Kiyev "Dinamo"sunun baş məşqçisi İqor Kostyuk Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyundan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
"Football-plus.az" xəbər verir ki, ukraynalı mütəxəssis komandanın vəziyyətini və "Qarabağ"ın oyununu qiymətləndirib.
- PAOK-la matçdakı məğlubiyyətdən sonra komandada vəziyyət necədi? Buraxılan səhvləri aradan qaldırmaq üçün hansı addımlar atılır?
- PAOK-la oyundan sonra əsas məqsədimiz nəticə çıxarmaq və komandanın buraxdığı səhvlərə necə reaksiya verəcəyini görməkdi. Futbolda səhvlər qaçılmazdı. Əsas məsələ futbolçuların onlardan düzgün nəticə çıxarmasıdı. Oyundan-oyuna inkişaf etməliyik və köhnə səhvləri təkrarlamamalıyıq. Ümid edirəm ki, buna nail olacağıq.
- "Qarabağ"ın gücünü necə dəyərləndirərdiniz?
- "Qarabağ" heç də asan rəqib deyil. Onlar ötən mövsüm Çempionlar Liqasında çıxış ediblər və kifayət qədər güclü komandadılar. Biz isə öz gücümüzə inanırıq, rəqibi dərindən təhlil edir və inkişaf etməyə çalışırıq. Növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik.
- Komandadakı zədəli futbolçuların durumu və heyətlə bağlı son vəziyyət barədə nə deyə bilərsiniz?
- Aleksandr Timçik artıq komandaya qoşulub. Konstantin Vivçarenko isə hələ də zədəsini sağaldır. Kirill Osipenko, Vladislav Zaxarçenko və Denis Popov hazırda Kiyevdə bərpa prosesi keçirlər. Həmçinin Nikolay Mixaylenko da ümumi qrupla məşq etmir. Digər futbolçuların hamısı isə hazırlıq prosesində tam iştirak edir və oyuna hazırdılar.