Təbii ki, premyer-liqada 2025/26 mövsümü başlayanda çempionluğa əsas namizəd "Qarabağ" idi. Lakin sabit nəticələr qazanmaqda olan "Sabah" bu yöndə reallıqları qısa müddətdə alt-üst etdi. Ümumiyyətlə, komandaların yarısı avrokuboklar, yarısı elitadakı yerini qorumaq uğrunda döyüşdü.
Hadisələrin axarından, yekun nəticələrdən xəbərdarsız. Yenə də bu icmal yazısında son mövsümə nəzər salmağa ehtiyac duyduq.
"Qızıl mövsüm"
"Sabah" "Qarabağ" başda olmaqla bütün rəqiblərini istənilən göstəricidə üstələdi. Yeni baş məşqçi Valdas Dambrauskasla yola çıxan "bayquşlar" mövsüm ərzində kubok matçları da daxil olmaqla 33 oyunluq məğlubiyyətsizlik seriyasına imza atdı. Komanda premyer-liqada "qış çempionu" olmaqla yanaşı, sona qədər “relsdən çıxmadı” və tarixi uğur qazandı. “Qarabağ”a inanılmaz rəqabət təklif edən "Sabah" ən çətin sınaqlardan üzüağ çıxmaqla "qızıl dubl"u haqq etdi. İndi nəinki Masazır əhli, bütün futbol ictimaiyyəti səbrsizliklə "bayquşlar"ın Çempionlar Liqasında necə oyun sərgiləyəcəyini gözləyir. Klubdan gözləntilər ən pis halda Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanılmasıdı. Axı heyətdə həm kəmiyyət, həm də keyfiyyət baxımından hansısa çatışmazlıq yoxdu. Üstəlik daha bir neçə futbolçu transfer olunub. Görək, "Sabah" ölkədəki statusunu Avropada da doğruldacaqmı?
Əvvəli möcüzə, sonu faciə!
"Qarabağ" Çempionlar Liqasında əfsanəvi mövsüm keçirdi. "Benfika", "Kopenhagen" və "Ayntraxt" kimi ciddi rəqibləri məğlub edən "köhlən atlar" "Çelsi" kimi İngiltərə nəhəngiylə heç-heçə etdi. Qurban Qurbanovun futbolçularının ən mötəbər avrokubok turnirindəki çıxışından hələ də ağızdolusu bəhs olunur. Müxtəlif statistika portallarının açıqlamaqda olduğu istənilən göstəricidə "Qarabağ"ın bir neçə oyunçusunun adını yüksək sıralarda görürük. İş ondadı ki, belədə daim ikinci heyəti ilə ölkə daxilində irəliləyən ağdamlılar bu dəfə istəyinə çatmadı. "Sabah"ın yüksəlişi, avrokuboklar uğrunda mübarizə aparan digər komandaların heç də zəif görünməməsi, hətta premyer-liqada qalmaq üçün tər tökənlərin belə xeyli sürpriz nəticəyə imza atması "köhlən atlar"ın önünü kəsdi. Bu yöndə həlledici məqamlardan biri də "Kəpəz"in "Qarabağ"dan nə az, nə çox - 6 xal qoparması oldu.
Kəsəsi, ağdamlılar Avropadakı uğurların bədəlini ölkədəki uğursuzluqla ödədi. Bunlar camiənin 2025/26 mövsümü üçün ürəkaçan hadisələrlə qarşılaşmadığını göstərsə də, yeni "futbol ili" ilə bağlı çox maraqlı mübarizə şəraiti vəd edir.
Boğazda qalan sevinc...
Tovuz şəhər stadionunun süni ot örtüyünün təbiiylə əvəzlənməsi səbəbindən ev oyunlarının böyük əksəriyyətini "Azərsun Arena"da keçirən "Turan Tovuz" hədəfə çata bildi. Minlərlə azarkeşinin dəstəyindən məhrum olan "bozqurd" Kurban Berdıyevin təcrübəsi, futbolçuların əzmkarlığı sayəsində 32 ildən sonra avrokuboklara, daha dəqiqi, Konfrans Liqasına vəsiqə qazandı. Əlbəttə, burda klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevin də istər maddi, istərsə də mənəvi dəstəyinin danılmaz rolu var. Özü də kollektiv bu uğura əsas rəqibləriylə müqayisədə kasad heyətlə, o qədər də baxımlı olmayan oyunla çatdı. O başqa məsələ ki, bu gün tovuzlular UEFA-nın məlum qərarıyla avrokuboklardan kənarlaşdırılıb.
Abasovla qara, Vernidubla ağ gün
Təbii ki, Samir Abasovun "Neftçi"nin baş məşqçisi təyin olunması komandanın avrokuboklara vəsiqə qazanması üçün atılan addım idi. Lakin "ağ-qaralar"ı 5 il əvvəl çempion edən mütəxəssis bu dəfə heç cür müsbət nəticələr qazana bilmədi. Belədə ilk 12 matçda cəmi 15 xal toplayan paytaxt təmsilçisi Abasovu yola saldı. Özü də danışıq masasında başverənləri ictimailəşdirərək! Klubun narazılığı, qarşı tərəfin tam həcmdə təzminat tələb etməsi və başqa məqamlar göz önünə sərildi. Hər halda, Yuri Vernidubun təyinatından sonra hadisələrin axarı dəyişdi. Ukraynalının qısa müddətdə bəhrə verən çalışmaları ölkə kubokundan əlini üzən "Neftçi"nin xal ehtiyatını sürətlə artırdı. Nəhayət, heyətdə, demək olar ki, dəyişiklik etməyən mütəxəssis komandanı hədəfinə çatdırdı. Beləliklə, bakılılar ikiillik fasilədən sonra yenidən avrokuboklarda çıxış edəcək. Son illərdə qeydə alınan nəticələrə əsaslansaq, əlbəttə, 2025/26 mövsümü "ağ-qaralar" üçün qənaətbəxş keçdi.
Alçaqdan uçan "qartallar"
Əslində təbiətdə qartalın alçaqdan uçması ətrafdakılar üçün ciddi həyəcan siqnalıdı. Çünki yırtıcı quşlar bu hallarda, adətən, ovla məşğul olur. Daha doğrusu, ovlarını gözlənilməz anda ələ keçirmək üçün belə taktikaya əl atırlar. Ancaq "qartallar"ın alçaqdan uçması birbaşa uğursuz idman nəticələriylə bağlıdı. Düzdü, "Zirə" ölkə kubokunda növbəti dəfə finala qədər irəlilədi. Ancaq bu dəfə də tarix təkərrür etdi: həlledici matçda uduzan komanda yenə kuboksuz qaldı. Premyer-liqadakı işlər də yolunda getmədi. "Neftçi"nin ardıcıl müsbət nəticələr əldə etməsi, qəsəbə təmsilçisinin sürpriz xal itkiləri kollektivin "futbol ili"ni 5-ci sırada tamamlamasına gətirib-çıxardı. İş ondadı ki, "Zirə" buna rəğmən, ölkəmizi avrokuboklarda təmsil edə bilər. Əlbəttə, "Turan Tovuz"a qoyulan qadağa götürülməsə... Yenə də heç nə Rəşad Sadıqovlu "qartallar"ın 6 ildi kubok qazana bilməməsi ilə bağlı reallığı dəyişmir.
Mərdəkanda arzuolunmaz qonaq
Ev oyunlarını Mərdəkanda keçirən "Araz-Naxçıvan" heç cür yerli publikanın qəlbinə yol tapa bilmədi. Bu azmış kimi, yol verilən strateji səhvlər, mövsümün əvvəlində heyətə cəlb edilən futbolçuların yararsızlığı, Bakıda yaşayan naxçıvanlı futbolsevərlərin laqeydliyi, klubun rəsmi rəhbəri Ramin Axundovla qardaşı, qeyri-rəsmi idarəçisi Zaur Axundovun adının cinayət işlərində hallanması sonda "qırmızı-ağlar"ın "qara zolağ"a düşməsinə, ən əsası, avrokuboklardan kənarda qalmasına səbəb oldu. Ən ciddi səhv, heç şübhəsiz, baş məşqçi Elmar Baxşıyevin vəzifəsindən azad edilməsi, yerinə Andrey Demçenkonun təyin olunmasıydı. Ukraynalının gəlişindən sonra toparlanması gözlənilən kollektiv daha da gerilədi, ardıcıl xal itkilərinin yaratdığı ruh düşkünlüyü özü ilə psixoloji problemləri, məşq proseslərinin düzgün keçirilməməsi isə fiziki çatışmazlıqları gətirdi. Beləliklə, istər Azər Bağırovun, istərsə də Elmar Baxşıyevin dövründə dibi görməyən naxçıvanlılar Demçenkonun təyinatından sonra uçuruma yuvarlandı. Bu üzdən "qırmızı-ağlar"ın bir neçə gün əvvəl xeyli futbolçuyla yolları ayırması sürpriz olmadı.
İndi baş məşqçisiz qalan, Əfran İsmayılovla da vidalaşan kollektivin yenidən günəşli günlər görəcəyinə ümid azdı. Hər halda, bütün qaranlıq məqamlara zaman aydınlıq gətirəcək.
Böyük şəhərə yaraşmayan komanda
Təbii ki, bu gün heç kim "Sumqayıt"ın azarkeşlərini razı saldığını, mövsümü müsbət notda başa vurduğunu iddia edə bilməz. Axı görünən kəndə nə bələdçi?! Mövsümə avrokuboklara vəsiqə qazanmaq məqsədiylə start verən komanda "futbol ili"ni 7-ci sırada tamamladı. Odu ki, ötən il baş məşqçi vəzifəsinə gətirilən Saşa İliçlə yollar ayrıldı. Öz aramızdı, serbiyalı əvvəldən sonadək günahkar olduğunu dilinə gətirmədi. Daim qış "transfer pəncərəsi" çərçivəsində güclənməli olduqlarını, ancaq lazım olan futbolçuların alınmadığını deyən mütəxəssis son matçlarda klubun akademiyasının yetirmələrinə şans verməklə kifayətləndi. Təbii ki, hadisələrin axarını diqqətlə izləyən, futbolu sevən sumqayıtlılar dəfələrlə başverənlərə etirazını bildirdi. Hətta onların narazı qaldığı məqamları qəzetimiz vasitəsilə də dəfələrlə söylədiklərindən xəbərdarsız.
Beləliklə, "kimyaçılar"ın böyük ölçüdə heyətlə bağlı problemlər, bəzi hallarda isə maddi çətinliklərlə üzləşməsi səbəbindən gözləntiləri doğrultmadığı aydındı. Nə ölkə kubokunda, nə də premyer-liqada. Axı mövsüm ərzində bir neçə dəfə klubun futbolçuların maaşını vaxtında ödəmədiyi haqda xəbərlər yayıldı. İndi “günahı yumaq" lazımdı. Konkret desək, hər şey "Sumqayıt"ın növbəti mövsümdə nəyə nail olacağından asılıdı.
Ayxan Abbasovun kükrətdiyi "şirlər"
Premyer-liqadakı yeganə amalı burdakı yerini qorumaq olan "Şamaxı" Ayxan Abbasovun rəhbərliyi altında yetərincə yaxşı nəticələr qazandı. Hətta bəxt amili daha öndə olsa, maliyyə imkanları şans tanısa, komandanın avrokuboklar uğrunda mübarizə aparması da gözlənilən idi. Hər halda, bölgə təmsilçisi xüsusən son mövsümdə qapazaltı olan kollektivlər sırasında yer almadı. İddialı rəqiblərlə matçlarda belə özünü yaxşı tərəfdən göstərə bilmək üçün dəridən-qabıqdan çıxan komanda "futbol ili"ni premyer-liqada qalmaq istəyənlərdən öndə - 8-ci sırada bitirdi. Komanda ölkə kubokunda da inamla irəlilədi. "Şirlər"i yalnız 1/4 finalda "Qarabağ" dayandıra bildi. Ancaq artıq yalnız millini çalışdırmaq istəyən Ayxan Abbasov "Şamaxı"dan ayrılıb. Onun işini "Kəpəz"lə vidalaşan Azər Bağırov davam etdirəcək. Artıq xeyli futbolçusuyla yolları ayıran "şirlər", görəsən, yeni baş məşqçinin rəhbərliyi altında dəst-xəttinə sadiq qala biləcəkmi?
"Sülhsevər" debütant
Əslində "İmişli"ni tənqid etmək üçün yetərincə əsasımız var. Ev oyunlarını Qubada keçirən Aran təmsilçisi mövsüm ərzində rəqiblərinə zülm verdi. Söhbət komandanın Olimpiya İdman Kompleksinin bir çox hallarda palçıqlı ot örtüyünə malik olan stadionunda törətdiyi əməllərdən gedir. Elə biz də dəfələrlə bu idman qurğusunun premyer-liqa matçlarına uyğun olmadığını yazmışıq. Amma daha nə deyək? Kollektiv nəyin bahasına olur-olsun, istəyinə çatdı - premyer-liqada qaldı. Heç şübhəsiz, bunda klubun mövsümün əvvəlində baş məşqçi postuna gətirdiyi Jorj Kaşkilyanın əvəzsiz rolu oldu. Özünəxas oyun tərziylə iddialı komandaları büdrədən, eyni hədəf üçün tər tökən rəqiblərini dəfələrlə məğlub etməyi bacaran portuqaliyalı əsasən heç-heçələr sayəsində xal ehtiyatını artırmağa müvəffəq oldu.
Maraq üçün qeyd edək ki, aranlılar "Zirə"dən sonra ən çox "sülh"ə imza atan komandadı. İş ondadı ki, "pələnglər"in Jorj Kaşkilya ilə yollarını ayıracağı, mütəxəssisin "Sumqayıt"ın "sükanı arxasına” keçəcəyi iddia olunur. İstənilən halda, "İmişli" 2025/26 mövsümünü uğurla başa vurdu. Çoxu debütantdan bu cür nəticə gözləmirdi...
Xilaskarların ayaqda saxladığı "dağ"...
Sirr deyil ki, "Kəpəz" daim bacarıqlı baş məşqçilərin bilikləri sayəsində premyer-liqadakı yerini qoruya bilib. 2025/26 mövsümü də bu baxımdan istisna olmadı. Hətta 2024/25 "futbol ili"ndəki hadisələr təkrarlandı desək, yanılmarıq. Yenə mövsümə Adil Şükürovla başlayan klub qıs müddətdən sonra baş məşqçi postuna Azər Bağırovu gətirdi, elitada qaldı və yenidən baş məşqçisiz qaldı. Düzdü, mütəxəssisin budəfəki işi daha çətin oldu. Ancaq hadisələrin axarı, xüsusən, "Qarabağ" və "Sabah"dan alınan xallar "sarı-göylər"in hədəfə gedən yolunu xeyli qısaltdı. Bununla belə, Gəncə təmsilçisi yenə doğma meydana həsrət qaldı - ev oyunlarını Yevlaxda keçirdi. Azsaylı azarkeşlərin dəstəyini əsirgəməməsi, "Karvan-Yevlax"la "Qəbələ"nin də həddən artıq zəif görünməsi "Kəpəz"in işinə yaradı. O başqa məsələ ki, reqlament də "sarı-göylər"in tərəfində oldu. Beləliklə, yalnız qələbə sayına görə "sarı-göylər"dən geri qalan "Qəbələ" pley-off matçında vuruşdu. Yəqin ki, qarşıdan gələn "futbol ili"ndə Gəncə şəhər stadionunda meydana çıxacağı gözlənilən komanda bu dəfə daha inamlı görünəcək. Əlbəttə, burda yeni baş məşqçi seçimi də önəmli rol oynayacaq.
"Mingəçevir"in duaçıları
Kaxaber Sxadadzenin rəhbərliyi altında uğursuz mövsüm keçirən "Qəbələ" mövsümü 11-ci sırada bitirdi. Bu üzdən 2-ci liqada 2-ci yeri tutan komanda - "Mingəçevir" ilə pley-off görüşündə üz-üzə gələn kollektiv 2:0 hesablı qələbə qazanaraq premyer-liqada qaldı. Ancaq bunu "qırmızı-qaralar" üçün uğur saya bilmərik. Azarkeşlər də belə düşünür. O başqa məsələ ki, "Qəbələ" nümayiş etdirdiyi oyunla daha çoxuna layiq idi.
Bəxtsiz cavan
Əbdürrəhim bəy Haqvеrdiyеvin köhnəliklə yeniliyin qarşıdurmasını qələmə aldığı faciənin adı "Karvan-Yevlax"ın durumunu yaxşı təsvir edir. Ona görə ki, debütantın bəxti heç cür gətirmədi. Azər Həşimovla yola çıxan komanda uğursuz nəticələrdən sonra baş məşqçi postuna Fizuli Məmmədovu gətirsə də, hadisələrin axarı dəyişmədi. Yararsız legionerlərdən, rəqibləriylə rəqabətdə uduzan yerli futbolçulardan qurulan komanda "futbol ili"ni cəmi 3 qələbəylə başa vurdu və sonuncu sırada olduğundan premyer-liqanı birbaşa tərk etdi. Artıq Fizuli Məmmədovla yollarını ayıran kollektiv növbəti mövsümdə 1-ci liqada çıxış edəcək.
KƏNAN BAHADIR