“Orhus” “Nyu Seynts”lə KuPS-dan daha ciddi rəqibdi. Etiraf edək ki, “Sabah” ilk iki mərhələdə özündən zəif komandalarla qarşılaşdı. Bu kollektivlər həm klub, həm də heyətlərin səviyyəsinə görə təmsilçimizdən geri qalırdı” – bu sözləri “Football-plus.az”a açıqlamasında təcrübəli mütəxəssis Şahin Diniyev deyib. O, “bayquşlar”ın Danimarka çempionuna qarşı keçirəcəyi oyun haqda danışıb:
“Orhus”un “Lex”ə ilk oyunda 1:4 hesabıyla uduzsa da, mərhələ adlaması çox şeydən xəbər verir. Deməli, bu komanda mübarizə aparmaqdan çəkinmir. İlk oyunda qeydə alınacaq nəticənin əhəmiyyəti olmaya bilər. İstənilən halda, “Sabah” üçün çox çətin olacaq. Komandanı hansı hesab qane edə bilər? Onu deyim ki, təmsilçimiz cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı. Bunun üçün səfərdə sıx müdafiə olunmaq vacibdi. Rəqib favorit göstərilir. Lakin müasir futbolda autsayder anlayışı yoxdu. Həm klub, həm də yığma səviyyəsində qeydə alınan nəticələr onu göstərir ki, istənilən matçın yekunu bizi təəccübləndirməməlidi. “Sabah” ilk oyunda lazım olan nəticəni əldə etsə belə, arxayınlaşmamalıdı. Danimarka çempionatı davam edir. Görünür, “Orhus” formasının zirvə həddindədi. Yenə də şansları bərabər dəyərləndirirəm. Təmsilçimizə uğurlar arzulayıram”.
KƏNAN BAHADIR