Kriştiano Ronaldonun ingiltərəli həmkarımız Pirs Morqana verdiyi müsahibə İngiltərə futbol ictimaiyyətini necə silkələyibsə, az qala Qətər mundialı da aktuallığını itirib. Portuqaliyalı ulduzun son müsahibəsi təkcə “Mançester Yunayted” camiəsində yox, dünyanın hər yerində ona münasibəti dəyişib. Aşağıda müsahibəyə fərqli reaksiyalarla tanış olacaqsız.
MY narazı olsa da, hələ ki heç bir tədbir görməyib
• Heç şübhəsiz, “Mançester Yunayted”də Kriştianonun müsahibəsindən narazıdılar. Söhbət yalnız rəhbərlikdən və baş məşqçi Erik ten Haqdan getmir. “Sky Sports”un xəbərinə inansaq, portuqaliyalının komanda yoldaşları da müsahibənin üslubundan və ictimailəşdiyi zamandan çox məyusdular. Futbolçular müsahibədən “Fulhem”lə səfər oyunu keçirmək üçün yollandıqları Londondan dönərkən xəbər tutublar. Onlar Ronaldonun bütün bunları niyə məhz indi dilə gətirdiyini anlamırlar.
• “Sky Sports” bir başqa xəbərində iddia edir ki, portuqaliyalıya “Fulhem”lə oyun üçün sifariş ərizəsinə salınacağı, ancaq start heyətində olmayacağı deyilib. Ronaldo isə cavabında xəstə olduğunu bildirib.
• Komanda üzvləri belə hesab edir ki, Kriştiano Ronaldo belə davranmaqla təkcə baş məşqçiyə və kluba yox, onlara da hörmətsizlik edir. Ümumiyyətlə, MY-nin oyunçuları ulduz futbolçunun son həftələrdəki davranışındn narazıdılar. Hətta deyilənə görə, portuqaliyalı yaxın vaxtlarda komandanı tərk etsə, oyundaşları “zərrəcə göz yaşı axıtmayacaqlar”.
O da maraqlıdı ki, komandada vahidlik yarandığı məqamda Ronaldonun davranışı vəziyyəti qeyri-sabitliyə dəyişmək baxımından heç yerinə düşməyib.
• MY rəhbərliyi indi portuqaliyalıya münasibətdə hansı addımları atacağını müzakirə edir: Erik ten Haq, klubun icraçı direktoru Riçard Arnold, idman direktoru Con Merto və “qırmızı şeytanlar”ın həmsahibi Coel Qleyzer bir araya gələrək sonrakı hərəkət planını müəyyənləşdirəcək.
• ESPN xəbər verir ki, klub rəhbərliyi Ten Haqın 37 yaşlı portuqaliyalı ilə qalmaqallı müsahibəyə görə haqq-hesab çəkmək imkanını tanıyıb. Merto və Arnold niderlandlı mütəxəssisi bu baxımdan hərtərəfli dəstəkləyəcək.
• Hədsiz qalmaqallı müsahibə verən portuqaliyalıya münasibətdə ən müxtəlif intizam tədbiləri nəzərdən keçirilir. Bunlar arasında qarşılıqlı razılıq əsasında müqavilənin pozulması da var. Bu o halda mümkün olacaq ki, Kriştiano mövsümün sonuna qədər almalı olduğu pula iddia etməsin. Klubda ehtiyatlanırlar ki, portuqaliyalı ona çatası pulu tam həcmdə istəyə bilər. Bu üzdən rəhbərlik vəziyyəti daha da gərginləşdirməmək xəttinə sadiqdi.
• Klub da artıq müsahibəyə cavab xarakteri daşıyan bəyanatla çıxış edib – baxmayaraq ki, burda heç bir müəyyənlik yoxdu. Klubun bəyanatında deyilir: “Mançester Yunayted” Ronaldonun KİV-də yayılan müsahibəsindən xəbərdardı. Klub bütün faktları müəyyənləşdirəndən sonra cavabını düşünəcək. Bizim diqqətimiz hələ də mövsümün ikinci hissəsinə hazırlığa, oyunçular, baş məşqçi, personal və azarkeşlər arasında formalaş inam və birlik ab-havasını qorumağa yönəlib”.
Karrager, Nevill və Ferdinand ulduzu göydən yerə vurdu
Ronaldonun son müsahibəsi, gözlənildiyi kimi, futbol dünyasında geniş əks-səda doğurub.
• Ceymi Karrager sosial şəbəkədəki səhifəsində bu ifadələri yazıb: “Ronaldo Erik ten Haqın rəhbərliyi altında: getmək istədiyini elan etdi, sonradan meydana çıxmaqdan boyun qaçırdı, ehtiyat oyunçular skamyasından getdi və hakimin final fiti səslənmədən stadiondan ayrıldı. “Yunayted” azarkeşlərinin 99 faizi Ten Haqın tərəfində olacaq. Ronaldonu dəstəkləyən 10 faiz isə Roy Kin, Patris Evra, Rio Ferdinand və başqa belələridi...”
Karregerin tviti ildırım sürəti ilə yayıldı və 80 mindən artıq “bəyənmə” topladı.
• “The Athletic”in əməkdaşı Lori Uitvell əlavə edir: “Xatırladıram ki, Kriştiano Ronaldo yayda MY-dən getmək istəyirdi, ancaq Çempionlar Liqasında yarışan heç bir komanda onu almağı lazım bilmədi/bacarmadı. Bu turnirdəki qol rekordu Ronaldo üçün transferlə bağlı əsas motivasiya idi: Messi bu mövsüm artıq 4 qol vurub və Ronaldodan yalnız 11 top geri qalır”.
• Əvvəllər portuqaliyalını müdafiə edən Qari Nevillin də beyni çönüb: “Ronaldonin dedikləri tam bir rüsvayçılıqdı. Və mən həqiqətən də düşünürəm ki, “Arsenal” çempionluğu qazanmayacaq. Hələ də belə hesab edirəm ki, “Mançester Siti” daha güclüdü. Bilirəm ki, Ronaldonun bu müsahibəsi “Mançester Yunayted” üçün heç də yaxşı görünmür”.
• Ronaldonun müsahibəsi Rio Ferdinandı da məyus edib: “Bir yerdə oturub Ronaldonun belə davranışını müdafiə etmək olmaz. Onu dəqiq bilirəm ki, bu tamaşanın yalnız bir hədəfi var – Ronaldo klubu tərk etsin. Fikrimcə, Kriştiano ilə “Mançester Yunayted” arasındakı roman başa çatıb. Geriyə yol görmürəm, təsəvvür edə bilmirəm ki, klub onu qəbul edər. Və düşünmürəm ki, o da qayıtmaq istəyər. Məhz bu səbəbdən hər şey belə cərəyan etdi. Bu müsahibəyə qədər mən portuqaliyalını müdafiə edir və düşünürdüm ki, münasibətlərin yaxşılaşması baxımından klubun üzərinə böyük məsuliyyət düşür”.
• MY-nin sabiq forvardı Teddi Şeringem də yetərincə barışmaz mövqe tutub: “O deyir ki, mənə hörmət etmirlər və mən də hörmət etmirəm. Kimsə belə söz deyirsə, bunu oxuyan “Mançester Yunayted” azarkeşləri arasında çoxlu narazı adam tapılacaq. Görünür, Ronaldonun getməsinin vaxtıdı. Geriyə yol yoxdu. Portuqaliyalı mövsüm başlamamış getməliydi, ancaq getmədi, klubdakılar onun şərtləri əsasında işləməyə çalışdılar. Düşünürəm ki, indi artıq getmək vaxtıdı”.
• Darren Bent müsahibəyə qısa, ancaq orijinal reaksiya verdi: “Aman-aman, Ronaldo MY iıə bağlı olan hər kəsə atəş açır”.
• Sabiq futbolçu Cermeyn Cenas da Ronaldonun hərəkətini bəyənməyib: “İlk növbədə bu müsahibə mənə gerçəyi göstərdi. Düşünürəm ki, müsahibə Kriştianonun mövsüm boyunca yaşadığı hissləri əks etdirir. Qıcıqlandırmadan başqa heç nə görmədim. Düşünürəm ki, klub belə durumda heç də doğru qərarlar verməyib. Mənə də elə gəlir ki, onun üçün MY erası başa çatdı. Kriştianoya göstərdiyi münasibət Ten Haqa klubdakı mövqeyini möhkəmlətməyə və paltardəyişmə otağında atmosferi qaydaya salmağa yardım edəcək. Ancaq eyni zamanda Ronaldo da özünü komandadakı başqa oyunçular kimi aparmalıydı. İndi o komandanın içində deyil və bu üzdən də oynamamalıdı”.
Bəs Kriştianonu kimlər dəstəklədi?
Təbii ki, ulduz futbolçuya dəstək verənlər də tapılıb.
• Kriştianonun bacısı Elma Aveyro “instaqram” hesabında ona dəstək xarakterli paylaşımlar etdi. O, əvvəlcə qardaşının müsahibəsindən bir sitatı yaydı: “Çətin ki bir daha açacağım qapılar haqda qürur hissinə yox, özümə hörmət etdiyimə görə susmuram”. Elma 2-ci paylaşımda qardaşının müsahibə verərkən çəkilən fotosunu paylaşıb və belə yazıb: “Əzizim, mən həmişə sənlə qürur duyacam”. Aveyro 3-cü paylaşımda yenə müsahibədən bir hissəni yayıb və Ronaldonu həyatının ən böyük qüruru adlanırıb. Növbəti paylaşım isə Ronaldonun MY-nin məşqçisi Ten Haqa hörmət etmədiyini bildirməsi haqdadı. Elma müsahibənin həmin hissəsini belə şərh edib: “Həqiqət deyildi”.
• Kriştianoya dəstək verənlər sırasına gözlənilmədən “Liverpul”un sabiq baş məşqçisi Qrem Suness də qoşulub: “Təbii ki, Ronaldonun tərəfindəyəm. Görüş olub, iki adam bir-birinə fikirlərini açıqlayıb, sonra qarşılıqlı anlaşma şəraitində oranı tərk ediblər və ardından həmin adamlardan biri sözünü tutmayıb (portuqaliyalının Ten Haqla görüşü nəzərdə tutulur - red). Ronaldo heç vaxt açıq şəkildə danışmayıb, ancaq indi hiss edir ki, başverənlərlə bağlı öz versiyasını ictimaiyyətə çatdırmağın vaxtıdı. Sadəcə, belə hesab edirəm ki, Ten Haq onu aldadıb. 20 illik təcrübəyə malik məşqçi kimi vəziyyəti dəyərləndirir və düşünürəm ki, məhz Ten Haq görüşdə futbolçuya verdiyi vədi tutmayıb. Və Ronaldo möhkəm cavab qaytardı. Kənardan belə görünür ki, futbolçunun iradları var və bunları səsləndirə bilər. Tam mənzərədən xəbərdar deyilik, ancaq inanıram ki, Ronaldo ilə pis davranıblar. Futbolda məntiq yoxdu. Bəzən heç sağlam düşüncə də yoxdu”.
Müsahibə götürən jurnalist də danışdı
Baxışların toqquşduğu indiki məqamda həmkarımız Pirs Morqanı da dinləməyə dəyər: “Kriştiano məndən xahiş etdi ki, müsahibə götürüm – hər şey bu qədər sadədi. Mən ondan xahiş etmədim, o məndən xahiş etdi. Bütün bunlar lap yaxında olub. O bir müddət bu müsahibə ilə bağlı düşünüb. Düşünürəm ki, Ronaldonun son bir ildə “Yunayted”də yaşananlara görə dərin məyusluq içində olması heç kimə sirr deyil. O, nəhayət, danışmaq lazım gəldiyini hiss edib. Ronaldo səs-küy qalxacağını bilirdi, ancaq belə müsahibə verməyə məcbur idi. O, adamların ciddi tənqidinə məruz qalacağını bilir, ancaq həqiqəti dediyini də anlayır. Bəzən həqiqət adamı yaralayır. Ser Aleks Ferqyuson təqaüdə yollanandan bəri “Yunayted” durğunlaşdı və ortabab kluba çevrildi. Hamı bunu bilir. Ronaldo tənqid etməkdə haqlıdı”.
Erik ten Haq: “Reallıq budu ki, hazırda Kriştiano Ronaldoya ehtiyacımız yoxdu. Bizə ləng, bitiriciliyi zəif olan, amma başla normal oynaya bilən hücumçu lazım olarsa, mən ön xətdə Harri Maquayrdan da istifadə edə bilərəm”.
ELZAMİN