''Real''ın əfsanələrindən olan və karyerasının sonuna yaxın 1 mövsüm (2010/11) ''Beşiktaş''ın şərəfini qoruyan Quti Ernandes türkiyəli həmkarlarımıza açıqlamalar verib.
Qeyd edək ki, bir müddət məşqçilik fəaliyyəti ilə məşğul olan, amma uğur qazana bilməyən 45 yaşlı futbol adamı hazırda La Liqanın dünyadakı səfiri vəzifəsini icra edir.
• Türkiyəli fanatların enerjisi və coşqusu ən yüksək səviyyədədi. Amma Türkiyə klubları nəticəni böyük pullar xərcləyərək, büdcələrini aşaraq əldə etmək istəyirlər. Çox vaxt da buna nail ola bilmirlər. Təbii ki, ''Beşiktaş''ı hər zaman ən yuxarıda görmək istəyirəm. Türkiyə çempionatı çox çətin turnirdi və rəqabət ən üst səviyyədədi. Mənə qəribə gələn odu ki, Türkiyə klubları israrla yaşlı futbolçular transfer edirlər. Hətta bu isimlər istənilən faydanı vermədikdən sonra da Türkiyə futbolunda bu tendensiya davam edir!
• ''Trabzonspor''u çempionluq münasibəti ilə təbrik edirəm. Əksər hallarda çempionluq İstanbul nəhənglərindən birinə qismət olur. Bu baxımdan ''Trabzonspor''un çempionluğunu eşidəndə bir qədər təəccübləndim. Amma digər tərəfdən son illərdə superliqada 3 nəhəngdən başqa digər klubların çempionluqlarını tez-tez görməyə başlamışıq.
• ''Beşiktaş'' mənim üçün özəl klubdu. Orda həm futbolçu kimi oynamışam, həm də köməkçi-məşqçi kimi çalışmışam. Amma baş məşqçi kimi ordan təklif almadım. Qapım bütün klubların üzünə açıqdı. Gözəl və maraqlı layihənin içində yer almağa razıyam. O layihənin arxasında mütləq yaxşı bir planlaşdırma və ruh dayanmalıdı. Bu halda məşqçiliyə qayıtmağım mümkündü. Baş məşqçi və oyunçuları xoşbəxt, sevincli olan klub gec-tez mütləq nəticə qazanacaq.
• Yaxşı futbolçunun yaxşı baş məşqçi olacağına heç kim zəmanət verə bilməz. Baş məşqçinin əsas vəzifəsi əlindəki imkan və komanda ilə ən yaxşı nəticəni əldə etməkdi. Bunu hansı yolla əldə etməyin o qədər önəmi yoxdu. Məsələn, mən texnikalı oyunçu idim və yaxşı ötürmələr verirdim. Amma bu o demək deyil ki, çalışdırdığım komanda da belə oynamalıdı. Məşqçi taktikanı əlinin altındakı oyunçulara uyğun müəyyənləşdirməlidi.
• Benzemaya bu il də ''Qızıl top'' verməsələr, başqa nə vaxt verəcəklər? Bir futbolçu ''Qızıl top''u qazanmaq üçün bundan artıq nə etməlidi? Mən bu mövsüm onun qədər vacib matçlarda səhnəyə çıxıb nəticəyə təsir etməyi bacaran ikinci oyunçu görməmişəm. Çempionlar Liqasında isə çoxdan bu cür performans sərgiləyən futbolçu olmamışdı. Bu mövsüm ''Qızıl top''u Benzemaya verməsələr, mən artıq bu mükafatın ədalətli olmasına şübhə ilə yanaşmağa başlayacam. PSJ, ''Çelsi'' və ''Mançester Siti''yə qarşı oyunlarda ümumilikdə 10 top vurmuş futbolçudan bəhs edirik. Bunu ÇL-də indiyə qədər başqa bir oyunçunun bacarıb-bacarmadığını bilmirəm.
• İndiki işim asandı. İspaniya futbolunun dünyadakı imicini və baxımlılığını artırmaq üçün bu vəzifədəyəm. Amma İspaniya futbolu zatən dünyada çox populyardı və kifayət qədər də izlənilir. Növbəti hədəf kimi La Liqaya dünyaca ünlü ulduzları cəlb etməliyik. İndi İspaniya futbolunun bəlkə də yeganə çatışmayan cəhəti budu. Keçmişdəki kimi böyük oyunçuları çempionatımıza gətirməliyik. Bu baxımdan premyer-liqa ilə rəqabət aparırıq. Amma İspaniya klublarının ÇL-in yarımfinalındakı oyunu, bir təmsilçimizin finala yüksəlməsi bizim futbolun gücündən xəbər verir.
• La Liqada oynadığım dönəmdə mənə ən çox çətinlik yaradan futbolçu Samuel Eto'O idi. İlk dəfə bir-birimizə qarşı oynayanda 16 yaşı var idi. Hətta o yaşda belə mükəmməl futbol sərgiləyirdi. Həm fiziki, həm də texniki cəhətdən güclü idi. Bir tərəfdən onun oyunundan zövq alırdımsa, digər tərəfdən bizə tez-tez çətin anlar yaşadırdı. ''Real''a qarşı oyunlarda sərgilədiyi performans bizə ciddi zərər vururdu.
• DÇ-2022-də eyni qrupda yer alan İspaniya ilə Almaniyanın birlikdə pley-offa yüksələcəyini düşünürəm. Nədənsə mənə elə gəlir ki, sürpriz nəticələrin bol olacağı mundial izləyəcəyik. Çünki bərabər səviyyəli komandalar çoxdu. Amma Fransanı ayırardım. Məncə, hazırda dünyanın ən güclü komandasıdı. Ancaq bəzən oyun intizamını əldən verirlər. Bu problemi yoluna qoysalar, Fransa hamıdan bir pillə irəlidə olacaq. Amma yoluna qoya bilməsələr, istənilən komandanın çempion olmaq şansı yaranacaq. Bu DÇ-ni çox böyük həyəcanla gözləyirəm. Sürprizli və əyləncəli turnir olacaq.
ƏLİ