Dünya çempionatının əsas mərhələsində Çexiya və Latviya ilə eyni qrupa düşən futzal yığmamızın bu rəqiblərlə əvvəlki oyunlarının statistikası açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Yığmamız Çexiya ilə 6-sı rəsmi olmaqla ümumilikdə səkkiz matçda üz-üzə gəlib. Bu rəqiblər arasında ilk duel 31 il əvvəl baş tutub və həmin vaxt qitəmiqyaslı yarışlara yeni qədəm qoyan komandamız böyük hesabla (2:10) məğlub olub. Ümumilikdə Çexiya ilə rəsmi matçların 2-də bizimkilər, 4-də isə rəqib qələbə qazanıb. Onlarla son qarşılaşmalar yoldaşlıq matçları çərçivəsində baş tutub. 2 il əvvəl Zlin şəhərində təşkil olunan görüşlərdə Çexiya komandası qələbə qazanıb.
Milli qrupdakı digər rəqib Latviya seçməsi ilə 1 dəfə rəsmi, 2 dəfə isə yoldaşlıq oyununda üz-üzə gəlib. Rəsmi görüş 28 il əvvəl keçirilib və futzal üçün qeyri-adi hesab ediləcək nəticə qeydə alınıb - 0:0. Yoldaşlıq oyunları isə 2019-cu ildə Liepaya şəhərində təşkil olunub. İlk qarşılaşmada qələbəni (1:3) yığmamız qazanıb, ertəsi gün baş tutan matçda isə heç-heçə (2:2) qeydə alınıb.
Dünya çempionatında oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq.