Bu həftə “Sabah” Çempionlar, “Qarabağ” Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanmağa yaxınlaşmaq uğrunda mübarizə aparacaq.
Düzdü, hələ maneələr çoxdu. Komandalar 3-cü təsnifat mərhələlərində uğurlu olacağı təqdirdə, pley-off sınaqlarından da üzüağ çıxmağa məcburdular. Əlbəttə, yeganə maneələrin rəqiblər olmasını arzulayırıq.
Bəs, bu həftə keçiriləcək matçların hakimləri ilə bağlı durum nə yerdədi? UEFA klublarımız üçün təcrübəli hakimlər rəva görübmü? Ədalət təmsilçiləri ilə bağlı xoşagəlməz xatirələrimiz varmı? Qəzetimizin ənənəvi hakim təqdimatında bu suallara aydınlıq gətirməyə çalışacağıq.
Rade Obrenoviç... 1990-cı ildə Lyublyana şəhərində dünyaya göz açıb. Karyerasına aşağı liqada başlayan sloveniyalı burda özünü qısa müddətdə yaxşı tərəfdən göstərməyə nail olub və yüksək liqa matçları üçün güvən qazanıb. O, ölkəsinin əsas çempionatında indiyə qədər 177 oyun idarə edib, bu matçlarda 758 sarı, 38 qırmızı vərəqə göstərib. Ədalət təmsilçisi 2017-ci ildən FİFA referisi statusu daşıyır.
Beynəlxalq karyerasına Avropa Liqasının təsnifat mərhələsində start verən “qarapaltarlı” daha sonra avrokubokların bütün turnirlərinin təsnifat və əsas mərhələlərində iş başında olub. Obrenoviç Gənclər Liqası, Millətlər Liqası, dünya çempionatının seçmə mərhələsi, 17 yaşadək futbolçuların iştirakıyla keçirilən Dünya kuboku, U-17, U-19, U-21-lar arasında Avropa çempionatı və beynəlxalq yoldaşlıq oyunlarında da baş hakim qismində çıxış edib. Həmçinin Cənubi Kipr, Yunanıstan, İspaniya, Səudiyyə Ərəbistanı və İsveçrə futbol qurumlarının dəvəti əsasında bu ölkələrin premyer-liqa və kubok oyunlarında fit çalıb.
Obrenoviç bizim üçün tanış hakimdi. Belə ki, o, karyerası ərzində U-21 millimizin bir, "Qarabağ"ın iki oyununda baş hakim olub. Referi "köhlən atlar"ın bir matçında isə dördüncü hakim kimi fəaliyyət göstərib. Sloveniyalı 2016-cı ildə yığmamızın vətənindəki təlim-məşq toplanışında keçirdiyi oyunda meydanda olub. Komandamızın sloveniyalı həmyaşıdlarına qarşı keçirdiyi yoxlama matçında ədaləti təmsil edən hakim 2:1 hesablı qələbəmizə şahidlik edib. "Fit sahibi" 2021-ci ildə Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın Bakıda Şotlandiya “Aberdin”i ilə keçirdiyi Konfrans Liqasının pley-off görüşündə ədaləti qoruyub. Referi "köhlən atlar"ın minimal hesabla qalib gəldiyi qarşılaşmada bizimkilərdən Maksim Medvedevlə Patrik Andradeyə sarı vərəqə göstərib. Rəqibdən isə 4 futbolçu rəsmi xəbərdarlıqla üzləşib. Onun "köhlən atlar"la növbəti görüşü 2022-ci ilə təsadüf edib. Referi bu dəfə baş yox, 4-cü hakim kimi iş başında olub. Söhbət Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Bakıda Plzen “Viktoriya”sıyla qolsuz heç-heçə edilən görüşdən gedir. Obrenoviç həm də "Qarabağ"ın ötən il Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turunda "Ayaks"ı qəbul etdiyi qarşılaşmada iş başında olub. Həmin görüş Niderland təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Sloveniyalı bu matçda cəmi bir sarı vərəqə göstərib ki, bu da dəqibin payına düşüb.
Ümumiyyətlə, Obrenoviç karyerası ərzində 337 görüş idarə edib, 1429 sarı, 70 qırmızı vərəqə çıxarıb.
Morten Kroq... Danimarkanın 38 yaşlı tanınmış hakimi öncə ölkə daxilində, sonra da beynəlxalq meydanlarda özündən söz etdirməyi bacarıb. Vətənində aşağı liqa matçlarında təcrübə toplayan ədalət təmsilçisi karyerasına superliqada davam edib. Mortenin fəaliyyəti say baxımından zəngin deyil. Yəni “fit sahibi” qısa zamanda UEFA-nın diqqətini çəkə bilib.
Qeyd edək ki, o, superliqada 107 matçda meydana çıxıb və 435 sarı, 18 qırmızı vərəqə göstərib. Beynəlxalq oyunlara gəlincə, siyahı genişdi. Referi Çempionlar, Avropa, Konfrans, Gənclər və Millətlər Liqasında, həmçinin 17, 19 və 21 yaşadək futbolçuların Avropa çempionatı oyunlarında, beynəlxalq yoldaşlıq matçlarında, ədaləti qoruyub. Yunanıstan, Cənubi Kipr və Farer adaları kimi ölkələr də daxili yarışlarda Kroqun xidmətlərindən faydalanıb.
Mövzunun daha vacib hissəsinə gəlincə, danimarkalı karyerası ərzində üç dəfə “Qarabağ”ın matçına təyinat alıb. Belə ki, Morten daha əvvəl iki dəfə baş hakim, bir dəfə isə əlavə köməkçi hakim qismində “köhlən atlar”ın qarşılaşmasında ədalət təmsilçiləri arasında olub. O, Avropa Liqasının 2018/19 mövsümündə qrup mərhələsinin “Arsenal” – “Qarabağ” oyununda əlavə köməkçi rolunda çıxış edib. Londonda keçirilən matçda meydan sahibləri qələbə qazanıb – 1:0. Kroqun bizimkilərlə ikinci görüşü isə Konfrans Liqasının 2021/22 mövsümünə təsadüf edib. Baş hakim qismində Bakıya gələn danimarkalı “Qarabağ” – “Omoniya” (Cənubi Kipr) qarşılaşmasında (2:2) Musa Qurbanlı, Toral Bayramov və Kadi Borgesə sarı vərəqə göstərib. Ağdamlılarla sonuncu görüş 2024-cü ilə təsadüf edib. Ədalət təmsilçisi həmin vaxt Avropa Liqasının pley-offunun "Braqa" - "Qarabağ" (2:4) oyununda baş hakim olub. Kroq bu görüşdə "köhlən atlar"dan Mateus Silva ilə Julio Romaonu "sarı" ilə məyus edib.
Maraq üçün "qarapaltarlı"nın ötən il Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Omoniya" - "Araz-Naxçıvan" (5:0) qarşılaşmasında VAR hakiminin köməkçisi olduğunu da qeyd edək.
Ümumiyyətlə, bu referi karyerası ərzində 347 matç idarə edib, 1257 sarı, 47 qırmızı vərəqə göstərib.
KƏNAN BAHADIR