“Neftçi”nin ölkə kubokunun yarımfinalında “Qarabağ”a 0:4 hesabıyla uduzması çoxları üçün gözlənilməz oldu. O cümlədən də mənim üçün.
Düzdü, “Qarabağ” Azərbaycan futbolunun səviyyəsini çoxdan aşıb, hazırda heç bir klubumuz Qurban Qurbanovun “şah əsəri” ilə başabaş mübarizə aparmaq gücündü deyil. Bu səbəbdən də təxmin etmək olardı ki, “Qarabağ” “Neftçi”ni üstələyəcək. Amma hesab arasındakı fərqin bu həddə çatacağını düşünmək çox çətin idi. “Köhlən atlar” prinsipial rəqibə göz açmağa imkan vermədi və əminliklə demək olar ki, mərhələnin taleyi elə ilk oyunda həll olundu. Kubokun finalında iştirak edəcək komandalardan biri məhz “Qarabağ” olacaq.
Əlbəttə, hesab həm də səviyyə fərqinin göstəricidi. Bərbad idarəçiliklə uçurumun dibinə sürüklənən “Neftçi” ruhsuz, gücsüz, əlacsız təsir bağışlayır. Problem təkcə “Neftçi”nin “Qarabağ”a uduzması deyil. Ümumiyyətlə, “Neftçi”nin oyununda sabitlikdən, sistemdən söhbət gedə bilməz.
Miodraq Bojoviç Adrian Mutunu əvəzləyərkən onun qarşısına qoyulan iki hədəfdən biri artıq əlçatmazdı. Özü də acıncaqlı bir şəkildə. “Neftçi” doğma meydanda rəqibinə 0:4 hesabıyla uduzaraq cavab qarşılaşmasını formallığa çevirib. Qurban Qurbanov cavab görüşünə əvəzedici heyətin üzvləri ilə U-19 komandasının vəhdətindən yaranan bir heyət formalaşdırıb, meydana buraxsa da, “Neftçi” bu məğlubiyyətin əvəzini çıxa bilməz. Sanki “Neftçi”nin futbolçularında “Qarabağ”ın formasına, loqosuna qarşı bir qorxu, həyacan var. “Ağ-qaralar” qarşısında “Qarabağ”lı görən kimi özlərini itirir, həyəcanlanırlar.
Təxminən bir ay əvvəl də “Neftçi” “Qarabağ”a öz meydanında məğlub olmuşdu. Özü də 1:4 hesabıyla. Həmin məğlubiyyətdən sonra “Neftçi”nin baş məşqçisi Bojoviç maraqlı təskinlik (oxu: bəhanə) tapmışdı. Deyirdi ki, hazırda Azərbaycanda “Qarabağ”a ən yaxşı müqavimət göstərən komanda “Neftçi”di, onlar iki qolu oyunun sonlarında buraxmaqla bu ada layiq olublar. Bu dəfə hər şey tərsinə oldu.
“Köhlən atlar” “Neftçi”nin qapısına artıq ilk hissədə üç qol vurmaqla bütün suallara aydınlıq gətirdilər. Yəni “Neftçi”nin göstərə biləcəyi müqavimətin səviyyəsi də elə “Qarabağ”ın imkan verdiyi qədərdi. Oyunun ipi “Qarabağ”ın futbolçularının əlində olur. Onlar istəyəndə tempi qaldırır, istəyəndə salır, həvəsləri olanda da “Neftçi”yə qol vurmağa başlayırlar. Bu acı reallığın qarşısında elə boy-buxunu ilə öyünən Miodraq Bojoviç də acizdi. Gücün, səviyyə fərqinin qarşısında o boyda adam da kiçilir.
Bojoviçin oyunsonrası mətbuat konfransında tutarlı bəhanə tapa bilməyib, azərbaycanlı jurnalistlərə acıq verməyə çalışması, onların peşəsini aşağılaması da elə həmin o kiçilmənin, türkün sözü, əzikliyin göstəricisidi. Necə yəni mən “Neftçi”dən getsəm də, siz kiçik jurnalist kimi qalacaqsız? Təəssüflənirəm ki, həmin mətbuat konfransında iştirak etməmişəm. Yoxsa jurnalistlərə yuxarıdan aşağı baxmağa çalışan Bojoviçin cavabını elə yerindəcə verərdim. Allahdan arzulayıram ki, onu “Neftçi”dən çox tezliklə qovmasınlar, bir gün mətbuat konfransında qarşılaşmaq şansımız olsun. Onda Bojoviç öz yerini yaxşı biləcək. Adam başa düşmək istəmir ki, “Neftçi” boyda klubun baş məşqçi postu onun üçün çox böyükdü. Nə insani keyfiyyətləri, nə də məşqçilik bacarığı ona “Neftçi”yə layiqli baş məşqçi olmağa imkan verir. Necə ki, “Qarabağ” hər imkandaca Bojoviçə də, onun məşqçiliyinə də layiq olduğu qiyməti verir. Bu biabırçılığın izahatını vermək əvəzinə jurnalistləri aşağılamağa çalışmaq ucuz şoudan, tənqid hədəflərini özündən yayındırmağa çalışmaqdan başqa bir şey deyil.
Bojoviç özündən yalançı qəhrəman düzəltməyində olsun. Biz onsuz da belələrini çox görmüşük. Bojoviç də “Neftçi”nin çəpiklə qarşılanıb, təpiklə yola salınan əcnəbi çalışdırıcılarından biridi. Yəqin ki, xəbəriniz var. Adrian Mutu artıq vətəni Rumıniyada da işdən qovuldu. Belə bacarıqsız, amma tamahkar məşqçilərin aqibəti elə bu cür də olmalıdı. Onlar heç yerdə uzun müddət qərar tuta, uğur qazana bilməzlər. Mutu, Bojoviç... Tezliklə sıradakı gələcək.
AMAL