Ötən ilin mayında Brahim Konate ilə müddəti 2027-ci ilin yayınadək davam edəcək müqavilə imzalayan “Zirə” gözlənilməz addım atdı: futbolçuyla qarşılıqlı razılıq əsasında vidalaşdı.
Xatırladaq ki, “qartallar”dan əvvəl “Şamaxı”nın şərəfini qoruyan fransalı özünü yaxşı tərəfdən göstərmişdi. 30 oyunda 9 qol, 3 məhsuldar ötürmə ilə yadda qalan mərkəz yarımmüdafiəçisi “şirlər”in premyer-liqada yerini qorumasında böyük pay sahibi olmuşdu. Təbii ki, onun “Real”da forma geyən həmvətəni, adaşı qədər uğurlu olacağını gözləmirdik. Ancaq “Şamaxı”da sərgilədiyi oyun sayəsində Rəşad Sadıqovun diqqətini cəlb edən oyunçu qəsəbə təmsilçisində ümidləri heç cür doğrulda bilmədi. Düzdü, kollektivin mövsümlük hədəfə çatmaması – Konfrans Liqasına vəsiqə qazanmaması bunun ən bariz nümunəsidi. Lakin statistikalar da bizimlə razıdı. Belə ki, Konate “Zirə”də keçirdiyi 34 oyunda cəmi 4 qol, 5 məhsuldar ötürməyə imza atıb.
Fransalı üçün yeni mövsüm də istənilən səviyyədə başlamadı. Konfrans Liqasının ilk iki təsnifat mərhələsində “Torpedo” və “Payde”yə qarşı forma geyən futbolçu yalnız Estoniya təmsilçisi ilə Sumqayıtda keçirilən oyunda məhsuldar ötürmə verə bildi. Təbii ki, bu performans mərhələ adlamaq üçün yetərli olmadı.
İstənilən halda, Konate “Zirə”nin tarixinə uğursuz seçim, özünü doğrultmayan transfer kimi düşdü.
KƏNAN BAHADIR