Fərmayıl Əliyev isə sona qədər meydanda qalıb. AFFA İntizam Komitəsinin futbolla bağlı istənilən fəaliyyətinə ömürlük qadağa qoyduğu bu iki şəxsin apellyasiya şikayəti vermək üçün 15 gün vaxtı var. Bu hüquqdan yararlanıb-yararlanmayacaqlarını yaxın günlərdə biləcəyik.
Xatırladaq ki, ölkə futbolunda danışılmış oyunlarla bağlı ən böyük qalmaqal 2016-nın noyabrında yaşanıb. Onda danışılmış oyunlarla bağlı komissiyanın məlumatına əsaslanan AFFA İntizam Komitəsi nə az, nə çox – 24 adamı cəzalandırmışdı. Ardından premyer-liqa və 1-ci divizion klubları üçün onlarla mühazirə oxundu, danışılmış oyunların cinayət olduğu deyildi. Amma göründüyü kimi, heç nə dəyişmir. Yenə oyun alıb-satanlar, bunu özünə sənət seçənlər var - Fərmayılla Emin kimi. Axarıncı yox, axırıncı olsun!
ORXAN