Avropa ölkələrinin klubları üçün qitəmiqyaslı turnirlər macəra, hiss-həyəcandı. Bizim üçün isə əsəb və stressdi.
Təkcə “Qarabağ”ı çıxmaq şərti ilə. Düzdü, Ağdam təmsilçisinin oyunlarında bəzən hakimlər elə qərarlar verirlər ki, adam əsəbdən dəli olur. Mövzumuz isə premyer-liqa təmsilçilərinin avrokuboklarda zəif yox, biabırçı çıxışıdı. “Qarabağ”ı çempionatımızdan hesab etməyək. Çünki Qurban Qurbanov premyer-liqanın səviyyəsindən qat-qat yüksək reytinqli komanda formalaşdırıb.
“Neftçi”, “Zirə” və “Qəbələ”dən danışacam. Ötən mövsüm avrokuboklara vəsiqə qazanmaq üçün əllərindən gələni etdilər. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov mövsümün gedişində o qədər hakimlərdən narazılıq edirdi ki, sanki referilər onun komandasının Avropa turnirlərinə getməsinə mane olurdu. Premyer-liqada yaşananları hamınız bilirsiz. Çox da dərinə getməyə gərək yoxdu. “Qarabağ”ın çempion olduğu mövsümdə “Neftçi”, “Zirə” və “Qəbələ” Konfrans Liqasına vəsiqə qazandı. Rəqiblər bəlli olandan sonra bütün futbol ictimaiyyəti “qartallar”ın və “qırmızı-qaralar”ın fatihəsini verdi. Rəşad Sadıqovun komandasına “Makkabi” (Təl-Əviv), Elmar Baxşıyevin kollektivinə “Fehervar” qismət oldu. Tək sevindiyimiz məqam “Neftçi” ilə bağlı idi. Flaqman ilk dəfə avrokuboklara vəsiqə qazanan Cənubi Kipr “Aris”i ilə qarşılaşacaqdı.
Başlayaq “Zirə”dən. Təlim-məşq toplanışı çərçivəsində, demək olar ki, hər şeyi mediadan gizli saxladılar. Öz-özümə fikirləşirdim ki, Rəşad Sadıqov israillilər üçün sürpriz hazırlayır. Düzdü, arada həm baş məşqçinin, həm də futbolçuların “instaqram” hesablarından görürdük ki, zirəlilər stolüstü tennis oynayır. Sən demə, elə “qartallar” öz güclərinə bələd olub “Makkabi” ilə oyuna çox da hazırlaşmağı vacib saymayıblar. Çünki “Dalğa Arena”da keçirilən matçda göründü ki, “qartallar” bu görüşə hazır deyil. Sadəcə, bir-iki futbolçu fərdi olaraq nəsə etmək istəyirdi. Komanda oyunu isə “Zirə”də alınmırdı. Bu, elə yekun hesabda da əksini tapdı. “Makkabi” səfərdə 3:0 hesablı qələbə qazandı.
Şəxsən “Qəbələ”dən ümidli idim. Düzdü, hər kəs “qırmızı-qaralar”ın maliyyə durumunun yaxşı olmadığını irəli çəkərək Macarıstan təmsilçisini favorit sayırdı. Düzdü, klub rəsmiləri, baş məşqçi, futbolçular ümidli danışırdı. Görüş də Azərbaycan klubunun istədiyi kimi başladı. Utziq hesabı açanda sevincimin həddi-hüdudu yox idi. Lakin zaman keçdikcə ümidim boşa çıxdı. Rəqib hesabı bərabərləşdirəndən sonra İlkin Qırtımovun da ciddi zədələnməsi, hətta ölüm təhlükləsi ilə üz-üzə qalması oyunun axarına təsir etdi. Burda baş məşqçi Elmar Baxşıyevi də qınamaq olar. Hesab 1:1 olandan sonra “Fehervar”a açıq futbol təklif etmək düzgün qərar deyildi. Bu da sonda sözünü dedi. Meydan sahibləri 4:1 hesablı qələbə qazandı.
Ən çox inandığım “Neftçi” idi. Flaqmanın rəqibi ilk dəfə avrokuboklara vəsiqə qazanmışdı. Belə turnirlərdə təcrübəsi yoxdu. Lakin Regekampf elə mətbuat konfransından “ağlaşma qurdu”. Halbuki yeni baş məşqçi gələndən sonra rəhbərlik 5 transfer edib. Demək olar ki, ən yaxşı şərait “Neftçi” üçün yaradılmışdı. Amma flaqmanın “Aris” qarşısındakı oyunu sıfıra bərabər idi. Nəticədə flaqman səfərdə 0:2 hesabı ilə məğlub oldu.
Avrokuboklar mövsümü yeni başlayıb. 6 oyuna hesabımıza ümumilikdə 0,500 əmsal yazdırmışıq. Bunu da təkcə “Qarabağ” bacarıb. Bu gün “feysbuk”da bir postla qarşılaşdım. Sən demə, son 5 mövsümdə təkcə Ağdam təmsilçisinin nəticələrini qeydə alsaq, UEFA-nın əmsallar cədvəlində 8-ci sırada olardıq. Burda qayda belədi ki, mövsüm ərzində qeydə alınan nəticələr iştirakçı sayına bölünür və sıralama formalaşır. Yuxarıda qeyd etdiyim məqam bizim üçün həyəcan siqnalıdı. Təsəvvür edin ki, “Qarabağ” bizim çempionatda çıxış etməsəydi, indi vəziyyətimiz necə olardı? Qalan təmsilçilərimiz avrokuboklarda nə üçün iştirak edirlər? Fərqli şəhərləri gəzmək burda piortet məsələdi?
Avqustun 5-də çempionat start götürəcək. Yenə komandalar başlayacaqlar ki, hədəfimiz çempionluq deyil. “Zirə”, “Neftçi”, “Qəbələ”, “Sabah”, “Sumqayıt”, “Şamaxı”, “Səbail” nə çempionluğa oynayır, nə də avrokuboklarda normal nəticə qazanır. “Kəpəz”lə “Turan Tovuz” Allah ümidinə premyer-liqada iştirak edəcək. Belə olan məqamda Azərbaycan çempionatı nə üçün keçirilir? Elə “Qarabağ” hər il təkbaşına avrokuboklarda iştirak edib, uğur qazansın. Bizim premyer-liqamız ancaq gənc məşqçilərin qocalara söz atması və ya öz yaşıdlarına güc göstərməsi üçündü? Yox e, mənə maraqlıdı ki, bu sponsorlar pullarını niyə boşuna xərcləyirlər? Çempionluğa oynamayan, avrokuboklarda qapazaltı olan komandanı nə üçün saxlayırlar?
İndi söz-söhbət gəzir ki, dövlət klublara 3 milyona yaxın pul ayıracaq. Hələ onun az olduğunu söyləyənlər var. Amma hansısa kluba azarkeşlik və ya rəhbərlik edənlər düşünmürlər ki, əlavə gəlir tapsınlar, komandalarını daha da gücləndirsinlər. Elə ancaq dövlətdən nəsə umurlar. Bu pullara nəzarət edən şəxslərin və ya qurumların yerində olsaydım, avrokuboklarda uğursuz çıxış edən komandaya pul ayırmazdım. Ya da kim hazırdısa, onu göndərərdim. Lisenziya verməzdim avrokuboklara getməsinə.
Gələk əsas söhbətə. Cümə axşamı bizim üçün böyük bir utanc idi. “Qarabağ” kimi nəticələr qazanan komandanın təmsil etdiyi ölkənin qalan üç klubunun normal futbol sərgiləməməsi biabırçılıqdı. Bu da milli komanda deyil ki, günahı AFFA-da görək, onların hakimlərə sifariş verdiyini söyləyək. Avrokuboklarda hər şey özünüzdən asılıdı, cənablar. Bura güc göstərmək meydanıdı. Əsl güclü və bacarıqlı olanlar burda bilinir. Cümə axşamı reallaşan görüşlərdən sonra bildik ki, bu iş sizlik deyil.
İLKİN SULTANLI