Bu gün futbol üzrə ölkə çempionatının 2-ci liqasında 24-cü turun son iki oyunu keçirildi.
Şamaxıda keçirilən “Xankəndi” – “Qaradağ Lökbatan” oyununun nəticəsi daha böyük maraq doğururdu. Axı hər iki komanda çempionluq uğrunda mübarizə aparır. “Zirə” – “Neftçi” oyununda Konatenin vurduğu qolu saymaqla böyük qalmaqala səbəbkar olan, Hakimlər Komitəsi tərəfindən sərt şəkildə cəzalandırılan İnqilab Məmmədov bu oyunda əsas söz sahibi idi. Şamaxıya göndərilmişdi ki, oyunu nümunəvi idarə etsin, liderlərin oyununda qalmaqal yaranmasın…
İlk yarının sonunda Elvin Nəsibov “Xankəndi”ni irəli çıxardı, “Qaradağ Lökbatan” 90+7-ci dəqiqədə hesabı bərabərləşdirdi. Bundan sonra meydanda ara qarışdı, məzhəb itdi. İnqilab bəy meydan sahiblərindən Elvin Nəsibovla Müşfiq Teymurova, qonaqlardan isə Ülvi Sarıyevlə Hakan Həsənova qırmızı vərəqə göstərdi. Hakim oyun boyunca 12 dəfə də sari vərəqə üçün əlini cibinə saldı.
Məmmədovun 2-ci hissəyə əlavə etdiyi 10 dəqiqədə həm qol vuruldu, həm də məcburi dayanmalar oldu. Bununla belə, referi həmin 10 dəqiqə bitən kimi final fitini səsləndirdi. Halbuki həmin vaxt qonaqlar artıq 9 nəfərlə qalan rəqibin qapısı tərəfə künc zərbəsi yerinə yetirməliydi. Oyundan sonra komandalar həm bir-biri, həm də hakim ilə münasibətləri aydınlaşdırmağa çalışdı.
Bir sözlə, İnqilab Məmmədov 2-ci liqada da vəzifəsinin öhdəsindən gəlmədi. Beləsinə nə deyəsən?
ORXAN