Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfər oyunu ərəfəsində mətbuat konfransını Bakıda keçirməyi lazım bildi. “Football-plus.az” xəbər verir ki, o, əvvəlcə oyunla bağlı danışdı:
- Vacib səfərə çıxırıq. Çətin komandaya qarşı oynayacağıq. Nəticədən asılı olmayaraq, maraqlı oyun olacaq. Rəqib çempionat oyununu təxirə salıb. Biz yenə də qələbə üçün əlimizdən gələni edəcəyik.
- Vaxtilə Juninyonun yoxluğunda Duran mərkəz hücumçusu kimi formalaşmışdı. Savonun yoxluğunda Sefasın mərkəz hücumçusu kimi formalaşması baş verə bilər?
- Dəyişikliklər olacaq. Tam qərar verməmişik. Ola bilər ki, Sefasa şans verək.
- Sabahki oyunda sizi nə narahat edir? “Dinamo”nun adı, yoxsa futbolçuları? Liqada çempion olmamaq sizi narahat edir?
- Məni narahat edən həmişə rəqib yox, özümüz olmuşuq. Komandamla bağlı bəzi narahatlıqlar var. Cavab matçından sonra bəzi çətinliklər oldu. Məşqləri tam keçə bilmədilər. Bu gün 120 dəqiqə oynamaq istənilən komanda üçün tezdi. Bəzi futbolçular hazır olsa da, başqalarının bərpası məni narahat edir. Digər tərəfdən daha çətin komandalarla qarşılaşmışıq. “Dinamo”ya əvvəllər azarkeşlik etmişəm. Futbola atılandan sonra fikirlərim dəyişdi. Rəqib başqa komanda olsaydı, bəlkə də maraq daha az olardı. Yaşlı nəsil “Dinamo”nu yaxşı tanıyır. Biz qələbə üçün çalışırıq.
- Mərhələlər keçdikcə daha güclü rəqiblər gəlir. “Qarabağ” bu gün avrokuboklarda həm də çempion olmamağın əziyyətini çəkir?
- Belə komandalara qarşı çox oynamışıq. Ötən mövsüm çox yükləndik. Bizim səviyyədə, bizdən yüksək komandalar ötən mövsüm əldə etdikləri nəticəni yenidən qazana bilmirlər. Məsuliyyət, davamiyyət buna əl vermir. Kollektiv hər zaman eyni nəticəni qazana bilməz. Sofiyada qalib gələ bilmədik, lakin məğlub da olmadıq. Cavab oyununda komandamdan razı qaldım. Yenidən çempionluq əldə etmək üçün yenilənməyə ehtiyacımız var.
- “Dinamo” neytral meydanda oynayır. Bu məqam rəqibə necə təsir edəcək? Vaxtilə siz də oyunları Türkiyədə keçirirdiz...[/b]
- Mütləq təsiri olacaq. Biz də istərdik ki, Kiyevdə, böyük stadionda oynayaq. Lakin futbol elə səviyyəyə çatıb ki, matçları səfərdə oynamaq bəzən daha rahat olur. Məsuliyyət hissini daha az çəkirsən. Rəqib artıq neçə ildi matçlarını azarkeşlərindən uzaqda keçirir. Allah qoysa, tezliklə müharibə bitər və hər kəs evinə qayıdar. Həyatdı da, belə hallarla razılaşmaq lazımdı.
[b]- Yankoviçlə Kadi əvvəlki formasından uzaq görünür. Onlara güvənəcəksiz, yoxsa dəyişməyi düşünürsüz?
- Yox, Yankoviç artıq öz formasını qazanmağa çalışır. Zamanla həll olunacaq. Yenə də hər həftə axtarışımız olur.
- Bir gündə iki komandamız mübarizəni dayandırdı. Şəhruddinin “Zirə”yə gedəcəyi söylənilir. Bu barədə nə deyə bilərsiniz?
- Təəssüf ki, məğlub oldular. Yaratdıqları qol epizodlarına baxsaq, üstün tərəf bizim klublarımız idi. Klublarımız inamlı çıxış etdilər. Artıq demək olar ki, avrokuboklara hazırdılar. Gələn il daha yaxşı nəticə olacağına inanıram. Klublarımız böyüyür, təcrübələri artır. Şahruddinlə bağlı məndə məlumat yoxdu. Mən bilmirəm. İnanmıram ki, belə danışıqlar olub.
- Koxalski son matçdan sonra tənqid olunurdu. Siz onunla danışmısız? Necədi?
- Normal. Olan hadisədi. Yaxşı oyuna, yaxşı mübarizəyə yox, nəticəyə baxanlar da var. Böyümək üçün belə tənqidləri qəbul etmək lazımdı. Bəzən xəttdən kənara çıxırlar. Bu hər yerdə var.
- Gələn mövsüm çempionluq uğrunda mübarizənin “Sabah”la “Qarabağ” arasında gedəcəyini söyləmək olar. Onların avrokuboklardakı 4 matçını izləmisiz? Sizcə növbəti mövsüm daha çətin olacaq?
- İlk növbədə “Sabah”a bu gün uğurlar arzulayıram. Daha çox komanda bu mövsüm çempionluğa iddialıdı. Dünən Ehtiram müəllimə qulaq asdım. “Turan Tovuz” da çempionluğa iddialıdı. Komandanı daha da gücləndiriblər. O cümlədən “Neftçi” də bunu iddia edib. Həm də “Sabah” daha təcrübəli, daha inamlıdı. Daha sərbəst və rahat oynayırlar. Əvvəlcə qarşımızda iki avrokubok matçı var, ona fokuslanmalıyıq.
İSRAYIL XEYRULLAYEV