Təxminən 20-22 ilin söhbətidi. “Futbol+” qəzetində oxuduğum elanın sorağıyla müsabiqədə iştirak etməyə gəlmişdim.
O dövrün gəncliyinin böyük bir qismi “Futbol+”i sevə-sevə oxuyur, bir gün orda imzasının görünməsi arzusuyla yaşayırdı. Mən də həmin qismə aid olduğum üçün qəzetə yeni əməkdaşların cəlb olunacağı barədə elanı görən kimi tərəddüd etmədən reaksiyanın yolunu tutmuşdum. Həmin vaxt müsabiqədən uğurla keçsəm də, tənbəlliyim üzündən işə başlamağım alınmadı. Redaksiyanın sərt qanunları, redaktorun ciddi nizam-intizam tələbləri vardı. Mən isə birdən-birə belə qrafikə düşməyə hazır olmadım. İlk iclasda iştirak etdim, hətta redaktordan tapşırıq da aldım. Amma işə başlaya bilmədim. Hər halda, qismət belə imiş. O müsabiqədən ən çox yadımda qalan “Futbol+” dilində yazmaq lazımdı” sözü oldu. Bəli, illər keçib. “Futbol+”in “özünəməxsus dili” isə dəyişməyib. Neçə-neçə heyət dəyişsə də, xeyli jurnalist gəlib-getsə də, həmin ənənələr qorunub. 20 il əvvəlin “Futbol+”ində ən çox sevdiyim sözlərdən biri də “səviyyə fərqi” idi. Hansısa oyundan bəhs edən reportajda, məsələn, belə qeyd olunurdu: “səviyyə fərqi üzə çıxdı”, “bu hesab səviyyə fərqinin göstəricisi idi”...
“Qarabağ”ın Azərbaycan premyer-liqasında və ölkə kubokunda sərgilədiyi oyun, qazandığı nəticələr mənə o günləri xatırladır. “Köhlən atlar” az qala hər oyunda bu fərqi ortaya qoyur. Bir az kobud səslənsə də, bunu qeyd etməliyəm: Qurban Qurbanovun komandası rəqiblərinə yerini göstərir. Heç kim bundan inciməsin. Çempionatda “Qarabağ”ın əsas rəqibi sayılan “Neftçi”nin baş məşqçisi Samir Abasov hələ neçə tur əvvəl etiraf etmişdi ki, “Qarabağ”ın çempion olacağıyla barışıblar. Bunu deyən sıradan komandanın sıradan çalışdırıcısı deyil. “Neftçi” hazırkı şəraitdə Azərbaycan futbolunun güclülərindəndi. Amma bu gücüylə belə, “ağ-qaralar” “Qarabağ”dan xeyli geridədi. Hələ mən başqalarını demirəm. Bakıdan Şamaxıya köçürülən komandanın “Qarabağ”la oyunda hansı aqibəti yaşadığını hamımız gördük. Sənan Qurbanovun istefasıyla nəticələnən qarşılaşmada moldovalı qapıçısı Stanislav Namaşko 8 dəfə topu qorumağa çalışdığı qapıdan çıxarmalı oldu. Özü də bu adam ölkəsinin milli komandasının qapıçısıdı. Düzdü, buraxılan qollara görə təkcə Namaşkonu günahlandırmaq düzgün olmazdı. Di gəl ki, istənilən halda buraxılan qollar həm də qapıçının passivinə yazılan göstəricidi.
“Qəbələ” çempionatımızın autsayderi sayılmaz. “Qırmızı-qaralar” uzun müddət liderlər qrupunda yer alıb. İndi də bölgə təmsilçisi avrokuboklarda Azərbaycanı təmsil etmək şansını qoruyur. Hamımız gördük ki, “Qəbələ” “Qarabağ”la oyunlarda hansı aqibətlə üzləşdi. Təxminən bir həftə ərzində bu komandalar üç dəfə qarşılaşdı. Və bu görüşlərin heç birində “Qarabağ” rəqibinə şans vermədi. Ölkə kubokunun yarımfinalı çərçivəsində Qəbələdə baş tutan ilk matçda “köhlən atlar” 3:1 hesablı qələbəyə sevindi. Qəbələdə qalıb, premyer-liqanın 24-cü turu çərçivəsindəki görüşə hazırlaşan Ağdam təmsilçisi həmin oyunun da taleyini ilk 14 dəqiqədə həll etdi və növbəti çempionluğa doğru əhəmiyyətli addım atdı. Düşünmək olardı ki, bir həftə ərzində eyni rəqiblə üçüncü dəfə qarşılaşan “Qarabağ” “Azərsun Arena”dakı görüşə rahat çıxacaq, cütün taleyini ilk görüşdə həll etdiyindən meydanda elə də böyük enerji sərf etməyəcək. Bəlkə də “Qarabağ” “Qəbələ” ilə dünənki görüşdə özünü çox da əziyyətə salmadı, gücünə qənaət etdi. Amma hesab heç də bundan xəbər vermir. Komandalar fasiləyə meydan sahiblərinin 4:0 hesablı üstünlüyü ilə yollanmışdı. Yekun nəticəni isə hamımız bilirik – 5:0. Bunun adı səviyyə fərqi deyil, bəs nədi? 22-ci turda “Qarabağ” “Sumqayıt”ı 3:0 məğlub edib. Ondan əvvəl isə “Səbail”in qapısına 5 top vurulub. Qurban Qurbanovun işi çox çətindi. Bu boyda səviyyə fərqi fonunda komandanı motivasiya etmək, kökdən düşməyə qoymamaq, əmin addımlarla layiqli çempionluğa doğru yürümək hər mütəxəssisin bacaracağı iş deyil. Ümid edək ki, bu böyük uğurun davamı avrokuboklarda gələcək. “Qarabağ” bu yüksək səviyyəsinin, saat mexanizmi kimi işləyən vahid komandanın gücü sayəsində yenidən azərbaycanlı azarkeşlərə Çempionlar Liqasının qrup mərhələsinin həzzini yaşadacaq. Bəli, Çempionlar Liqasının qrup mərhələsi premyer-liqamızdan da, ümumi Azərbaycan futbolundan da qat-qat üstündü. Biz taleyimizlə barışmışıq. Yaxşı ki, “Qarabağ”ın döyüşçü ruhu möcüzələrə imza atmağa imkan verir.
AMAL
Səviyyə fərqi deyilsə, bəs nədi?! - KÖŞƏ
Yazarlar