Atilla Karaoğlan Türkiyədə sevilən və bəyənilən hakimlərdən olmasa da, UEFA ona önəmli oyunlar etibar etməkdə davam edir.
2023-cü ildən FİFA statusunu daşıyan və indiyə qədər Türkiyə çempionatında 86 qarşılaşma idarə edən 40 yaşlı ədalət təmsilçisi ''Ayaks''ın oyununa təyinat alıb. Bu məlumatı Türkiyə Futbol Federasiyası paylaşıb.
Belə ki, Karaoğlan cümə axşamı Konfrans Liqasının 3-cü təsnifat mərhələsində baş tutacaq ''Ayaks'' - ''Şelburn'' oyununu idarə edəcək. Karaoğlanın köməkçiləri Ceyhun Sesigüzel ilə Abdulla Bora Özkara olacaq. VAR-da Onur Özütorpak, Avar-da Ömər Faruk Turtay yer alacaq.
Görüş avqustun 6-da Bakı vaxtı ilə saat 22.00-da ''Yohan Kroyff Arena''da keçiriləcək.
Qeyd edək ki, Karaoğlan iki həftə öncə də avrokubok matçına təyinat almışdı. O, Çempionlar Liqasında 2-ci təsnifat mərhələsində ''Eqnatiya'' - ''Selye'' matçında (3:3) fit sahibi olmuşdu.