Dünya futbolunun ulduzu Məhəmməd Salahın ''Trabzonspor''a transferi demək olar, həll olunmuş məsələdi. Artıq futbolçu ilə danışıqlar aparılması barədə klubdan da rəsmi şəkildə məlumat verilib. Ancaq bütün mənbələrin yazdığına görə keçid artıq tamamlanıb.
Ünlü misirli vinger avqustun 5-də yerli vaxtla saat 12.00-da xüsusi təyyarə ilə Türkiyəyə gələcək və tibbi müayinədən keçəcək. Avqustun 6-da isə ''Papara Park'' stadionunda Salah üçün görkəmli imza mərasimi təşkil olunacaq. Yağız Sabuncuoğlunun məlumatına görə 34 yaşlı futbolçu ikiillik müqaviləyə imza atacaq və Türkiyədə illik 17 milyon avro maaş qazanacaq!
Bundan başqa menecerinin istəyi ilə ''Trabzonspor''un Salah adı ilə satışa çıxardığı bütün atributlardan əldə olunan gəlirin 20 faizi də futbolçuya çatacaq. İddialara inansaq, məhz bu şərt üzündən Salahın bir müddət öncə ''Beşiktaş''a transferi baş tutmamışdı. Bu arada ''Trabzonspor'' başqanı Ərtuğrul Doğan bu tarixi transferlə bağlı ''A Spor'' kanalına maraqlı açıqlamalar verərək bunları deyib:
''Salah haqda əlavə nəsə deməyə ehtiyac yoxdu. Əsl dünya ulduzudu. Onun kimi böyük bir futbolçuya ehtiyacımız var idi. Çox gözəl olacağını düşünürəm. Camiəmizə xeyirli olsun. ''Trabzonspor''un son dönəmlərdəki uğuru Avropada da müzakirə olundu. Gənc oyunçular da bizə üstünlük verməyə başladı. Hər kəsə və Avropaya ''Trabzonspor'' kimi istəsə, Trabzona gətirə bilər'' mesajını verməyə çalışırıq. Digərləri Salahla bağlı iddiadan vaz keçən kimi biz danışıqları sürətləndirdik. Çox peşəkar səviyyədə, qarşılıqlı hörmət çərçivəsində Salahın özü və meneceri ilə görüş keçirdim. Heç bir anlaşmazlıq yaşanmadı və iki tərəf də bir-birini çox yaxşı anladı. Danışıqlar təxminən 10 gün davam etdi. Dünən isə hər şey tamamlandı. Forma satışı gəlirindən onlara çatacaq pay ilə bağlı mətbuatda çox söz-söhbət var. Orda yazılan rəqəmlər doğru deyil. Zatən bunu açıqlayacağıq. Düzdü, danışıqlar davam etdiyi müddətdə mətbuata bəzi yalanlar söyləməli oldum və Salahın gündəmimizdə olmadığını dedim. Ancaq ümid edirəm ki, nə üçün belə etdiyimi anladılar. Belə önəmli bir anlaşmada əvvəlcədən məlumat vermək hər şeyi korlaya bilərdi. Prosesi tam gizli şəkildə davam etdirdik. Sponsorluq məsələsində heç kimdən təklif almamışıq. Amma mən camiəmizə və fanatlarımıza güvənirəm. Bütün trabzonlu iş adamlarına və dostlarıma səslənəcəm. Hamısının qapısını bir-bir döyəcəm. İstəyimi geri çevirəcəklərini düşünmürəm. Fanatlarımızın və iş adamlarımızın bu məsələyə sahib çıxacaqlarına inanıram''.