PSV-nin yetirməsi Məhəmməd İhattarenin müəmmalı tarixçəsinin xatırlayırsızmı?
“Yuventus” 2021-in oktyabrında istedadlı niderlandlını “Sampdoriya”ya icarəyə verdi və iki həftə ərzində onu tapa bilmədi. Nəhayət, İhattaren peyda oldu.
“Çelsi”nin son illərdəki ən önəmli yetirmələrindən biri Çarli Musonda (kiçik) ilə də eyni hadisə baş verməkdədi. Londonlular bu yay onunla müqavilə müddətini uzatmamağa və azad agent kimi buraxmağa qərar verdi. 25 yaşlı Çarli indiyə qədər klubun əsas komandasında yalnız 7 oyun keçirib və daim icarələrdə gün keçirib: “Betis”, “Seltik” və “Vitess” forması geyib.
Çarli azad agent statusu alan kimi “Sulte-Varegem”lə mövsümlərarası toplanışı məhz bu komandada keçirməklə bağlı razılığa gəldi. Yəni baxışdan keçəcək, bəyəniləcəyi təqdirdə də müqavilə bağlayacaqdı. Mövsümöncəsi toplanış başlayıb, amma futbolçu düşərgədə yoxdu. Və ən qorxunc məqam: onun harda olduğunu da heç kim bilmir.
Musonda, sadəcə, yoxa çıxıb, hərçənd buna qədər mümkün komanda yoldaşları ilə bir neçə məşqə çıxıb. Belçika klubunun rəsmiləri əvvəlcə özləri-özlərini sakitləşdirirdilər ki, futbolçu ailə məsələlərinə görə üzə çıxmır, ancaq ötən həftə icraçı direktor etiraf etdi ki, o da Çarlinin harda olduğunu, ümumiyyətlə, başına nə gəldiyini bilmir. Musonda heç kimlə əlaqəyə girmir, heç sosial şəbəkələrdə də izi-tozu yoxdu.
Superistedad sayılırdı, “Çelsi” “qamarladı”
Kiçik Musonda 2002-də “Anderlext”in akademiyasına qəbul olundu. Atası Çarli Musonda da karyerasının böyük hissəsini bu klubda keçirmişdi. Zambiyalı Belçikada assimilyasiyaya uğramışdı, oğlu Brüsseldə dünyaya gəldi və artıq belçikalı oldu. Kiçik Çarlinin istedadı dərhal gözə çarpdı. Klub sistemində keçirdiyi 10 il ərzində o, akademiyanın göz bəbəyi sayılırdı. Artıq 15 yaşı olarkən Avropanın top-klublarının az qala yarısı Musondanı izləyirdi.
2012 Çarlinin karyerası baxımından önəmli oldu. Yeniyetmə “Real” forması geyməyi arzulayırdı, ancaq daha sərfəli şərtlər təklif edən “Çelsi” onu ələ keçirdi. “Anderlext”in akademiyasının rəhbəri Cin Kindermans 2019-da belə demişdi:
“15 ildi burda işləyirəm, əlimin altından çoxlu gənc istedad keçib. Ancaq Çarli həmişə xüsusi istedad sayılıb. Biz onu dünyanın ən yaxşı gənc futbolçusuna çevirdik. Belə istedada xüsusi yanaşma olmalıdı. İstedadına görə uzaqbaşı Yuri Tilemans onunla müqayisə oluna bilər. Çarli 10 yaşında elə şeylər edirdi ki, əksər peşəkarlar bunu bacarmaz. Onu bütün Avropa tanıyırdı. Artıq onda Musonda superulduz sayılırdı və bu statusuu meydanda göstərirdi. Bu oğlan möcüzələr yaradırdı”.
Akademiya rəhbərinin dediyinə görə, futbolçunun 15 yaşı olarkən nəhənglərin marağı üzündən təzyiq daşınmaz yükə çevrilib. Onda ailə Çarlinin getmək arzusuna müqavimət göstərməyib. Kindermans davam edir:
“Mən onun davranışını anlaya bilmədim. Ona görə ki, daha bir mövsüm qalacağı təqdirdə Çarlini peşəkar səviyyədə hazırlayacağımıza əmin idim. O, “Çelsi”yə Lukaku kimi getdi – indiyə qədər də bunu böyük səhv sayıram. Musonda ora hədsiz erkən getdi, buna hazır deyildi”.
22 yaşında xaçabənzər bağları qırdı və üç il bərpa olunduLondon akademiyasında 4 il keçirən Çarli 2016-da “Betis”i fəth etməyə yollandı və meydanda heç nə ilə yadda qalmadı. Ancaq “Çelsi” ona inanırdı. Elə həmin vaxt Musonda Ronaldo fanatı olduğunu, onun izi ilə getməyi arzuladığını etiraf etdi. Bir il sonra əsas heyətdə oynamaq şansı qazandı. Ancaq yenə də özünü göstərə bilmədi.
Diz zədəsi Çarlini məhv etdi. Futbolçu 2018-in sentyabrında xaçabənzər bağları qırdı. 2019-un mayında sağaldı, ancaq bir neçə ay sonra növbəti əməliyyat üçün cərrah masasına uzandı. Nəticədə karyerasının üç ili boşa getdi: yalnız ötən ilin sentyabrında yaşıl meydana dönə bildi. Yenə də “Anderlext” akademiyasının bossunun fikirləri:
“Bəzən futbolçulara xatıratmaq lazım gəlir ki, heç nə asanlıqla qazanılmır. Çarlinin istedadını əlindən ala bilməzsiz, ancaq o, hara getdiyini anlamırdı. Çarli qeyri-adi dərəcədə istedadlıdı. Ancaq risk etdi və burda tale öz hökmünü verdi. İnsani cəhətdən ona yazığım gəlir”.
Musonda ötən mövsüm “Çelsi”nin U-23 komandasının heyətində cəmi iki oyuna çıxdı. Artıq karyerasında yeni mərhələyə başlamağı planlaşdırırdı. Amma indi başına nə gəldiyi belə məlum deyil.