“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
Azərbaycan futbol ictimaiyyəti bu il AFFA-nın yubileyini qeyd edir. Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası düz 30 il əvvəl, 1992-ci ildə yaradılıb. Sevindirici haldı ki, AFFA-nın ilk prezidenti Fuad Musayevin bilavasitə zəhməti sayəsində Azərbaycan Asiyanın yox, Avropa futbol ailəsinin yolunu tutub. Bu isə həm milli səviyyəsində aparıcı futbol ölkələri ilə qarşılaşmağımıza, həm də klublarımızın avrokuboklarda iştirakına şərait yaradıb. “Keçmişini unudanların gələcəyi olmaz” deyiblər. Biz də məhz bu fikirlə tarixə nəzər salmağa qərar verdik. Gənc nəslin nümayəndələri AFFA-nın necə yaranmasından, onun Avropa futbol ailəsinə daxil olmasından xəbərdar olmalıdı. Bir vaxtlar AFFA-nın mətbuat xidmətinin rəhbəri olmuş Lətif Novruzovla söhbətdə keçmişə səyahət etdik, ötən günləri birlikdə vərəqlədik.
- Bugünlərdə futbol ictimaiyyəti AFFA-nın yaradılmasının 30 illik yubileyini qeyd edir. Siz həmin tarixin canlı şahidlərindənsiz. O günləri necə xatırlayırsız? AFFA-ya gəlişiniz necə oldu?
- Rəhmətlik Fuad Musayev şəxsi təşəbbüsü ilə AFFA-nı yaratmağa başladı. Həmin vaxt futbol ictimaiyyətinin bir qrup nümayəndəsi də ona bu işdə dəstək verirdi. AFFA 1992-ci ildə yaradılsa da, Azərbaycanın beynəlxalq qurumlara inteqrasiyası, FİFA və UEFA-ya üzv olmasıtəxminən iki il çəkdi. Bu proses 1994-cü ildə yekunlaşdı. Bizi həm UEFA-ya, həm FİFA-ya tamhüquqlu üzv kimi qəbul etdilər. Mənim AFFA-ya gəlişim də həmin vaxta təsadüf edir. İndiyə qədər də fikirləşirlər ki, məni kimsə AFFA-ya gətirib, yaxud da bura Fuad Musayevin kadrı kimi gəlmişəm. AFFA-ya gəldiyim günə kimi mən Fuad Musayevi şəxsən tanımamışam, o da məni tanımayıb. Jurnalistika fakultəsinin məzunuyam, sırf jurnalistika ilə məşğul olmuşam. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirmişəm. Həmin vaxtdan da müxtəlif mətbu orqanlarda çalışmışam. Özü də sırf idman, əsasən də futbol haqqında yazmışam. AFFA-ya gəlişim təsadüf nəticəsində olub. “Ədalət” qəzetində idman şöbəsinin müdiri idim. Subyektiv fikirlərimi qəzetin ardıcıl üç sayında “AFFA – görünən və görünməyən tərəflər” başlığı ilə yazdım. Sən demə, həmin yazıları da mərhum Fuad Musayev oxuyurmuş. Baxmayaraq ki, rus dilində təhsil almışdı, Azərbaycan dilində yazıları da çox gözəl oxuyurdu, təhlil edirdi. Aqil Abbas mənə bildirdi ki, Fuad Musayev sənlə maraqlanır, səni sabah AFFA-ya görüşə dəvət edib. Təyin olunan vaxtda AFFA-ya gəldim, onun qəbulunda oldum. Mən orta məktəbdə oxuyanda o vaxtkı Əli-Bayramlı, indiki Şirvan şəhərinin “Energetik” komandasında futbol oynamışdım, futbolu çox sevirdim. Fuad Musayevlə futbol haqda müzakirələr aparmağa başladım. Musayev mənim futbol biliklərimi yoxladı. Danışığım ona xoş gəldi. Oqtay Zeynalovu otağına dəvət etdi. Milli komandamız da ilk səfərinə hazırlaşırdı, Buxarestdə Rumıniya ilə qarşılaşacaqdıq. Mənim də milli ilə ilk səfərim elə həmin oyunda oldu. Sənədlərimi istədilər. Fuad Musayev Zeynalova tapşırdı ki, məni səfərə gedəcək heyətə daxil etsin. 3 gün Buxarestdə qaldıq, müzakirələrə orda da davam etdik. Fikirlərimi öyrəndi. Dedi ki, qayıdandan sonra bu söhbətlərimizi yazılı şəkildə hazırlayıb, mənə təqdim edərsən. Ertəsi gün məni yenidən AFFA-ya çağırdı. Oqtay Zeynalova dedi ki, Lətif Novruzovun əmrini verirsən, bu da AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinə rəhbərlik edəcək. Məzahir Süleymanzadə onda AFFA-nın qəzetinin redaktoru, eyni zamanda İcraiyyə Komitəsinin üzvü idi. Rəsmi surətdə ilk şöbənin rəisi mən olmuşam.
- Mərhum Fuad Musayevin Azərbaycan futboluna ən böyük xidmətlərindən biri “Şəfa” klubunun yaradılması idi. Bu ideya necə ortaya çıxdı? “Şəfa” necə yarandı?
- Çox gözəl məqama toxunduz. İnandırım sizi, o “Şəfa”nı Fuad Musayev xeyli çətinliklə yaratdı. Kimlərsə deyirdi ki, Musayev özü üçün komanda yaradır. O vaxt UEFA-nın MDB ölkələri üzrə toplantısı Bakıda keçirilirdi. Rusiyadan, Ukraynadan, Gürcüstandan, hətta Ermənistandan nümayəndələr Bakıya gəlmişdi. Həmin toplantıda Fuad Musayevə təklif olundu ki, UEFA AFFA üçün ya ofis tiksin, ya da stadion. UEFA bizə yardım etmək istəyirdi. Həmin il Gürcüstanla Ermənistanda UEFA tərəfindən gözəl ofis binası tikildi. Amma Fuad Musayev ofis yox, stadionu seçdi. Deyə bilərdi ki, bizim üçün Avropa standartlarına uyğun ofis tikin, rahat şəraitdə işləyək. Amma o, bunu etmədi. Beləcə “Şəfa” stadionu araya-ərsəyə gəldi. Respublika stadionunun təmir məsələsi də vardı. Nazirlik narahat oldu ki, Respublika stadionunu Fuad Musayev özəlləşdirəcək. Rəhmətlik istəyirdi ki, Respublika stadionu UEFA-nın hesabına təmir edilsin. Amma imkan vermədilər. “Şəfa” stadionu tikiləndən sonra orda eyniadlı komanda yaradıldı. Bu gün belə komandalara akademiya deyirlər. Musayevin də hədəfi o idi. O vaxt biz Almaniyanın təcrübəsindən yararlanırdıq. Almaniya Futbol İttifaqının da nəzdində klub var idi. Məqsəd də milli komandaya yaxşı futbolçular hazırlamaq oldu. “Şəfa” bir müddət U-18 yığması kimi çempionatda müsabiqədənkənar iştirak etdi. Yavaş-yavaş klub kimi formalaşdı. İnfrastruktur yarandı. Maliyyəni AFFA ayırırdı. Amma o demək deyildi ki, Fuad Musayev “Şəfa”nı özü üçün yaratmışdı. İndi “Şəfa”nın yetirmələri artıq məşqçilik edirlər. Samir Abasov, Ayxan Abbasov, Aftandil Hacıyev bunlar hamısı “Şəfa”da yetişiblər. Elə Tərlan Əhmədov da bir müddət “Şəfa”da çıxış edib.
- Elçin Rəhmanov, Ruslan Musayev və Zaur Tağızadənin Estoniyaya, Tallin “Flora”sına gedişini də xatırlayaq...
- Bəli, bu futbolçuların xaricə yollanması Fuad Musayevin təşəbbüsü idi. Onların nə menecerləri vardı, nə irəli düşəni. Şəxsən rəhmətlik Musayev buna çalışdı. Uzaqgörənlik etdi, bunu bacardı. Yeri gələndə futbol funksioneri idi, yeri gələndə menecer. Gecə-gündüz fikirləşirdi ki, futbolumuz üçün nəsə etsin, inkişafa nail olsun. UEFA-da Azərbaycanı yüksək səviyyədə təmsil edir, fikirlərini söyləməyi bacarırdı. Onun qurduğu əlaqələrin sayəsində belə keçidlər reallaşırdı. Beynəlxalq səviyyədə əlaqələrimiz yüksək səviyyədə qurulmuşdu. Onu tanıyırdılar, hörmət edirdilər. Həm “Şəfa”nın yaranması, eyniadlı stadionun UEFA-nın vəsaiti hesabına araya-ərsəyə gəlməsi, eləcə də Elçin Rəhmanov, Ruslan Musayev və Zaur Tağızadənin xaricə göndərilməsi Fuad Musayevin Azərbaycan futboluna əvəzsiz xidmətləri sırasındadı. Onun bu xidmətlərini qınayırdılar, bir çox ideyaları başıbəlalı oldu. Amma sonradan zaman sübut etdi ki, Fuad Musayev düzgün yolda imiş. “Şəfa”da oynayan futbolçular Azərbaycanı ən yüksək səviyyədə təmsil etdilər, ölkənin tanınmış klubların uğur qazandılar. Dediyiniz üç futbolçu da bu siyahıdadı. “Flora”da müqavilə ilə çıxış edirdilər. Püxtələşdilər, gənc yaşda ustalıqlarını artırdılar. Bu yaşda beynəlxalq təcrübəyə böyük ehtiyac vardı. Daha iki nəfərin karyerasında Fuad Musayevin böyük xidməti olub. Allah şəfa versin, Qəhrəman Əliyevlə Elxan Abdullayevin lisenziya almasına Musayev çox kömək göstərib. Onlar Fuad Musayevin təşəbbüsü ilə Almaniyada təhsil aldılar. Azərbaycanda ilk belə hal idi, mütəxəssislərimiz beynəlxalq lisenziya alırdılar. O vaxt şərait indiki kimi deyildi, imkanlar məhdud idi. Böyük maliyyə imkanlarından danışa bilməzdik. Bütün bunlar tarixdə qalıb. Bunun üstündən xətt çəkmək olmaz. Azərbaycanda futbol təsərrüfatının yaradılmasında, onun Avropaya inteqrasiyasında Fuad Musayevin əvəzsiz xidmətləri olub.
- Uzun müddət “Vətən” Futbol Məktəbində çalışmısız. Uşaq futbolu sahəsi də sizə tanışdı.
- Düzü, hazırda “Vətən”dən ayrılmışam. Təqaüd yaşım çatdı və məni yüksək səviyyədə təqaüdə yola saldılar. “Vətən” Futbol Məktəbindəki fəaliyyətimlə fəxr edirəm. Amma yenə futbolun içindəyəm. Tələbə Futbol Federasiyasında baş katib kimi futbolumuza xidmət etməyə çalışıram. Əlimdən gələni edirəm ki, ömrümün axırına kimi futbolumuza fayda verim. Həm azyaşlılar, həm də tələbələrimiz arasında futbol sevilir, istedadlarımız yetərincədi. İnanıram ki, bu istedadlar düzgün yetişdiriləcək, Azərbaycan futbolu layiq olduğu yerlərə gələcək.
İLKİN SULTANLI